Ötən ilin əvvəlindən başlayan islahat dalğası bütövlükdə cəmiyyəti əhatə etməyə kifayət etdi. İlin ortasında başlayan sosial və kadr islahatları, 4 milyona yaxın şəxsin maddi vəziyyətinin yaxşılaşması, eyni zamanda büdcəyə yük kimi qalmaqda davam edən oxşar nazirliklərin birləşdirilməsi bu islahatlara daxil idi.
Dövlət başçısı ilə xalqın birliyi sayəsində formalaşan güc Prezidentə imkan verdi ki, sonrakı dönəmdə islahatlarla ayaqlaşa bilməyən Milli Məclisi buraxsın və islahatlarla ayaqlaşa bilən yeni parlament formalaşdırılsın.
Növbədənkənar parlament seçkiləri keçirildi. Seçkilər rayonlarda icra hakimiyyətlərinin əksəriyyətinin islahatlarla ayaqlaşa bilmədiyini, köhnə qaydalarda ilişib qaldıqlarını üzə çıxardı. Bu isə seçkidən sonra rayon icra hakimiyyətləri sistemində islahatların, icra sisteminin bütövlükdə ASAN-laşdırılmasının zəruriliyini bir daha ortaya çıxarmış oldu.
AMİP-in sədr əvəzi Arzuxan Əlizadə isə bildirdi ki, parlament seçkiləri ölkədə ciddi islahatlara start verilməsi barədə ən yüksək səviyyədə səslənən fikirlərin, hakimiyyət komandasında bilavasitə əvvəlki seçkilərin keçirilməsində adları mənfi mənada hallanan hakimiyyət mənsublarının görəvdən alınması və bir sıra sahələr üzrə müsbətə doğru bəzi addımların atılması fonunda elan olundu ki, bu da cəmiyyətin siyasiləşmiş kəsimini bu seçkilərin əvvəlkilərdən fərqli olaraq daha demokratik ortamda keçiriləcəyinə ümidləndirdi: "Nəticədə bu sadalananlar səbəbi ilə seçkilərə əvvəlkilərdən fərqli olaraq daha çox şəxs qatıldı və namizədliklərin qeydiyyata alınması prosesində əvvəlkilərdən fərqli olaraq bəzi istisnalarla daha az maneələrin yaradılması insanlarda seçkilərin bütövlükdə daha demokratik keçiriləcəyinə inam yaratdı. Yalnız yerlərdə bir sıra namizədlərə imzaların toplanmasında və namizədliklərinin qeydiyyata alınmasında bəzi müdaxilə halları oldu ki, çoxları bu pozuntu və müdaxilələri daha çox yerli icra strukturlarının ayağına yazdılar. Bir çox rayonlarda icra hakimiyyəti başçılarının seçkiyə müdaxiləsi barədə xəbərlər isə seçki günü daha çox oldu. İlk dəfə olaraq seçki məntəqələrində baş vermiş ciddi qanun pozuntularının videogörüntülərinin kütləvi şəkildə çəkilərək sosial şəbəkələrdə yayılması ictimai rəydə seçkilərə mənfi münasibətin formalaşdırılmasında əhəmiyyətli rol oynadı. Yalnız bütövlükdə seçkilərin nəticələrini ləğv edərək yeni parlament seçkiləri keçiriləcəyini elan etməklə ictimai fikirdə dəyişikliyə nail olmaq olar ki, bu da hazırkı vəziyyətdə imkansız görünür. Lakin yaranmış vəziyyətdən çıxış yolları da yox deyil. Bunun üçün hesab edirəm ki, ilk növbədə heç olmazsa daha çox qanun pozuntularının olduğu danılmaz faktlarla sübuta yetirilən və daha çox qıcıq doğuran seçki dairələrinin nəticələri ləğv olunmalı və həmin seçki dairələrində yaxın müddət ərzində təkrar seçkilər keçirilməsi barədə qərar verilməlidir. Rayon icra hakimiyyətləri sistemində çox ciddi islahatlar aparılmalıdır. Növbəti addım olaraq, hazırkı seçkilər nəticəsində formalaşmış parlament keçid parlamenti elan olunmalı, ardınca proporsional seçki sisteminin bərpasını və seçki komissiyalarının fərqli formatda yenidən təşkili də daxil olmaqla, mövcud seçki qanunvericiliyində ciddi dəyişiklikləri nəzərdə tutan referendumun keçirilməsi barədə siyasi qərar verilməlidir. Referenduma çıxarılacaq məsələlərlə bağlı geniş ictimai müzakirələrə start verilməli, ən geci cari ilin sonunadək referendum, referendumdan dərhal sonra isə yeni qanunvericilik əsasında yeni parlament seçkiləri keçirilməlidir.
Təklif etdiyimiz dəyişikliklər heç bir halda Prezident hakimiyyətinə təhlükə yaratmır. Əksinə, hesab edirəm ki, bu addımları atmaqla mövcud iqtidar elan olunmuş islahatların davamlı olacağına insanlarda bir əminlik yaradar və özünə əlavə divident qazanar. Bu addımlar xalqda seçkiyə inamı da yüksəldər".
"Yeni Müsavat”