Rəsulzadə birliyin və bütövlüyün təcəssümü olmalıdır

Birgə bayram mitinqi əvəzinə bir-birinə gövdə nümayişi...

Azərbaycanın müxalifət partiyalarının əksəriyyəti 28 May Respublika Gününü ənənəvi olaraq Novxanıda Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram mitinqləri keçirməklə qeyd etdi. Ona görə "mitinqləri” yazdıq ki, mayın 28-də Rəsulzadənin abidəsi önündə bir yox, 3-4 mitinq-tədbir keçirildi. Müxalifət partiyaları bu dəfə bayramı ayrı-ayrılıqda qeyd etdilər.

Meydana birinci daxil olan özündən sonrakını xeyli vaxt küçədə saxlamaqdaydı, bir-birinə sanki gövdə nümayiş etdirməkdəydilər. Güclərini bir yerə qoyub hakimiyyətə qarşı mübarizəyə sərf etməli olan partiyalar böyük Məhəmməd Əmin Rəsulzadənin ruhuna hörmət naminə belə, yenə bir araya gələ bilmədilər. Novxanıda 28 may müxalifətin iç yarışına çevrilir...

AMİP Siyasi Şura üzvü Əli Orucov bildirdi ki, 28 May Respublika günü Novxanıda müxalifət partiyalarının ayrı-ayrılıqda bayram tədbirləri keçirməsi güc nümayişi deyil, əksinə, pərakəndəlik, dağınıqlıq və ideologiyasızlığın göstəricisidir: "Bu gün heç bir müxalifət partiyasının əzələsi yoxdur ki, onu da kiməsə göstərib meydan oxusunlar. Bu həm də onu bir daha sübut etdi ki, özlərini Rəsulzadənin davamçıları və ideoloji rəhbərləri saymaları barədə dedikləri də səmimi və ciddi deyil.

O partiyalar çalışmalı idilər ki, heç olmasa bir neçə saat dahi şəxsiyyətin abidəsini daha təmtəraqlı, daha kütləvi, daha izdihamlı ziyarət etməklə Rəsulzadənin doğrudan da hər kəsi, hər bir siyasi qüvvəni bir araya gətirə biləcək ümummilli lider olduğunu bir daha sübut etsinlər. Məncə, bu cür pərakəndəliklə, bu cür sönük tədbirlər keçirməklə cəmiyyətə müsbət impulslar ötürülmür. Hesab edirəm ki, Rəsulzadə birliyin və bütövlüyün təcəssümü olmalıdır".

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, bir tərəfdən yanaşanda müxalifət partiyalarının 28 May Respublika Günü tədbirlərini ayrı-ayrılıqda qeyd etməsi müsbətdir. Başqa bir tərəfdən yanaşdıqda isə yaxşı görünmür: "Bütün müxalifət bir yerdə gedib Novxanıda Rəsulzadənin abidəsi önündə bir saatlıq tədbir keçirib dağılışardı. Amma müxalifətin ayrı-ayrılıqda abidə qarşısında tədbirlər keçirməsi nəticəsində mayın 28-də demək olar ki, səhərdən axşama qədər bayram tədbirləri keçirilmiş olur. Bütün gün ərzində həmin meydanda tədbirlərin bir-birini əvəzləməsi bu baxımdan gözəl bir mənzərə ortaya çıxarır. Amma müxalifət partiyalarının bir-birini qəbul etməyərək, bir-birinə güc göstərmək düşüncəsi ilə hərəkət edib bir araya gəlməməsi yanlışdır və yaxşı mənzərə yaratmır. İstiqlal günü bu böyük günün əhəmiyyətini, Rəsulzadənin-Demokratik Cümhuriyyəti yaradanların rolunu nümayiş etdirmək məqsədi güdür, öz gövdəsini nümayiş elətdirmək məqsədi daşımır, daşımamalıdır. Kimlər ki, bu əziz bayramda da yalnız öz qrup maraqlarını nümayiş etdirir, başqalarına gövdə nümayiş etdirir, onlar istiqlalçı deyil”.

Müsavat Divanının üzvü, keçmiş deputat İkram İsrafil isə bildirdi ki, 28 may ümummilli bayram günüdür. Müsavat Partiyası da Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndində onun abidəsi önündə hər il bayram mitinqi keçirir, doğmalarının qəbirlərini ziyarət edir. Müsavat bu tədbirdə kimə və kimlərəsə gücünü nümayiş etdirmir və buna ehtiyac duymur: "Eyni zamanda düşünürsünüzsə ki, kimlərəsə gücünü nümayiş etdirmək istəyib, bunun da olması qəbahət sayılmamalıdır. Amma mənim arzuladığım və görmək istədiyim 28 may tədbiri aşağıdakı kimidir. Azadlıq meydanında Rəsulzadənin abidəsi. İqtidar Partiyası ilə yanaşı müxalifət partiyaları, ictimai təşkilatların təmsilçiləri, ictimaiyyətin nümayəndələri və sair. O abidənin önündə hesabat xarakterli çıxışlar olsun, vəssalam.

Bax onda kimsə, gücünü, bayrağının sayını, səsinin gücünü nümayiş etdirmək fikrinə düşməyəcək. Orada bir bayraq olacaq, bir də xalq".