“Siz gənclər gələcəyin siyasətçilərisiniz"

"Azərbaycan beynəlxalq arenada böyük etibar qazanıb”. Simsar.az-ın məlumatına görə, bunu Gənclər siyasəti üzrə I Qlobal Forumda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu müddətdə beynəlxalq hüququ müdafiə edib: "Bu gün Yaxın Şərqdə, Şərqi Avropada və dünyanın digər hissələrində faciəli hadisələr, dəyişikliklər görürük. Ona görə də dünya ictimaiyyəti terrorizmə, separatizmə qarşı birgə mübarizə aparmalı, ədalətli mövqe ortaya qoyulmalıdır”.

Dünyanın Azərbaycanı regionda sabitlik faktoru kimi qəbul etdiyini söyləyən dövlət başçısının sözlərinə görə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə bir çox layihələr həyata keçirilir: "Sabitlik olmadan inkişaf mümkün deyil. Biz təcrid olunmuş adada yaşamırıq, qonşularımız var. Regional təhlükəsizliyə, əməkdaşlığa bu baxımdan yanaşırıq. Birgə əməkdaşlıq nəticəsində biz maksimum uğurlar qazanmısıq. Enerji resursları ilə bağlı layihələr üzrə tərəfdaşlıqdan hər kəs qazanıb. Azərbaycan müstəqillik qazanan dövrdə iqtisadiyyat çökmüşdü, torpaqlarımız işğal olunurdu. Ötən dövr ərzində iqtisadi islahatlar həyata keçirilib, iqtisadi inkişafa, sabitliyə nail olunub. İqtisadi uğurlar ölkəmizin iqtisadi və siyasi müstəqilliyini təmin etməyə imkan verib. Bir çox ölkələr iqtisadi baxımdan asılı olduqları üçün siyasi baxımdan da asılıdırlar”.

Dövlət başçısı populist vədlər verən siyasətçilərin xalqları üçün problem yaratdığını vurğulayıb: "Siz gənclər gələcəyin siyasətçilərisiniz. Seçkilərdə siyasətçilər müxtəlif vədlər verir, maaşları, pensiyaları artıracaqlarını bildirirlər. Seçiləndə isə bu vədləri yerinə yetirməlidirlər. Vədləri yerinə yetirmək üçün beynəlxalq maliyyə təşkilatlarından maliyyə alırlar. Bu borc isə ölkələri ağır duruma salır, nəticədə iş yerlərinin, pensiyaların, maaşların azaldılmasına gətirib çıxarır. Ona görə də siyasətçilər reallıqdan çıxış etməlidirlər. Bu halda investorları ölkəyə cəlb etmək olar”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda islahatların həyata keçirilməsi davam etdirilir: "Azərbaycan iqtisadiyyatının dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatları sırasındadır. Ölkədə işsizliyin səviyyəsinin minimuma endirilməsinə nail olunub. Azərbaycan iqtisadiyyatı dayanıqlıdır. Gənclər Forumunun iştirakçıları Azərbaycan barədə daha çox məlumat əldə etmək imkanı qazanacaqlar. Azərbaycan gənc, dinamik inkişaf edən ölkədir. Gənclər isə cəmiyyətin dinamik, hərəkətverici qismidir”.