Sülhün dayanıqlı olması üçün yalnız siyasi razılaşmalar kifayət deyil

Qlobal miqyasda artan geosiyasi gərginliklərin, münaqişələrin genişləndiyi və beynəlxalq təhlükəsizlik sisteminin həssaslaşdığı bir dövrdə çoxtərəfli əməkdaşlıq platformalarının rolu daha da aktuallaşır. Bu baxımdan BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası kimi qurumların fəaliyyəti yalnız iqtisadi və sosial inkişafın təşviqi ilə məhdudlaşmır, eyni zamanda regional sabitliyin və qarşılıqlı etimad mühitinin formalaşmasına da töhfə verir.

Bu kontekstdə Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində yer alan mesajlarda suverenlik və ərazi bütövlüyünün təmin olunması xüsusilə paralel olaraq regionda yeni əməkdaşlıq modelinin formalaşdırılması prioritet istiqamət kimi çıxış edir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, postmünaqişə mərhələsində bu strategiyanın real təsir gücü bir neçə mühüm amildən asılıdır. Birincisi, daxili reinteqrasiya və bərpa proseslərinin effektivliyidir. Keçmiş münaqişə zonalarında sosial, iqtisadi və infrastruktur inteqrasiyasının sürətli və dayanıqlı şəkildə həyata keçirilməsi dövlətin ümumi sabitlik göstəricisini gücləndirir və xarici aktorlar üçün də proqnozlaşdırıla bilən mühit yaradır. İkincisi, bu daxili sabitlik regional diplomatiyada daha güclü mövqe formalaşdırır və çoxtərəfli platformalarda daha aktiv iştirak imkanı verir.

Çoxtərəfli əməkdaşlıq platformalarının, xüsusilə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası kimi qurumların rolu bu kontekstdə sabitlik amili kimi çıxış edir. Bu strukturlar yalnız iqtisadi layihələri deyil, həm də etimad quruculuğunu dəstəkləyən mexanizmləri formalaşdırır. Bu isə Cənubi Qafqaz kimi həssas regionlarda birbaşa hərbi-siyasi qarşıdurma riskini azaldan dolayı təsir yaradır.

Ekspert əlavə edib ki, Azərbaycan–Ermənistan münasibətlərində normallaşma istiqamətində atılan addımlar regionun transformasiya potensialını artırır: “Lakin bu proses hələ tam konsolidasiya olunmayıb. Sülhün dayanıqlı olması üçün yalnız siyasi razılaşmalar kifayət deyil. Qarşılıqlı iqtisadi münasibətlər, kommunikasiya xətlərinin açılması və institusional etimad mexanizmlərinin formalaşdırılması vacibdir. Bu elementlər paralel inkişaf edərsə, Cənubi Qafqazda davamlı inkişaf modelindən danışmaq mümkün olacaq. Mina təhlükəsi isə bu modelin ən ciddi humanitar və praktiki maneələrindən biridir. Mina və partlamamış hərbi sursatlar yalnız insan həyatına təhlükə yaratmır, eyni zamanda, iqtisadi reinteqrasiyanı ləngidir. Kənd təsərrüfatı torpaqlarının istifadəsi, infrastruktur layihələri və məcburi köçkünlərin geri qayıdışı kimi proseslər mina təhlükəsi səbəbindən ya gecikir, ya da daha yüksək xərclərlə həyata keçirilir. Bu baxımdan, humanitar minatəmizləmə fəaliyyəti sülh prosesinin texniki təməli kimi çıxış edir”.

Rəşad Bayramov qeyd edib ki, mina probleminin sistemli şəkildə həlli yalnız təhlükəsizlik göstəricilərini artırmır, həm də etimad mühitini gücləndirir. Çünki münaqişədən sonra ən vacib məsələ yalnız siyasi razılaşma deyil, gündəlik həyatın təhlükəsizliyinin təmin olunmasıdır. Bu təminat olmadan uzunmüddətli sülh sosial səviyyədə kövrək qalır.

Sonda politoloq vurğulayıb ki, Azərbaycanın postmünaqişə strategiyası Cənubi Qafqazda dayanıqlı sülh modelinin formalaşması üçün real zəmin yaradır. Lakin bu modelin davamlılığı həm də Ermənistanın davranışlarından və üzərinə götürdüyü öhdəlikləri hansı səviyyədə icra etməsindən birbaşa asılıdır.