Tarixçilər reaksiya verib ortaya faktlar qoydular

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin öz ölkəsinin mətbuatında Qaregin Njdeni müdafiə edən yazı ilə çıxış etməsi Ermənistanda və Rusiyada yaşayan erməniləri tamamilə anti-Rusiya ovqatına kökləyib. Ermənistan mətbuatında Rusiyanı tənqid edən materiallar çoxalıb. Həmçinin, erməni KİV-i Rusiyada nəşr olunan bu qəbildən olan materialları aktiv tirajlayır.

Moskvada yaşayan erməni əsilli Dallakyan soyadlı bir siyasi şərhçinin mövqeyi və ona verilən reaksiyaları bu qəbildən saymaq olar. Müəllif Çar Rusiyasını, SSRİ-ni, RSFSR-i və indiki Rusiya Federasiyasını "erməni soyqırımı”nda Türkiyə ilə bərabər iştirak etdiyini və ermənilərin Anadoludan, Mesapotomiyadan dünyanın dörd bir yerinə dağılmasında Rusiya-Türkiyə tandemini xüsusi əsəbi tonla qeyd edib: "Etiraf etmək lazımdır ki, erməni soyqırımının 1915-1917-ci illərlə və Türkiyə Ermənistanı ilə məhdudlaşdırılması düzgün deyil. 1917-1923-cü illərdə ermənilər və erməni dövlətçiliyi üçün ölümcül hadisələr təkcə Osmanlı imperiyasında deyil, Rusiya imperiyasında da baş verib”.

Göründüyü kimi, ermənilərin üzləşdiyi "Njde məğlubiyyəti” onları Türkiyə ilə yanaşı, Rusiyanı da özlərinə qarşı "soyqırım” törətməkdə ittiham etməyə vadar edir. Bununla ermənilər nəyə nail olmaq istəyirlər?

"Rusiya bilir ki, istənilən vaxt Ermənistanın başına bir qapaz vurub onu yerində oturtmaq gücünə sahibdir”

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev "Bakı-Xəbər”ə bildirdi ki, bu addımları ənənəvi erməni taktikası saymaq olar: "Bunun da mahiyyəti ondan ibarətdir ki, şantajla, böhtan atmaqla istədiyini əldə edəsən. Azərbaycanın gündəmə gətirdiyi bu məsələdə ermənilərin yayınmağa yeri olmadı. İstədilər ki, Njdeni tamamilə başqa rakursdan təqdim etsinlər, amma onun faşist mahiyyətini pərdələyə bilmədilər. Sonra erməni KİV-ində silsilə yazılar getdi ki, guya Rusiya ilə Türkiyə bu məsələni məqsədli şəkildə ortaya atıblar, məqsədləri də diqqəti "Qars müqaviləsi”ndən yayındırmaqdır. Müqavilənin 100 ilinin tamam olmasını əsas gətirib qeyd edirlər ki, guya şərtlərə görə, razılaşmaya yenidən baxılmalıdır. Tarixçilər reaksiya verib ortaya faktlar qoydular ki, hətta müqaviliyə yenidən baxılsa belə, bundan Ermənistan üçün heç bir mənfəət ola bilməz. Həmin tezisin özünü doğrultmadığını görüb indi də başlayıblar saxta "soyqırım” iddialarını işə salmağa. Heç Türkiyəyə olan ittihamları sübuta yetirməmiş, indi də Rusiyanın onlara "soyqırım” etdiyini ortaya atırlar. Tarix boyu Rusiya onlara sahiblik edib, onları indi yaşadıqları yerə yerləşdirib, dövlət olmasında müstəsna xidmətləri olub. Təbii ki, ermənilər üçün belə amillər keçərli deyil. Onlar istənilən vaxt başlarını sığallayanlara da qarşı çevrilə bilirlər. Ümumiyyətlə, ermənilərə qarşı "soyqırım” iddialarının əsası olmadığı üçün, həmin əmələ görə neçə ölkənin adının hallandırılması da tam əsassızdır. Belə vasitələrlə onlar Rusiyanın mövqeyini yumşaltmaq istəyirlər. Amma xeyri yoxdur. Çünki Rusiya bilir ki, istənilən vaxt Ermənistanın başına bir qapaz vurub onu yerində oturtmaq gücünə sahibdir”.