ABŞ Konqresi Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı dövlətində baş vermiş hadisələrlə bağlı qətnamə qəbul etməsi ikili standartların bariz nümunəsidir. Tarixi faktları təhrif edən belə bir qərarın qəbul edilməsi, şübhəsiz, ABŞ kimi qüdrətli dövlətin nüfuzuna xələl qətirəcək və Ermənistanla Türkiyə arasında gələcəkdə aparıla biləcək hər hansı dialoqa zərbə vuracaq.
Təəssüfləndirici məqam həm də ondan ibarətdir ki, qondarma "erməni soyqırımı” ilə bağlı qətnaməyə ABŞ-dakı 2 yəhudi təşkilatı da yardım edib. İlk dəfə olaraq Birləşmiş Ştatlardakı yəhudi diasporunun iki ən nüfuzlu təşkilatı - Amerika Yəhudi Komitəsi (American Jewish Joint Distribution Committee, JDS) və Antidiffamasiya Liqası (Anti-Defamation League, ADL) qətnamənin Konqresdə qəbul olunmasına dəstək verib. Amerikada yəhudi lobbisi erməni lobbisindən güclüdür. Keçmiş illər olsaydı, yəhudi lobbisi Türkiyə əleyhinə olan qətnamənin qəbuluna imkan verməzdi. Ancaq son illər Türkiyə ilə İsrail arasındakı münasibətlər gərginləşib. Ona görə də yəhudi lobbisi erməni lobbisinin Türkiyə əleyhinə fəaliyyətinə mane olmur, bəzi hallarda isə dəstək verir. Ancaq bütün bunlar əsas vermir ki, yəhudi lobbisi qondarma "soyqırım” barədə qərarın qəbul edilməsinə dəstək versin. Məsələ ondadır ki, tarixdə bir neçə dəfə türklər yəhudiləri xilas ediblər. Bununla belə, ermənilər dəfələrlə yəhudilərin məhv edilməsində fəal rol oynayıblar. Məsələn, 1918-ci ildə ermənilər Qubada 3 min nəfər dağ yəhudisini qətlə yetirdilər. O vaxt türklərin köməyi olmasaydı, daha çox yəhudi ermənilər tərəfindən məhv edilərdi.
Almaniyada faşist diktaturası qurulandan sonra bir çox yəhudi Türkiyəyə sığındı. İkinci Dünya Müharibəsi zamanı Vermaxtın tərkibində 20 min nəfərlik erməni legionu yəhudilərin qətlə yetirilməsində xüsusi fəallıq göstərirdi. Erməni legionu həbs düşərgələrində ölüm marşları təşkil edib. Bununla yanaşı, Adolf Hitlerin təbliğat-təşviqat naziri Yozef Göbbelsin nəzarəti altında sırf ermənilərdən təşkil olunmuş rus, erməni, fransız və alman dillərini bilən radio təbliğatçıları fəaliyyət göstərirdilər. Həmin ermənilər III Reyxin digər xalqlara təbliğat materiallarını ötürməkdə müstəsna xidmətlər göstərirdilər.
Bununla yanaşı, 1936-cı ildə Almaniyada nəşr olunan "Hayrenik" adlı erməni qəzetində diqqətçəkən məqamlardan biri də qəzetin yəhudilərə qarşı açıq-aşkar nifrət, iqri ayrı-seçkiliyi əks etdirən çağırışları təbliğ etməsidir. "Hayrenik" qəzeti o zamankı sayında yazırdı: "Yəhudilər fanatik milliyyətçiliyin və irqçiliyin törəmələridirlər. Bu zəhərli ünsürləri xroniki xəstəliklər kimi kök saldıqları yerdən təmizləmək bəzən çətin olur. Ancaq onların məhv edilməsinə ehtiyac olduğu zaman, bu cür addımın atılması düzgün sayılmalıdır. Cərrahiyyə əməliyyatı zamanı qanın axması təbiidir”.
10 may 1935-ci ildə "Hayrenik" qəzeti Rumıniyanın paytaxtı Buxarest şəhərində bələdiyyə rəhbərinin irqçi və antisemitizm mahiyyəti daşıyan çıxışını böyük fəxrlə dərc edir. Buxarest şəhərinin bələdiyyə rəhbəri erməni qəzetinin nəşr etdiyi həmin çıxışında deyirdi ki, "ermənilər bizə, yəni rumınlara yəhudilərin köləsi olmamağımız üçün böyük kömək etdilər”.
Digər tərəfdən, 1947-ci ildə İsrail dövləti yarananda onu ilk tanıyan, bu dövlətlə geniş əlaqələr quran müsəlman ölkəsi məhz Türkiyə olub. Buna görə Türkiyə uzun illər ərəb dövlətlərinin təzyiqləri ilə üzləşib. Bütün bunları nəzərə almadan yəhudi lobbisinin qondarma "erməni soyqırımı” barədə Nümayəndələr Palatasının qərarına dəstək verməsi təəssüf doğurur.
"İki yəhudi təşkilatının qondarma "genosid”ə dəstək verməsi utancverici haldır”
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər”lə bölüşən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, iki yəhudi təşkilatının Türkiyəyə münasibətdə sərgilədiyi belə mövqe ədalətsiz yanaşmadır: "Düzdür, neçə illərdir Türkiyə ilə İsrail dövləti arasında müəyyən fikir ayrılıqları səbəbindən münasibətlər gərgindir. Ancaq onu da nəzərə almaq lazımdır ki, dövlətlər arasında münasibətlərin gərgin olması daimi olmur. Bəlli bir dövrdən sonra siyasi münasibətlər düzəlir. O baxımdan heç şübhə etmirəm ki, Türkiyə-İsrail münasibətləri də daim gərgin olmayacaq. Bununla belə, Türkiyə zaman-zaman yəhudilərin qorunmasında rol oynayıb. 20-ci əsrdə 2 dəfə dünya müharibəsi baş verib. Həmin müharibələr zamanı yəhudilər olmazın məşəqqətlərlə üzləşiblər. Xüsusən də 2-ci Dünya Müharibəsində. O zaman Türkiyə müharibəyə qatılmayaraq neytral mövqe tutdu. Məhz həmin dövrdə bir sıra yəhudilər faşistlərin onlara yönəlik soyqırımından xilas olmaq üçün Türkiyəyə sığındılar. Ermənilər o zaman faşistlərlə əlbir olaraq yəhudilərin qətlə yetirilməsində xüsusi fəallıq göstərirdilər. Bütün bunlar tarixdir. O üzdən, iki yəhudi təşkilatının qondarma "genosid”ə dəstək verməsi utancverici haldır”.