“Ukrayna Azərbaycanlıları Radası” yaradılır


Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Kiyevdə toplantısı keçirilib. Görüşdə Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətinin birləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə "Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması ilə bağlı müzakirələr aparılıb.
Təşkilat rəhbərləri, diaspor fəalları, ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli deyib ki, toplantının məqsədi "Ukrayna Azərbaycanlıları Radası”nı yaratmaq və təşkilatların birgə fəaliyyətinin təmin etmək üçün razılığın əldə olunmasıdır. Ukraynada Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrupun artıq bu istiqamətdə işlərini yekunlaşdırdığını bildirən D.Rəcəbli bugünkü toplantının nəticəsinə uyğun olaraq yaxın vaxtlarda "Ukrayna Azərbaycanlıları Radası”nın təsis qurultayının keçiriləcəyini vuğrulayıb.
Tədbirdə iştirak edən Ukraynada prezidentliyə namizəd Roman Nəsirov bu ölkədəki Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyətə razılıq verməsinin təqdirəlayiq olduğunu deyib və bu istiqamətdə hər kəsə uğurlar arzulayib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev təşkilatların birgə fəaliyyətinin vacibliyini xüsusi vurğulayaraq bildirib ki, ümumrespublika tədbirlərinin birgə keçirilməsi, daha səmərəli və faydalı nəticələr verə bilər.
Daha sonra Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin çıxış edərək diaspor təşkilatlarının birgə və koordinasiyalı fəaliyyətinin zəruriliyini qeyd ediblər. Təşkilatların bir çətir altında birləşməsi Ukraynadakı Azərbaycan diasporunun inkişaf etməsi, daha səmərəli mexanizmlərin işlənib hazırlanması, diasporumuzun əsas istiqamətlərinin inkişafında ümumi mövqeyin formalaşması və digər aspektlərdən əhəmiyyəti vurğulanıb.
Toplantıda çıxış edən Ukrayna Respublikasının xalq artisti Qurban Abbasov iştirakçıların diqqətini Azərbaycan mədəniyyətinin təbliğinə yönəldərək, bu sahədə də birgə fəaliyyətin səmərəli olacağını deyib.

İclasın yekununda iştirakçılar "Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması və yaxın vaxtlarda təsis qurultayının keçirilməsi barədə razılığa gəlib. Sonra Ukraynada Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrupun üzvü, hüquqşünas Eduard Bağırov "Ukrayna Azərbaycanlıları Radası”nın nizamnaməsini və üzv təşkilatlar arasında imzalanacaq memorandumun mətninin son variantını iştirakçıların diqqətinə təqdim edib. Müzakirələrdən sonra iştirakçılar qeyd edilən əlavə və dəyişikliklərlə bu sənədlərin qəbul edilməsini məqsədəuyğun hesab ediblər.
Müzakirələrdən sonra tədbir bədii hissə ilə davam edib.
Xatırladaq ki, Ukraynada fəaliyyət göstərən və aralarında uzun müddət fikir ayrılıqları müşahidə olunan diaspor təşkilatları, Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin bu ölkəyə 17-19 iyul 2018-ci il tarixdə səfəri zamanı, birgə fəaliyyət barədə qərar qəbul ediblər.