Utanmasan oynamağa nə var?!

Həyat məhv olmaq üzrədi. Küçəyə çıxıram, insanların üzünə baxanda yadıma ölümdən başqa heç nə düşmür. Hər tərəf sükuta – ölüm sükutuna qərq olmuşdur. Marşrutda gedən insanlar da piyada yol gedənlər də, hansısa da oturacaqda əyləşib dərin fikrə qərq olanlar da, – bir sözlə hamının sifətinə bir ölüm rəngi çökmüşdür. Hamı sanki ölməyə gedir.

Yurdumun insanlarının əlindən nəşəni alan nədir belə? Onların gələcəyə inamı itirmişdir. Əgər bir vaxt 1000 manata – indiki 20 qəpiyə on kilo ət ala bilərdilərsə, bu gün ətin kilosu on manatadır. Yəni 50 dəfə qiymətdən düşmüşdür.

Bir zaman insanlar özlərinə ev almaq və ya tikdirmək imkanına malik idilər. Bu gün (qanımızı soran zəlilər müstəsna olmaqla) müəllim, həkim, mühəndis, fəhlə aldığı əmək haqqı ilə ömrü boyu yeməsə, içməsə, geyiminə xərcləməsə özünə ev ala bilməz. Ev almaq imkanı yoxdursa deməli ailə qura bilməz. Ailə qura bilməzsə deməli gələcəyimiz yoxdur.

İyirmi ildən çoxdu torpaqlarımız işğal altındadır. İyirmi ildən çoxdur babalarımızın ruhu narahatdır. Sərvətlərimiz düşmənlərimizin havadarlarına paylanır. Zavod, fabriklərimiz dağıdılmış, başqa ölkələrin vətəndaşları ölkəmizdə sərvət sahibi – ağadırlar, Azərbaycan vətəndaşları onların qullarına çevrilmişlər. Təhsil, səhiyyə məhv edilmişdir, ordu yadellilərin əlindədir, ərzağımız şəkər, xərçəng və digər təhlükəli viruslarla dəyişdirilmiş, İrana, Türkiyəyə müalicəyə gedən, yaxud xaricə getmək imkanı olmayan, səriştəsiz "həkimlərimiz”in əlində dünyasını dəyişən insanların şahidiyik. Belə vəziyyətdə telekanallara çıxıb "inkişafımızdan” dəm vuranların həyasızlığını görəndə adamın yadına bu el məsəli düşür:

Utanmasan oynamağa nə var?!