Yeni Azərbaycan Partiyasının əlaqələri belə bizim mövcud əlaqələrimiz qədər geniş deyil

Beynəlxalq əlaqələri olan partiyalar - “Hətta YAP-ın əlaqələri bizimki qədər deyil”

Azərbaycanda Ədliyyə Nazirliyindən rəsmi qeydiyyatdan keçmiş 62 siyasi partiya fəaliyyət göstərir.

Rəsmi qeydiyyatda olan siyasi partiyalardan hansının beynəlxalq əlaqələri var?

Modern.az saytının əməkdaşı bununla bağlı bir neçə siyasi partiyaya sual ünvanlayıb.


Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının sözlərinə görə, təşkilatın 30 ölkə ilə sıx əlaqəsi var:


“Müsavat Partiyası Avropada ən böyük Partiyalar İttifaqı olan Liberal Demokrat İttifaqı Partiyası ilə müttəfiqdir. Həmin partiyada 30 ölkədən 75 partiya birləşir. Müsavat Partiyasının da həmin beynəlxalq partiyalarla əlaqəsi var”.


Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirib ki, qurumun dünyanın 153 ölkəsi ilə işgüzar əlaqəsi var:


“Azərbaycan Kommunist Partiyası 1994-cü ilin dekabr ayından bu günə qədər Beynəlxalq Kommunist Təşkilatı Siyasi Şurasının üzvüdür. Keçmiş sovet məkanına daxil olan bütün respublika komitələri həmin qurumda təmsil olunur. Həmin qurumun rəhbərliyində AKP-nin sədri kimi mən təmsil olunuram.

Bununla yanaşı, Azərbaycan Kommunist Partiyası hazırda dünyanın 153 ölkəsində fəaliyyət göstərən, o cümlədən Çin, Kuba, Vyetnam, Fransa, Türkiyə və bütün Avropa ölkələrinin əksəriyyətində fəaliyyət göstərən Kommunist partiyaları ilə sıx əlaqədədir.

Eyni zamanda, Azərbaycan Kommunist Partiyası Venesuela, Kuba, Çin və Amerika Birləşmiş Ştatları Kommunist partiyaları ilə də mütəmadi olaraq sıx işgüzar əlaqələr saxlayır.

Mən Azərbaycanda Kommunist Partiyası qədər beynəlxalq əlaqələrə malik olan ikinci bir partiya təsəvvür etmirəm. Çünki dünyanın 200-dən artıq ölkəsində Kommunist partiyaları fəaliyyət göstərir. Məhz Kommunist Partiyası olduğu üçün bizim əlaqələrimiz respublikada olan digər partiyalardan bir neçə dəfə çoxdur”.


Milli İstiqlal Partiyasının (AMİP) rəsmisi Əli Orucov qeyd edib ki, Azərbbaycanda heç bir siyasi təşkilatın beynəlxalq əlaqəsi AMİP-inki qədər güclü deyil:


“Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq təşkilatlarla olan əlaqəsi heç bir partiyada yoxdur. Hətta hakim Yeni Azərbaycan Partiyasının əlaqələri belə bizim mövcud əlaqələrimiz qədər geniş deyil.

Azərbaycan Milli İstiqlal Partiyası dünyanın 70-ə yaxın ölkəsinin 80-dən çox siyasi təşkilatını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının üzvüdür. AMİP lideri Etibar Məmmədov da həmin qurumun sədr müavinidir.

Eyni zamanda, partiyamız Avropa Parlamentində Avropa Xalq Partiyası ilə əməkdaşlıq edir.

Bundan əlavə, partiyamızın hakimiyyətdə olmuş Moderator Partiyası ilə əməkdaşlığı var. Hər il beynəlxalq konfranslar keçirilir. Yəni bu kimi partiyalarla münasibətlər AMİP-in beynəlxalq əlaqələrinin geniş olduğunu göstərir.

Həmçinin, Güney Azərbaycan İstiqlal Partiyası var ki, qərargahı Kanadada yerləşir. Həmin təşkilatla da ikitərəfli müqaviləmiz var”.