Qərb Rusiya ilə maraqlarını uzlaşdırmalıdır

Avropa-Rusiya qarşıdurması dərinləşir. Avropa ölkələri mövcud vəziyyətdə Rusiyanı potensial təhlükə kimi görürlər.Bu günlərdə Litva prezidenti Dalya Qribauskayte bildirib ki, Rusiyanın beynəlxalq aləmdəki hərəkətləri Baltik regionu və bütün Avropa ölkələrini təhlükə altında qoyur.Litva prezidentinin Rusiyanı Avropa üçün böyük təhlükə adlandırması yeni qarşıdurmanın əsasını qoyur.Bəs Avropa Rusiyaya qarşı dirəniş göstərə biləcəkmi?

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə hesab edir ki, Rusiyanın imkanlarını çox şişirdirlər. Rusiya nüvə ölkəsidir, amma onların texnologiyası Qərbin müasir texnologiyası ilə uzlaşmır, rəqabət apara bilmir: "Son dövrlər Rusiyanın imperiya maraqlarını qabarıq şəkildə büruzə verməsi Avropanı narahat etmiyə bilməz. Amma hesab etmirəm ki, Avropa Rusiya ilə düzgün mübarizə aparır.Hər halda bunun başqa variantını tapmaq daha yaxşı olardı.İqtisadi sanksiyalar təbii ki, öz sözünü deyir və Rusiyanın daxilində də vəziyyət getdikcə gərginləşir.Avropanın açıq şəkildə Rusiya ilə savaşa girməsi doğru deyil.Hesab etmirəm ki, Rusiya Avropa ilə qarşıdurmaya girəcək.

Amma istənilən halda Rusiyaya qarşı vahid mövqedən çıxış etmək lazımdır.Rusiya təhlükəsi gündən-günə artır.Amma istənilən halda Rusiyanın da maraqlarını nəzərə almadan təktərəfli addım atmaq olmaz.Nəzərə alsaq ki, Baltikyanı və Qafqaz ölkələri uzun zaman SSRİ-nin tərkibində olub.Və Rusiya bu maraqlardan asanlıqla əl kəçməyəcək. Bu baxımdan da Avropa ölkələri də Rusiya ilə maraqlarını uzlaşdırmalıdır.Əks halda Rusiya təhlükəsi daim qalacaq.Rusiya yoxdur-demək olmaz."Rusiya hücum edəcək” qorxusu ilə də uzun müddət yaşamaq olmaz”.

"Rusiya demokratikləşmək istəmir”

Politoloq Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə şərhində deyib ki, Rusiya demokratikləşmək istəmir və ümumilikdə region və Avropa üçün ciddi təhlükə mənbəyidir: "Litva prezidentinin bəyanatı əslində doğru bəyanatdır. Rusiya ümumilikdə post Sovet ölkələri və Avropanın sərhəd dövlətləri üçün çox böyük təhlükədir. Rusiya demokratikləşmək istəmir və yaxın qonşuları ilə sağlam, ikitərəfli, bərabərhüquqlu əməkdaşlıq etmək istəmir.Rusiya bütün zamanlarda aqressiv cərəyanları dəstəkləyib və etnik separatçıları müdafiə edib.Azərbaycanın, Gürcüstanın, Ukraynanın və Moldovanın bu və ya digər formada ərazi bütövlüyünə təcavüz edib və bu yolda da davam edir.Avropa Birliyi bunu nəzərə almalı, siyasətində korrektələr etməli və Azərbaycan, Gürcüstan və Avropa ölkələri təhlükəsizlik baxımından nəzarətə götürülməlidir.Təbii ki, Rusiyanın güvəndiyi şovinizimdir və nüvə başlıqlarıdır.Çox təəssüf ki, indi dünyada diplomatiya yerini daha çox hərbə verib.Bu da çox qorxulu tendensiyadır.Rusiyaya qarşı dirəniş həm də dünyanı daha böyük təhlükələrdən qorumaq deməkdir.Rusiya ilə tərəfdaş, həmfikir olan ölkələr, konkret olaraq İran və Ermənistan həm bölgə, həm də dünya üçün qorxu mənbələridir.Avropa ölkələrinin əhəmiyyətli bir hissəsi NATO blokunda təmsil olunur.Amma Amerikanın iştirakı olmadan Avropa ölkələrinin uğur qazanması çox çətindir. ABŞ-Avropa Birliyi əməkdaşlığı daha tez və uğrulu nəticələr verə bilər. Təkcə Avropanın hərbi arsenalı və iqtisadi gücü Rusiyanı çökdürəcək gücdə olması inandırıcı deyil.Avropa Birliyi özü Britaniyanın çıxması ilə çox gərgin bir dövr yaşayır.Bu baxımdan Avropanın ABŞ-la yaxınlaşması və Türkiyə kimi ölkələrlə apartığı siyasətdə korrektə etməsi çox önəmlidir. Bu isə Rusiyanın bölgədə tamamilə zərərsizləşdirilməsinə səbəb ola bilər”.