30 martda AMİP-in təşkilatçılığı ilə rəsmi dövlət qeydiyyatından keçən siyasi partiyaları partiyanın müvəqqəti qərargahında Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarağ problemini müzakirə etdi. Müzakirələrin yekunu olaraq birgə bəyanat qəbul edildi. Bəyanata AMİP, Azadlıq Partiyası, ALDP, KXCP, Aydınlar Partiyası, Ümid Partiyası , ADP, Ağ Partiya, AXP, Böyük Azərbaycan Partiyası, AVMDP imza atdı.
Partiyaların imzaladıqları həmin bəyanatda deyilir: "Dağlıq Qarabağ probleminin həllinin uzadılması artıq dövlətin varlığı üçün ciddi təhdidə çevrilmişdir. Beynəlxalq güclərin münaqişəyə dair mövqeyi və bu istiqamətdə Azərbaycana yönəlik təzyiqləri nəticəsində dövlətçiliyimiz üçün təhlükəli olan daha çox güzəştlərin tələb edilməsi, Ermənistan rəhbərliyinin pozuculuq və aqressiv mövqeyi münaqişənin həlli ilə bağlı prosesin Azərbaycan üçün təhlükəli fazaya qədəm qoyduğunu deməyə əsas verir.
BMT Təhlükəsizlik Şurasının və Avropa Parlamentinin işğalla bağlı qəbul etdiyi qətnamələr Azərbaycana işğal olunmuş ərazilərin azad edilməsində bir sıra hüquqi-siyasi imkanlar verməsinə baxmayaraq, ATƏT-in Minsk Qrupunun "bir məsələdə razılıq yoxdursa, heç bir məsələdə razılıq yoxdur” prinsipi problemin danışıqlar yolu ilə həllini mümkünsüz edib. Danışıqların bu prinsiplər üzərində aparılması isə birbaşa BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş 30 aprel tarixli 822, 29 iyul tarixli 853, 14 oktyabr tarixli 874 və 12 noyabr tarixli 884 saylı Qətnamələrinin hər birində torpaqların erməni hərbi birləşmələri tərəfindən boşaldılması haqqında öz əksini tapmış tələblər ilə ziddiyyət təşkil edir. Qarabağın statusu ilə bağlı məsələdə Ermənistan tərəfinin sərgilədiyi qeyri-konstruktivliyini nəzərə alaraq bu yöndə danışıqların heç bir nəticə verməyəcəyini tam qətiliklə söyləmək olar.
ATƏT-in Minsk Qrupu BMT-nin verdiyi mandata uyğun olaraq fəaliyyət göstərmək əvəzinə "tərəflər nəyə razılaşsa biz də ona razılaşacağıq” bəyanatları, yaxud "yaxud xalqların sülhə hazırlanması” prinsipini ortaya atması münaqişənin həllində hər hansı bir irəliləyişin olmasını mümkünsüz edir. ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı bu cür fəaliyyəti ilə təkcə BMT Təhlükəsizlik Şurasının məlum Qətnamələrinə deyil, həmçinin Avropa Şurasının üzv ölkələrdən birinin digərinin ərazisini işğal etməsi yolverilməzdir prinsipini nəzərdə tutan 2005-ci il yanvar ayında qəbul olunmuş 1416-saylı Qətnaməsinə, eləcə də Avropa Parlamentinin işğal olunmuş ərazilərin azad olunması ilə bağlı 20 may 2010-cu il tarixli Qətnaməsinə də biganəlik nümayiş etdirir. ATƏT-in Minsk Qrupu tərəfindən münaqişənin həlli ilə bağlı irəli sürülən təkliflər "işğal faktorundan konfliktlərin həllində arqument kimi istifadənin yol verilməzliyi prinsipi ilə də zidiyyət təşkil edir. Beynəlxalq hüququn bu prinsipinə görə işğal olunmuş torpaqların boşaldılması əvəzinə, Dağlıq Qarabağa status verilməsi təklifi ilə çıxış edilməsi qəbuledilməzdir. Azərbaycan xalqı sülhpərvər xalqdır və təcavüzə məruz qalıbdır, onu hansısa mücərrəd sülhə hazırlamağa ehtiyac yoxdur. Azərbaycan xalqı işğal olunmuş torpaqlar azad olunduqdan və keçmiş DQMV ərazisi daxil olmaqla bütün ölkə ərəzisində dövlət suverenliyi bərpa edildikdən sonra milliyyətindən asılı olmayaraq bütün vətəndaşları ilə sülh və əmin amanlıq içərisində və bərabər hüquqlarla yaşamağa, Azərbaycan dövlətinin vətəndaşı olan bütün xlqların milli hüquqlarının tam şəkildə təmin olunmasına və qonşu dövlətlərlə əməkdaşlığa yönəlik münasibətlər qurulmasına hazırdır.
Siyasi Partiyalar Azərbaycanın hər hansı bir ərazisinin başqa bir dövlətə verilməsi və ya Azərbaycan əraziləri hesabına hər hansı müstəqil dövlət yaranmasını nəzərdə tutan hər hansı sənədin imzalanmasını və ya referendum keçirilməsini birmənalı və müzakirəsiz rədd edirlər. Bu zaman nəzərə alınmalıdır ki, münaqişənin predmeti olan Dağlıq Qarabağ, ərazisinə görə ümumilikdə işğal olunmuş Qarabağ ətrafı ərazilərdən bir neçə dəfə kiçik, əhalisinin sayına görə isə beş dəfə azdır. Başqa sözlə, öz faəliyyətində dövlətlərin ərazi bütövlüyünün tanınması ilə yanaşı xalqların öz müqəddəratını təyin etmə və insan hüquqları prinsiplərini də əsas götürən beynəlxalq güclər anlamalıdırlar ki, kiçik bir qrupun hüquqlarını əsas götürərək çöxluğun hüquqlarının tapdanmasına göz yummaq yolverilməzdir. Həmçinin, indiyədək aparılan müzakirələrin gizli saxlanılması, bunula bağlı olduqca məhdud məlumatların verilməsi ATƏT-in Minsk Qrupunun vasitəçiliyinin öhdəsindən gələcəyinə şübhələri artırmaqdadır. Bütün bunları nəzərə alaraq biz ATƏT-in Minsk Qrupundan və Azərbaycan iqtidarından öz fəaliyyətləri və münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar barədə xalqı məlumatlandırmasını vacib hesab edirik.
29 mart 2019-cu ildə ATƏT-in vasitəşiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Avstriyanın paytaxtı Vyanada keçirilən görüşün uğursuzluğa düçar olması, eyni zamanda işğalçı dövlətin təxribat və təhrikedici addımları bir daha sübut edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin və Dağlıq Qarabağ probleminin mövcud danışıqlar mexanizmi ilə həlli variantının qeyri-mümkün olduğunu qəti şəkildə sübut etmişdir.
Bütün yuxarıda sadalananları nəzərə alaraq hesab edirik ki, Azərbaycan ATƏT çərçivəsində nəticəsiz danışıqlarda iştirakını dayandırdığını, atəşkəs reyimini elan edilmiş konkret müddətdən sonra uzatmayacağını , oz ərazi bütövlüyünün bərpası və işğal olunmuş torpaqlarının azad olunması üçün mövcud danışıqlar mexanizmi yetərli olmadığına görə beynəlxalq hüququn yol verdiyi digər vasitələrdən, o cümlədən silahlı qüvvələrdən istifadə etməklə zəruri özünümüdafiə, antiterror və təcavüzkarı sülhə məcbur etmə tədbirlər və vasitələrdən istifadə edəcəyini müzakirəyə başladığını bəyan etməlidir. Bu sənədi imzalayan siyasi partiyalar Azərbaycan hakimiyyətinə müxalifətdə olmasından asılı olmayaraq dövlətin ərazi bütövlüyü və suverenitetinin bərpası, işğal olunmuş torpaqların azad olunması üçün yuxarıda göstərilən addımlar atılacağı halda həmin addımları müdafiə edəcəklərini və dövlətə dəstək verəcəklərini bildirirlər.
Siyasi partiyalar eyni zamanda Azərbaycanı təclimçi sülhə məcbur etmə cəhdləri, düşmənin həyasız davakarləğı qarşısında Azərbaycan hakimiyyətinin tərəddüdlü reaksiyası, zəiflik nümayiş etdirməsi, vəziyyətə adekvat addımları atmamasını pisləyirlər və hesab edirlər ki,torpaqlarımızın azad olunması üçün zəruri olan milli birliyin və həmrəyliyin yaradılması, dünya ictimai rəyi qarşısında Azərbaycandakı sosial- siyasi problemlərı ilə möhtəkirlik etmə imkanını düşmənin əlindən almaq üçün daxili siyasi qarşıdurma və gərginlik mənbəyi olan məsələlərinn o cümlədən siyasi məhbusların azad olunması məsələsi həll edilməli, koklü demokratik islahatlar keçirilməli, bütün sahələrdə antikorrupsiya mübarizəsi başladılmalı, əsgər və zabitlərin, Qarabağ müharibəsi qaziləri və iştirakçılarının, şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün təsirli tədbirlər görülməlidir.