125 deputatdan 100-ünün nə işlə məşğul olduğu məlum deyil

Azərbaycan müxalifətində ümumilikdə pessimist ab-hava hökm sürür, lakin biz o fikirdəyik ki, məqsədi seçkilər yolu ilə hakimiyyətə gəlmək olan partiya öz fəaliyyətinə nikbin yanaşmalı və təşkilatlanma, təbliğat-təşviqat məsələlərinə daim diqqət yetirməlidir. Bu fikirləri Reaksiya.Az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə bildirib.

O qeyd edib ki, hazırda partiyada XI Qurultaya hazırlıq işləri və noyabrda keçiriləcək parlament seçkilərinə hazırlıq paralel istiqamətdə aparılır. "2010-cu ildə keçirilmiş parlament seçkilərinə ilkin mərhələdə 70 namizədlə qatılsaq da, sonda 25 namizədlə seçki iştirakına görə YAP-dan sonra ikinci partiya olduq. Hazırda qərara gəlmişik ki, 125 dairənin hamısından namizədlər irəli sürək. Seçkilərdə fəal iştirak etməyə, seçicilərlə sıx işləməyə qərarlıyıq. Müxalifətdə dialoq çox zəifdir, müəyyən bloklar var, lakin proseslərə ciddi təsir edəcək ittifaqlar görülmür. Biz seçkilərdə partiya olaraq öz namizədlərimizlə iştirak edəcəyik, lakin demokratik seçki mühitinin yaxşılaşdırılması naminə digər siyasi təşkilatlarla da əməkdaşlığa hazırıq. Əməkdaşlıq yalnız vahid namizəd siyahısı ilə seçkilərə getməkdən ibarət deyil ”, - deyə A.Əlizadə vurğulayıb.

Onun sözlərinə görə, parlamentin tərkibində yenilənməyə ehtiyac var: "Parlamentin tərkibi yenilənməli və xalqla işləməyi bacaran, enerjili insanlar millət vəkili olmalıdır. Hazırda 125 deputatdan 100-ünün nə işlə məşğul olduğu məlum deyil. Qanunverici orqanda yeni, enerjili və ictimai-siyasi fəaliyyətdə təcrübəsi olanların üstünlük təşkil etməsi mühüm amildir. Parlamentdə oturan yaşlı deputatların və universitet rektorlarının bəziləri deputatlıq fəaliyyətinə biganə yanaşırlar, səmərəli qanunverici fəaliyyətlə məşğul olmurlar. Düşünürəm ki, beş ildə fəal olmayan deputatlar artıq yeni parlamentdə yer almamalıdırlar. Parlamentin yeni tərkibində fəal müxalifət partiyalarından daha çox nümayəndələrin yer alacağını gözləyirəm və bunu Azərbaycanın demokratik inkişafı üçün də mühim amil hesab edirəm”.