"Mən tarana gedirəm"

Dənizçilərin haqqı

Mən Kərəm Məmmədovu tanımırdım. Açığı, onu tanıyana qədər 1990-cı ilin yanvar hadisələrində dənizçilərin hansı qəhrəmanlıqlar və rəşadət göstərdikləri haqqında da özəl bilgilərim yoxdu. Alışılmış, ənənəvi məlumatların və videoroliklərin dediklərindən savayı onsuz da ciddi araşdırmaların şahidi olmuruq elə də.Düzü, Kərəm Məmmədov ötən il "Xural” ın redaksiyasına gələndə və əlindəki yazı qovluğunu mənə uzadanda elə də maraqlı deyildim.Nədən ki, iri və çoxsəhifəli elə yazılar ki birdən, adam nə yox deyə, nə də dərc edə bilir.Kərəm müəllimin də yazısını elə bilmişdim...

Ancaq, ilkin tanışlıq, bu "abidə kimi insan " ın duruşu , üz-gözündən yağan asalət məni cəlb etdi və millətimin nə böyük və nə şərəfli bir millət olduğunu , nə böyük və nə şərəfli bir tarix yazdığını bir daha ondan öyrənmiş oldum.Kərəm Məmmədovun "Mən tarana gedirəm!” yazılar silsiləsini nəinki "Xural”da dərc etdim- həm də su kimi içdim, yemək kimi yedim... Təkcə mənmi? Yazının dərc olunduğu 5 həftə boyunca istər deputatlardan , istər ictimai-siyasi xadimlərdən , istər digər tanınmış insanlardan olsun – maraqlı və ilginc reaksiyalar aldım.Mən bu yazını oxuyub telefon dəstəyində hönkürən millət vəkili ilə qarşılaşdım.Yox, heç nə və heç bir olay təsadüfi deyildi.Nə də Kərəm müəllim özünü yazıçılıqda sınayan və ya yaradıcılığı olan böyük bir bir yazıçı deyildi.Sadecə Kərəm Məmmədov hər şeyi çılpaqcasına , olduğu kimi qələmə almışdı.O, mənhus və millətimizin şirə , başındakıların dovşana döndüyü günlərdə olub bitənləri təhrif etmədən , apaçıq millətinin diqqətinə çatdırmışdı.Ona görə yazının dərci bu qədər rezonans doğurmuş , ona görə telefonun dəstəyində ağlayan deputatlarla qarşılaşmışdıq.

Yazının dərc olunmasından və hadisələrin əsas şahidlərindən birinin saatlarla bəhs etdiyi söhbətlərindən sonra o qənaətə gəldim ki, 20 Yanvar hadisələrində oynadığı rola görə Kərəm Məmmədovun çalışdığı " Xəzərdənizdonanma”idarəsi ən yüksək mükafatlara layiqdir və tez-gec bu haqqı alacaqlarına əminəm.Təsəvvür edin , rus-erməni-sovet ordu birləşmələri Bakıya müdaxilə edib, dinc vətəndaşlar soyqırıma məruz qalıb , ölkə yas içində , "televiziyalar çoxdan ölgün” , mətbuat yox –beynəlxalq blokadaya alınmış durumdayıq.Birdən heç kimin gözləmədiyi halda Xəzər Dənizində çalışan millət oğullarının şahlanışı baş verir.Mən Kərəm müəllimin bu kitabını oxuyandan sonra bildim ki, Bakı dənizçilərinin sayəsində biz ilk gündən bütün dünyanın hər tərəfinə informasiyalar göndərmiş , hadisələrdən detallarına qədər dünyanı məlumatlandırmışıq.

Maraqlı və ilginc detallardan biri də Kərəm Məmmədovun bu əsərinin bəzi qəzetlər tərəfindən geri qaytarılması, ya da tam dərc olunmamasıdır.Gör bu millətin övladları nə günlərlə üz-üzə qalıb.Ki, artıq tariximizin böyük və ciddi bir hissəsini belə dərc etməkdən aciz və qorxar hala gəlmişik...

"Mən tarana gedirəm!” Azərbaycan dənizçilərinin millətin ağır günlərində göstərdiyi kişilik və mərdlik salnaməsidir.Bəli, məhz Azərbaycan əslində budur ! Əsla və əsla bizə təqdim olunan millətlə, bizə sırıdılan "”geridəqalmış” və "patavalı” vətəndaşlara malik olan bir dövlət fikri ilə heç bir zaman məhz buna görə razılaşmadım.Azərbaycan budur və bu Azərbaycan əslində heç bir zaman məğlub olmamalıdır.Dənizçilərin rəşadəti, onların generallar və məxsusən admiral Sidirovla söhbətləri , SSRİ-nin qaniçən medafiə naziri Yazovla mükalimələri nə qədər böyük və ehtişamlı bir mübarizə hərəkatına malik olduğumuzu göstərir.Bizim dənizçilər tabe olduqları SSRİ-nin mərkəzi orqanlarından müstəqil şəkildə millətin səfinə keçiblər, informasiya blokadasını yarıblar, Bakıda baş verənlər haqqında müfəssəl məlumatları bütün dünyaya ötürüblər , Bakıdan həlak olan və öldürülən insanların cəsədlərinin çıxarılmaması üçün Bakı buxtasını mühasirəyə alıblar.Nələr...nələr etməyiblər, Sonra da ölməkdə olan sovet rejiminin amansız repressiyalarına məruz qalıb , güllə-baran edilib, həbs olunub, öldürülüblər...

Digər orqanlar da, digər qurumlar da kaş ki beləcə davranaydılar...Kaş ki ölkənin ali rəhbərliyi də bu cür dirayətli və planlı hərəkət edəydilər...Polisindən ədliyyəsinə , ağ işçisindən qara işçisinə...

İnanıram ki, gün gələcək 1990-cı ilin yanvar hadisələrində baş verən bu hadisələrin hamısı öz layiqli qiymətini alacaq.Ona da inanıram ki, gün gələcək Azərbaycan dənizçilərinin bu qəhrəmanlıq dastanı dünyanın aparıcı media-film qurumlarının əsas mövzularından biri olacaq.Ona da inanıram ki, Kərəm Məmmədovun bu araşdırma-memuarı son olmayacaq və bu sahədə ciddi addımlar dövlət tərəfindən də atılacaq.Elə Kərəm Məmmədovun güllələnən gəminin muzeyə çevrilməsi təklifləri kimi...

Bir də...Yazının ilkin dərcində yazılan yazıların kitab formasında toplanması, onun ingilis, fransız, alman və rus dillərinə çevrilib bütün dünyaya yayılması haqqında dəyərli təkliflər olmuşdu.İnanıram ki, təklif sahibləri bu dəyərli kitabı dedikləri kimi, ən azı 4-5 dilə çevirib dünyaya yayacaqlar...

Əvəz Zeynallı

"Xural” qəzetinin baş redaktoru