AMİP Avropa Xalq Partiyasına etiraz etdi

4 aprel 2016-cı il tarixdə Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyasının (EPP) Siyasi Assambleyası tərəfindən "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təcili qətnamə” qəbul olunmuşdur. Qətnamədə deyilir:

"Dağlıq Qarabağ və Azərbaycanın təmas xəttindən aldığımız son həyəcanlı xəbərlər bizi hədsiz narahat etdi. Uşaqlar da daxil olmaqla belə hərbi avantürizmin qurbanlarının dinc sakinlər olduğunu nəzərə alaraq münaqişənin sırf sülh yolu ilə siyasi həlli naminə beynəlxalq öhdəliklərdən boyun qaçırmaq qəbul edilməzdir.

Biz hərbi əməliyatların dayandırılması üçün real addımlar atılmasını və qoşunların 1 aprel 2016-cı ildən əvvəl olduğu mövqeyə çəkilməsini zəruri hesab edirik. Eyni zamanda biz danışıq proseslərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılmasının geri qaytaılmasını da tam şəkildə dəstəkləyirik.”

Azərbaycan Milli İstiqlal Partiyası qəbul edilmiş həmin təcili Qətnamə ilə əlaqədar EPP rəhbərliyinə və EPP Siyasi Assambleyasına etiraz məktubu göndərmişdir.

Avropa Xalq Partiyasının Prezidenti

Cənab Jozef Doula,

Avropa Xalq Partiyasının Baş Katibi

Cənab Antonio Lopes İsturisə,

Avropa Xalq Partiyasının Siyasi Assambleyasına

Hörmətli cənablar!

Azərbaycan Respublikası 18 oktyabr 1991-ci il tarixdə müstəqillik əldə etmiş və müstəqil dövlət kimi 1992-ci ilin martında BMT-nin üzvlüyünə qəbul edilmişdir. 1992-1994-cü illərdə BMT-nin digər subyekti olan Ermənistan Rusiya Federasiyasının bilavasitə dəstəyi ilə Azərvaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu hərbi yolla işğal etmişdir. Bununla əlaqədar 1993-cü ildə BMT-nin dörd məlum qətnaməsi (№822-30.04.1993; №853-29.07.1993; №874-14.10.1993; №884-12.11.1993) qəbul olunmuşdur. Həmin qətnamələrdə Ermənistan işğalçı tərəf kimi tanınır və Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz olaraq işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması tələb olunur. Bununla əlaqədar olaraq Avropa Parlamentinin 20 may 2010-сu il tarixli "Avropa İttifaqının Cənubi Qafqaz üzrə Strategiyası” (The need for an EU strategy for the South Caucasus) və Avropa Şurasının bir sıra qətnamələri də mövcuddur.

1992-ci ildən etibarən ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu fəaliyyət göstərir və o, məsələnin sülh yolu ilə həll olunması missiyasını öz üzərinə götürmüşdür. Lakin təəssüflər olsun ki, ötən 24 il ərzində ATƏT-in Minsk Qrupu heç bir irəliləyişə nail olmayıb və əslində daha çox problemin konservləşdirilməsinə xidmət etdiyi təsirini bağışlayır.

1994-cü ilin mayında tərəflər arasında atəşkəs sazişi imzalanmışdır. Lakin, buna baxmayaraq hər gün qoşunların təmas xəttində Ermənistan tərəfindən atəşkəs rejimi pozulur və nəticə etibarilə ötən müddət ərzində Azərbaycanın cəbhəyanı ərazilərində uşaqlar, qocalar və qadınlar da daxil olmaqla yüzlərlə mülki vətəndaş həlak olmuşdur. Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri cəbhənin Dağlıq Qarabağ inzibati vahidinə aidiyyəti olmayan, Azərbaycanın Ağdam, Fizuli, Tərtər və Goranboy rayonları istiqamətlərində növbəti dəfə atəşkəs rejimini pozaraq genişmiqyaslı hücum həyata keçirib və buna cavab olaraq Azərbaycan Ordusu tərəfindən qarşılıq verilmişdir. Xüsusilə vurğulamaq istəyirik ki, aprelin 2-dən 5-nə qədər keçirilən hərbi əməliyyatlar iki ölkə arasında mübahisə predmeti olan Dağlıq Qarabağın ərazisində deyil, onun ətrafında yerləşən və heç bir mübahisə predmeti olmayan Azərbaycan ərazilərində getmişdir. Məlumat üçün onu da qeyd edirik ki, Dağlıq Qarabağın ərazisi 4388 kv.km olduğu halda mübahisə predmeti olmayan və işğal altında qalan ətraf yeddi rayonun ərazisi bundan iki dəfə artıq, yəni 8875 kv.km-dir.

Hörmətli cənablar!

4 aprel 2016-cı il tarixdə AXP-nin Siyasi Assambleyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təcili qətnamə qəbul etmişdir. Siyasi Assambleyanın Dağlıq Qarabağ məsələsini diqqətdə saxlamasını müsbət amil hesab etsək də, Qətnamədə qoşunların 1 aprel tarixinə olan mövqelərə çəkilməsinin zəruri hesab olunması haqqında müddəanı başa düşülməz və zərərli hesab edirik. Hesab edirik ki, məsələyə bu cür yanaşma problemi bilməməkdən və tələskənlikdən baş vermişdir. Çünki, bir daha vurğulamağı vacib hesab edirik ki, hərbi toqquşmalar heç bir mübahisə predmeti olmayan Azərbaycan ərazilərində baş verib və nəticə etibarilə hərbçilərlə yanaşı uşaqlar da daxil olmaqla Azərbaycanın mülki əhalisi arasında tələfat olub.

Azərbaycan məsələnin sülh yolu ilə həll olunmasında maraqlıdır, amma eyni zamanda hesab edirik ki, tərəfləri problemin sülh yolu ilə həllinə çağırmaqla yanaşı Ermənistanı BMT-nin məlum dörd qətnaməsini, eləcə də Avropa Parlamenti və Avropa Şurasının qətnamələrini icra etməyə və Azərbaycanın işğal altında olan ərazilərini tərk etməyə çağırmaq AXP tərəfindən daha ədalətli mövqe kimi qəbul olunardı.

Son olaraq bir daha diqqətinizə çatdırmaq istəyirik ki, Azərbaycan Milli İstiqlal Partiyası Avropa strukturları ilə, o cümlədən Avropa Xalq Partiyası ilə əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsində maraqlı olduğunu bir daha bəyan edərək bu münasibətlərin ümumilikdə Avropa ailəsinin möhkəmləsində xüsusi rolu olacağına əminliyini ifadə edir.

Hörmətlə,

Azərbaycan Milli İstiqlal Partiyası adından

AMİP Baş Katibi

Arzuxan Əlizadə