AMİP Türkiyə səfirinə təşəkkür məktubu ünvanladı

Azərbaycan Milli İstiqlal Partiyasının Baş katibi Arzuxan Əlizadə Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli Səfiri sayın Erkan Özorala təşəkkür məktubu göndərib. AMİP-dən "Millət"ə daxil olan həmin məktubda deyilir:

" Sayın Səfir!

9 noyabr 1991-ci il Azərbaycanın müasir tarıxındə ən önəmli günlərdən biridir. Həmin gün müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ilk olaraq Türkiyə Cumhuriyyəti tərəfindən rəsmən tanındı. SSRİ-nin hüquqi dövlət olaraq hələ mövcud olduğu bir vaxtda heç nədən çəkinmədən Azərbaycanın müstəqilliyinin tanınması əsl qardaş münasibəti idi. Türkiyə Cümhuriyyətinin bu cəsarətli mövqeyindən sonra digər dünya dövlətləri də anoloji addımlar atmağa başladılar. Bu gün müstəqil Azərbaycan Respublikası dünya birliyinin tam hüquqlu üzvüdür.

Müstəqil Azərbaycanın ilk rəsmi qeydiyyatdan keçmiş siyasi təşkilatı olan Azərbaycan Milli İstiqlal Partiyası üçün daha bir qürurverici məqam da odur ki, həmin vaxt Azərbaycan Parlamenti adından müstəqilliyimizin tanınması ilə bağlı Türkiyə Cümhuriyyətinə səfər edən nümayəndə heyyətinə AMİP lideri Etibar Məmmədov rəhbərlik edirdi. E. Məmmədov bir həftə boyunca o dönəmdə Türkiyə Cümhuriyyətinin Baş Bakanı sayın Məsud Yilmazla, həmçinin parlamentdə təmsil olunan aparıcı Partiya liderləri, mərhum sayın Süleyman Dəmirəl, mərhum sayın Ərdal İnönü və digər siyasilərlə görüşlər keçirmiş, həmin əhəmiyyətli qərarın verilməsi üçün onların da dəstəyini almış və nəticə olararaq müstəqilliyimizin ilk tanınma anında da Türkiyə iqtidarı və müxalifəti ilə bir arada olmuşdur.
AMİP olaraq hesab edirik ki, Türkiyənin Azərbaycana yönəli sərgilədiyi o zamankı mövqe iki fərqli coğrafiyada yaşayan eyni millətin bir birinə daha sıx qovuşmasına gətirib çıxardı. Ötən 25 il ərzində Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin birlikdə yürütdüyü siyasət əminliklə onu deməyə əsas verir ki, hər zaman "bir millət iki dövlət” formuluna sadiqliyini nümayiş etdirən Türkiyə və Azərbaycanın qardaşlığı, dostluğu və müttəfiqliyi əbədidir".