İyunun 1-dən etibarən rayon qeydiyyatında, eləcədə Sumqayıt şəhərində və Abşeron rayonu qeydiyyatında olan avtomobillərin Bakıya girişi qadağan edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuata verdiyi məlumatda bildirib ki, bu addımı atmaqda məqsəd sürücülərin rahatlığını təmin etməkdir: "Bir neçə gün sonra Bakı-Sumqayıt qatar yolu istifadəyə veriləcək. Bölgələrdən gələn minik maşınlarının isə şəhər ətrafında saxlanılması üçün dayanacaqlar var. Bu, I Avropa Oyunları zamanı əhalinin rahatlığı üçün düşünülmüş bir addımdır. Bakı qeydiyyatında olan bütün avtomobillər isə şəhərdə rahatlıqla hərəkət edəcək".
Bunula bağlı münasibətini bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucov belə bir addımın atılmasını qanunsuzluq adlandırıb:"DİN rəsmisi vətəndaşların ölkə boyu sərbəst hərəkətlərinin məhdudlaşdırılmasını əhalinin rahatlığı üçün düşünülmüş addım kimi pərdələməyə çalışsa da, əslındə bu, hökümətin millətə və xalqa yuxardan aşağı baxmasından, əcnəbilərin rahatlığını özününkündən üstün tutmasından başqa bir şey deyil.
Bütün ölkəni 1-ci Avropa Oyunlarına görə rəzil duruma salıblar. Məhdudiyyətlərin və qadağaların ardı-arası kəsilmir. Bircə o qalıb ki, milləti evindən çölə buraxmasınlar, hava almağa qoymasınlar. Xarici ölkələrdə də böyük miqyaslı Olimpiadalar, Dünya çempionatları, digər idman yarışları keçirirlər, amma öz vətəndaşlarına qarşı Azərbaycan iqtiadrı kimi addımlar atmırlar. Əksinə elə edirlər ki, belə genişmiqyaslı tədbirlərdən öz vətəndaşları daha çox fayda götürsün, zövq alsın, daha yaxşı istirahət edə bilsin, dövlət də mənfəət qazansın. Avropalılar bilsə ki, onların yarışlarına görə xalqa əzab-əziyyət verirlər, onlar heç Bakıya gəlməzlər.
Bu idman yarışlarından xalq və dövlət faydalanmalıdır. Burda başqa məqsədlər olmamalıdır.