Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səda” Tədris
Teatrının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının birinci prorektoru - fəlsəfə elmləri doktoru,
professor Əlikram Abdullayev qonaqları salamlayıb, iki ali təhsil ocağı
arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edib.
Daha sonra çıxış edən ADMİU-nun müəllimi, teatrşünas Elçin Cəfərov Nəcəf bəy Vəzirovun
yaradıcılığı, görkəmli ədibin Azərbaycan teatr sənətindəki yeri haqqında
danışıb. Nəcəf bəy Vəzirovun dramaturji yaradıcılığının estetik parametrləri
haqqında ətraflı məlumat verən teatrşünas fikrini Ü.Hacıbəyovun fikirləri ilə
bitirib:
"Nəcəf bəy cənabları, siz həmişə diri qalacaqsınız. Dünyada siz əkdiyiniz
ağacların meyvələrinin toxumlarını külək müsəlman aləminin səhralarına səpib,
göyərdib, minlərcə Nəcəf bəylər yetirib, gözəl niyyətlərinizi daha da rövnəqləndirəcəklər.
Sizin adınız tarixlərin vərəqlərində səbt olunub dillərdə zikr olunacaqdır”.
Dahi Üzeyir bəyin sözləri bu gün həqiqətə çevrilib. Ölümündən bir əsrə yaxın
zaman keçsə də, Nəcəf bəy Vəzirov bu gün də diridir, sağdır, Azərbaycan
xalqının yaddaşında yaşayır. Hazırda Lənkəran Dövlət Dram Teatrı Nəcəf bəy Vəzirovun
adını daşıyır, əsərləri müxtəlif teatrlarda tamaşaya qoyulur.
Elə hesab edirəm ki, Azərbaycan teatrı bu gün mövcudluğuna görə başda Mirzə Fətəli
Axundzadə, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov olmaqla maarifçi-ziyalılarımıza
borcludur. Xalqın rifahı, mənəvi tərbiyəsi, cəhalət və zəlalətdən xilas olması
yolunda ömrünü şam kimi əridən bu ziyalılarımızın adları tariximizin ən parlaq
səhifələrində əbədi olaraq həkk olunub. Milli ədəbiyyatımızın, teatr sənətimizin
inkişafında misilsiz xidmətləri olan Nəcəf bəyin adı həmişə dilimizdə zikr
olunur. Bu mənada, mən ADMİU-nin tələbələrinin ifasında nümayiş olunacaq bu
tamaşanı da Nəcəf bəy Vəzirovun adını zikr etmək kimi qavrayıram. Zikriniz
mübarək, əzizlərim!”
Tədbir çərçivəsində Dövlət İdarəçilik Akademiyasının akt zalında Mədəniyyət və
İncəsənət Universitetinin "Dram teatrı və kino aktyorluğu” ixtisası üzrə 4-cü
kurs tələbələrinin (kurs rəhbəri Gülşad Baxşıyeva) ifasında görkəmli
dramaturqun "Ev tərbiyəsinin bir şəkli” komediyası əsasında hazırlanmış tamaşa
nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru ADMİU-nun professoru, Azərbaycan
Respublikasının Əməkdar Artisti Gülşad Baxşıyeva, rejissor assistenti Ayşən Mirzəyeva,
musiqi tərtibatçısı Seymur İkramdır. Tamaşada
ADMİU-nun "Aktyor sənəti” fakültəsinin 4-cü kurs tələbələri Elməddin Məmmədov
(Bayraməli bəy), Ayaz Məmmədov (Şahmar bəy), Əbdül Məcidli (Səfdərqulu), Elmir
Yusif (Rəsul) və Məhəmməd Abdulla (Əsgər) çıxış ediblər. Tələbələrin ifasında
nümayiş olunan tamaşa Universitetin müəllim-tələbə heyəti tərəfindən böyük
maraqla qarşılanıb.
Sonda çıxış edən Gülşad Baxşıyeva tədbirin
təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. Gülşad Baxşıyeva qeyd
edib ki, Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında müstəsna xidmətləri olan şəxsiyyətlərimizdəndir.
Azərbaycan ədəbiyyatının və mədəniyyətinin böyük bir mərhələsi onun adı ilə
bağlıdır. Görkəmli pedaqoq N.B.Vəzirovun dramaturji irsinin tədris prosesi üçün
mühüm əhəmiyyətini vurğulayıb:
"Elə hesab edirəm ki, bu gün Nəcəf bəy Vəzirov irsi milli ədəbiyyatşünaslıq və
teatrşünaslıq elmimiz tərəfindən yetərincə öyrənilməyib. Teatrlarımızın
repertuarında da Nəcəf bəyin əsərləri əsasında hazırlanan tamaşalara o qədər də
sıx-sıx rast gəlinmir. Amma ADMİU-nun müəllim-tələbə heyəti görkəmli ədəbin
pyeslərinə tez-tez müraciət edir, bu əsərlərdən diplom işlərində, yaradıcılıq
ifa işlərində ədəbi əsas kimi istifadə edirlər. Yəqin bu, onunla bağlıdır ki, Nəcəf
bəyin əsərləri tədris işi üçün son dərəcə səmərəli ədəbi materialdır”.
Gülşad xanım bütün tədbir iştirakçılarını Səda Tədris Teatrında nümayiş
olunacaq "Evlənmə” tamaşasına dəvət edib. Xatırladaq ki, N.Qoqolun eyniadlı əsəri
əsasında hazırlanmış "Evlənmə” tamaşası IV kurs "Dram teatrı və kino
aktyorluğu” ixtisası üzrə təhsil alan tələbələrin diplom işidir.
Altay Cəfərsoy