Azərbaycan dövlətinə  başqa seçim buraxmadılar

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə qeyd edib ki, gərginliyin artmasına baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə iş davam edir.

M.Zaxarova bunu belə əsaslandırıb: “Rusiya lazımi yardımı göstərir. ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri, Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan nizamlanması üzrə xüsusi nümayəndəsi İqor Xovayev sentyabrın 8-9-da Bakıda, 13-14-də isə İrəvanda olub”.

O da məlum olub ki, əsas mövzu sülh müqaviləsi layihəsinin müzakirəsi olub. Rusiya tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışır. Zaxarova onu da qeyd edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli razılaşmaları nizamlanma üçün əsas olaraq qalır.

Maraqlıdır, bir tərəfdən xarici işlər naziri Sergey Lavrov Minsk Qrupunun mövcud olmadığını deyir, bu tərəfdən də Zaxarova Xovayevi xüsusi olaraq MQ-nin rusiyalı həmsədri kimi təqdim edir. Bu nə yanaşmadır Rusiya XİN rəsmisi sərgiləyir? Bunda məqsəd nədir?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Rusiyanın ikili oyun oynamasının arxasında bir sıra məqsədlər dayanır: “Rusiyanın son günlər Cənubi Qafqazda fəallaşmasının səbəblərindən biri də odur ki, Ukrayna dövlətinə qarşı apardığı təcavüzkar siyasətini beynəlxalq ictimaiyyətin diqqətindən yayındırsın. Bu mümkündürmü? Təbii ki mümkün deyil. Rusiyanın təcavüzkar siyasəti bütün dünyanın gözü qarşısında baş verir. Əgər Rusiya həqiqətən Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün bərqərar olmasını istəsəydi, münaqişə bu qədər vaxta çoxdan həll olunardı. Ən azından Rusiyanın özünün təşəbbüs göstərdiyi 10 noyabr Bəyannaməsinə atdığı imzaya hörmət edərək, bəyannamənin şərtlərinə əməl olunmasına öz satelleti Ermənistanı üzərinə götürdüyü öhdəliklərə əməl etməsinə məcbur edərdi. Ancaq biz gördük ki, bu baş vermədi. Rusiya hər vəchlə Cənubi Qafqazda öz mövcudluğunu qoruyub saxlamaq üçün erməniləri bu işdə əlində alət etməklə prosesi uzadır. Elə Mariya Zaxarovanın öz həmkarı Rusiya xarici işlər naziri Sergey Lavrovu təkzib etməsi sadaladığım məsələlərdən qaynaqlanır. MQ onlar üçün ölə bilər, dirilə də bilər. Ancaq ölünün diriləcəyi mümkün olan iş deyildir. MQ adlı bir qurum Azərbaycan dövləti tərəfindən iki ildir dəfn olunub. Azərbaycan dövləti öz ərazi bütövlüyünü, öz gücünə təmin etməkdədir. Bu müqəddəs missiyanı yerinə yetirərkən şəhidlər veririk. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Tarix və zaman göstərdi ki, ermən millətçiləri diplomatiya dilini anlaya bilmirlər. Onlar nə “Dəmir Yumruq” , nə “Qisas” əməliyyatdan dərs çıxara bilmədilər. Azərbaycan dövlətinə  başqa seçim buraxmadılar. Yenidən təxribata əl ataraq dinc vətəndaşlarımızın təhlükəsizliyinə təhdid törətdilər. Məhz bu səbəbdən  “Bufer Zona” yaratmaq məcburiyyətindəyik. Bu presedent bütün dünyada belədir. Ermənistanın sülh üçün yalvarmayınca proses davam etməlidir. Biz həm də partiya olaraq Azərbaycanın bütövlüyü uğrunda aparılan bu mücadilədə sonadək Azərbaycan Ordusunun, Azərbaycanın Ali Baş Komandanının yanında olduğumuzu bəyan etmişik”.

Sədr müavini onu da əlavə etdi ki, bizə ermənipərəst Xovayevlər, Kaspirşikər lazım deyil. Onların qatarı artıq çoxdan keçib

 

Millət.