Azərbaycana maraq artacaq

Arzuxan Əlizadə: "Avropa Oyunlarından sonra bəzi inkişaf etməkdə olan Afrika, Asiya ölkələrinin Azərbaycana marağı arta bilər"

"Nəzərə almaq lazımdır ki, yarışma dünyanın aparıcı televiziya vasitələri ilə işıqlandırılacaq"

Məlum olduğu kimi, gələn ay Azərbaycanda Birinci Avropa Oyunları keçiriləcək. Bu möhtəşəm tədbirdə 20 idman növü üzrə yarışlar keçiriləcək ki, onların da 16-sı Olimpiya proqramına daxildir. Bakı 6 mindən artıq idmançını qəbul edəcək.

Yarışma tarixi bir idman hadisəsi olmaqla yanaşı, respublikamızın ictimai-siyasi, humanitar, sosial-iqtisadi həyatı haqqında real gerçəklər barədə dünya ictimaiyyətinə məlumat vermək baxımından mühüm əhəmiyyət kəsb edir. Avropa Oyunlarının Azərbaycan üçün başlıca əhəmiyyəti ölkədəki güclü siyasi sabitlik və iqtisadi inkişaf barədə mövcud mənzərənin dünyaya nümayiş etdirilməsidir. Bu gün Avropa ölkələrinin əksəriyyəti siyasi problemlərin, sosial-iqtisadi böhranın yaratdığı təsirləri hələ də yaşamaqdadır. Azərbaycandakı möhkəm ictimai-siyasi sabitlik və iqtisadi dayanıqlılıq faktoru bu mənada böyük məna kəsb edir. Bu, Avropa regionunda ən sabit ölkə kimi Azərbaycanın qüdrətinin və nüfuzunun göstəricisi kimi xarakterizə oluna bilər.

Azərbaycanın dünya miqyasında geniş şəkildə təbliğ olunması üçün Avropa Oyunlarının müstəsna əhəmiyyəti var. Avropa Oyunları Azərbaycana böyük siyasi dividendlər gətirəcək. Milli maraqlarımız təbliğ ediləcək. Bu yarışma, sadəcə, idman tədbiri deyil, eyni zamanda, burada iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla, onun füsunkar gözəlliyi ilə tanış olacaq, respublikamızın inkişaf modelini görəcək. Digər tərəfdən, ölkənin qlobal informasiya məkanında mövqeyinin möhkəmlənməsinə güclü zəmin yaranacaq. Məlum olduğu kimi, Birinci Avropa Oyunlarını yüzlərlə beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq. Tədbiri 100-dən artıq ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib ki, bununla da Oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və Avstraliyada izləmək mümkün olacaq. Dünya mediasında Avropa Oyunlarının keçirilməsi barədə məlumatların yayılması Azərbaycan haqqında daha çox təsəvvürün yaranmasına kömək edəcək.

Bütün bunların fonunda Birinci Avropa Oyunları Azərbaycanın üçüncü dünya ölkələri ilə əlaqələrinin qurulmasında, inkişafında nə kimi rol oynayacaq?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadə buna bir neçə aspektdən yanaşdı: "Təbii ki, yarışmadan sonra Azərbaycanın bir sıra ölkələrlə əlaqələri yarana bilər. Nəzərə almaq lazımdır ki, yarışma dünyanın aparıcı televiziya vasitələri ilə işıqlandırılacaq. Bu da, istər-istəməz, ölkənin tanınmasında müəyyən rol oynayacaq. Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox dövlətlə diplomatik əlaqələr qurub. Azərbaycanın 50-yə yaxın ölkədə səfirliyi fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycanda bir çox ölkələrin səfirlik və diplomatik nümayəndəlikləri var. Ancaq dünyadakı bütün ölkələr Azərbaycanın müstəqilliyini tanısa da, onların heç də hamısı ölkəmizlə əlaqələr qurmayıb. Bunun müxtəlif səbəbləri var.

Elə ölkə var ki, Azərbaycanı yaxından tanımır, eləsi var yoxsul olduğu üçün bu imkandan məhrumdur və s. İstənilən halda, Birinci Avropa Oyunlarından sonra bəzi inkişaf etməkdə olan Afrika, Asiya ölkələrinin Azərbaycana marağı arta bilər. Sözügedən ölkələrlə qurulan əlaqələr həmin dövlətlərin iqtisadi, mədəni inkişafına müsbət təsir edə bilər. Ona görə ki, Azərbaycanın imkanları həmin ölkələrdə bir sıra iqtisadi layihələrin reallaşdırılmasına imkan verir".

Vidadi ORDAHALLI