Bu gün AMİP-in müvəqqəti mərkəzi qərargahında Azərbaycanın dövlət müstəqilliyinin tanınmasının 25 illiyinə həsr olunmuş "Azərbaycan beynəlxalq aləmin subyekti kimi” mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbiri giriş sözü ilə açan AMİP Baş katibi Arzuxan Əlizadə "Azərbaycanın dövlət müstəqilliyinin ilk dəfə Türkiyə tərəfindən tanınmasını tarixi hadisə adlandıraraq, bunun təsadüf olmadığını bildirdi: "Türkiyə hər zaman Azərbyacan xalqının yanında olduğunu, ona qardaş münasibət bəslədiyini, bununla bir daha təsdiqlədi”.
Etibar Məmmədovun dövlət müstəqilliyinin tanınması
ilə bağlı Türkiyəyə rəsmi səfərini əks etdirən videorolikin nümayişindən sonra
çıxış edən AMİP Siyasi Şurasının üzvü Əli Orucov Azərbaycanın dövlət müstəqilliyinin
beynəlxalq aləm tərəfindən tanıdılmasının Milli Azadlıq və müstəqillik uğrunda
aparılan mübarizənin növbəti fazası olduğunu deyərək, bu yöndə Etibar Məmmədovun
göstərdiyi xidmətlərə diqqət çəkdi: "Azərbaycan
beynəlxalq aləmin subyektinə çevirmək müstəqilliyin elanı qədər çətin və uzun
proses idi. SSRİ hələ rəsmən varlığını saxlayırdı, imperiyanın xofu qalırdı,
daxildən də müstəqilliyi istəməyən qüvvələr tam zəifləməmişdi. Bununla belə
Azərbaycanın yenidən öz müstəqilliyi barədə 18 oktyabr 1991-ci il tarixdə qəbul
etdiyi Konstitusiya Aktının kağız üzərində, həyata keçmədən təkrar işğala məruz
qalması təhlükəsi qalırdı. Belə bir dövrdə Etibar Məmmədov Türkiyəyə səfər edib
qardaş ölkədən tanınma tələbində bulundu. Yüksək səviyyəli və gərgin keçən
görüşlərdən sonra Ankara 9 noyabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini
tanıdı. Beləliklə də dünya arenasına daha bir türk dövləti olan Azərbaycan tanınma
yolunda ilk addımını uğurla atdı. Azərbaycanın dövlət müstəqilliyinin ilk dəfə
yenidən tanınması həm Azərbaycanda, həm də Türkiyədə böyük coşqu və sevinclə
qarşılandı. Türkiyədən sonra Rumınya 11 dekabr, Pakistan 13 dekabr 1991-ci il
tarixlərində dövlətimizin müstəqilliyini tanıyan ölkələr oldu.
Onu da vurğulamaq lazımdır ki, dekabrın əvvəllərində parlamentin üzvü və nümayəndə heyətinin rəhbəri E. Məmmədovun Pakistana səfərinin nəticəsi olaraq İslamabad müstəqilliyimizin tanınması barədə qərar qəbul etdi.
Bu gün Azərbaycan dünyanın ayrılmaz bir parçasıdır, üçrəngli bayrağımız BMT-də dalğalanır, ölkəmiz beynəlxalq və regional təşkilatlarda təmsil olunur, diplomatik və digər əlaqələrini günü-gündən genişləndirir. Qətiyyətlə inanıram ki, böyük və bütöv Azərbaycan dünyanın ən hörmət edilən və onunla hesablaşılan bir dövləti olacaq".
Çıxış edən Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nehmət Pənahlı dedi: "Azadlıq meydanına çıxanda bizə deyirdilər ki, Rusiyaya qarşı çıxmaq olmaz. Amma əliyalın Azərbaycan xalqı atom silahına malik imperiyaya qalib gəldi. O vaxtlar hərəkatda olan və özlərini liberallar adlandıran şəxslər Moskvadan azadlıq və müstəqillik tələb etməyimizi süngü ilə qarşılayırdılar. Lakin E. Məmmədovun rəhbərlik etdiyi radikal qanad ilk növbədə müstəqillik əldə etməyimizi qəti şəkildə qoymuşdu və sevindirici haldır ki, Etibar bəyin "radikal” qanadı sonda qalib gəldi. Ölkənin beynəlxalq aləm tərəfindən tanınması da E.Məmmədovun bu qətiyyətli və özünə inamlı fəaliyyətinin nəticəsidir. Bu gün Azərbaycandakı çətinliklərə baxmayaraq hamımız üçün vacib olan dövlət müstəqilliyinin qorunub saxlanılmasıdır. N.Pənahlı mövcud vəziyyətdən çıxmağın yeganə yolunu mütərəqqi qüvvələrin bir araya gəlməsində gördü".
Dünyəvi Bozqurd Partiyasının sədri Şakir Ulubəyli bildirdi: "M.Ə.Rəsulzadənin ucaltdığı bayrağı meydanlardan dünya birliyinin sıralarında dalğalandırılmasına qədər daşıyan şəxsin E.Məmmədov olduğunu heç kəs inkar edə bilməz və bundan böyük xalq qarşısında xidmətlər ola bilməz. İndi bizim vəzifəmiz dünyada tanınan və dalğalanan bayrağımızın "bir daha enməsinə” imkan verməmək, "ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev çıxışında Azərbaycan tarixinin saxtalaşdırılmasına diqqət çəkdi:”Ən böyük problem tariximizin saxxtalaşdırılması və ideologiyalara qurban verilməsidir”. Xalqımızın dövlətçilik tarixi qədimlərə gedib çıxdığı halda bir qrup bunu 1918-20-ci illərə, digər qrup isə 1969-cu, yaxud da 1933-cü ilə bağlayırlar. Azərbaycan dövlət müstəqilliyinin yenidən xarici dövlətlər tərəfindən tanıdılması E.Məmmədovla bağlıdır. Bunun üzərindən sükutla keçilməsi, elə tariximizin saxtalaşdırıılması deməkdir".
BAB təmsilçisi Aida xanım, Rusiya Federasiyasının Stavropol diyarında Azərbaycan diaspora təşkilatının qadınlar şurasının sədri Bəsti Mütəllimova, "Günaz” TV-nin Bakı ofisinin rəhbəri Araz Obalı, ziyalılardan Arif Əzizov, Aydin Əliyev və digər natiqlər öz çıxışlarında mövzu ilə bağlı fikirlərini bölüşdürdülər.