Bir deputatın cürəti çatmır ki, etirazını bildirsin

Azərbaycanda əsas hakimiyyət qollarından sayılan Milli Məclisin nüfuzu son illər aşağı düşür. Ölkənin ictimai-siyasi həyatına təsir edəcək proseslərin Milli Məclisdən idarə olunmadığı artıq aydın şəkildə görünür.

Təbii ki, Azərbaycanda prezidentli respublika üsul-idarəsi olsa da, Konstitusiyaya görə parlamentin də əhəmiyyətli funksiyaları var. Lakin reallıqda parlamentin proseslərə ciddi təsir edəcək hər hansı fəaliyyəti hiss olunmur. Bundan əlavə, Milli Məclis rəhbərliyinin deputatlara qarşı münasibəti də diqqətdən yayınmır. İclaslarda müəyyən mənada müstəqil fikir səsləndirənlərə qarşı sərt reaksiyalar olur. Hətta deputatı aşağılayan fikirlər də səslənir.

Son iclaslarda müzakirəyə çıxarılan və qəbul edilən "Deputatların etik davranış Qaydaları” ilə bağlı qanun layihəsi isə deputat institutuna qarşı ali münasibət sərgilənmədiyini ortaya qoyur.

"Onlar hakimiyyətlə birgə məhvə gedəcəklər»

"Reytinq” qəzetinin əməkdaşları mövcud durumla bağlı ölkənin ictimai-siyasi həyatında rolu olan şəxslərin fikirlərini öyrənərkən, AMIP  Siyasi Şurasının üzvü Əli Orucov isə bildirib ki, Milli Məclis hakimiyyətin bir qolu kimi heç vaxt müstəqil qurum olmayıb. Onun sözlərinə görə, xüsusən də son 15 il ərzində parlament Prezident Administrasiyasının bir şöbəsinə çevrilib:

«Hətta administrasiyanın şöbələrinin nüfuzu və təsiri də parlamentdən yüksək olub. Bunun da müxtəlif səbəbləri var.

Birinci səbəb ondan ibarətdir ki, Azərbaycanda seçkili sistem olmayıb və ümumilikdə seçkilər bir ənənə kimi formalaşmayıb. Yəni uzun illər Sovet totalitar rejimdə yaşayan cəmiyyətin müstəqillikdən sonra da azad və sərbəst surətdə öz iradəsini ortaya qoya bilməsinə imkan verilməyib.

İkincisi, Azərbaycanda hakimiyyət qolları arasında səlahiyyət bölgüsü formal xarakter daşıyıb və sərt mərkəzləşdirilmiş, innovasiyalara və təşəbbüslərə qadağalar, siyasi rəqabətə və mübarizəyə məhdudiyyətlər qoyulub. Yəni mövcud siyasi sistemin mahiyyəti ondan ibarətdir ki, yalnız birinci şəxs siyasətlə məşğul və siyasi lider ola bilər, qalanları isə icraçılar, inzibati-təsərrüfatçı funksiyasını yerinə yetirənlərdir.

Hər kəsə məlumdur ki, Azərbaycanda seçkilər formal xarakter daşıyır və kənd bələdiyyələrindən tutmuş parlament üzvlərinədək Prezident Administrasiyasının müəyyənləşdirdiyi siyahı əsasında "seçilir”. Və bu "seçimdə” də müxtəlif vasitələr mühüm rol oynayır. Külli miqdarda rüşvət, qohumluq, yerliçilik, hakim ailəyə sadiqlik, saraydaxili qruplaşmalar arasında kvota bölgüsü və s. kimi amillər əsas götürülür. Üstəlik, parlamentə düşən deputatların əksəriyyəti korrupsiyaya bulaşmış, yaxud da iqtidardan bu və ya digər şəkildə asılı şəxslər olurlar ki, onlar da itaətkarlıq göstərmək məcburiyyətində qalırlar. Hətta çoxunu belə vəziyyət qane edir və bundan məmnun görünürlər. Siz təsəvvür edin, Prezident Administasiyasından Milli Məclisə – hətta deputatın şəxsi maraqlarına birbaşa toxunan - qanun layihəsi təqdim olunur, amma bir deputatın cürəti çatmır ki, etirazını bildirsin».

Partiya funksioneri onu da deyib ki, Milli Məclis üzvünün etik davranışı ilə bağlı təqdim olunan qanun layihəsi sırf totalitar rejimlərə xas yanaşmadır və bu, ali qanunvericilik orqanının bir institut kimi tam sıradan çıxarılmasına hesablanıb: «Qanun layihəsini təqdim edənlər görünür, parlamentin Ayaz Mütəllibov və Əbülfəz Elçibəy iqtidarlarına necə asanlıqla "torba” tikib "çəpilkə” hakimiyyətə gətirib, "çəpiklə” də yola saldığını yaddaşına möhkəm həkk edib.

Onu da qeyd edim ki, Milli Məclis üzvləri özləri özlərini hörmətsiz ediblər. Çünki onlar xalqın səsi ilə deyil, saxtakarlıqla mandata sahibləniblər. Deputatlar o qədər nüfuzdan düşüblər ki, onların sorğularına hətta çox aşağı ranqlı məmur belə cavab vermir. Aylarla icra başçısının qəbuluna düşə bilməyən deputatlar var.

Bundan sonra parlamentdə mədhiyyələr, tərif yarışları başlayacaq. Saraydakıların hüsn-rəğbətini qazanmaq və sadiqlik nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxacaqlar ki, növbəti seçkilərdə də parlamentdə qala bilsinlər”.

Ə.Orucov qeyd edib ki, parlament üzvlərinin mandatlarını itirmələri o qədər asanlaşdırılır ki, sanki işəgötürən işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç” bəndi ilə işdən çıxarır: "Yəni "işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduğuna görə”. Belə şərtlər daxilində Milli Məclisin əhəmiyyəti də qalmır».


 Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu deyib ki, Azərbaycanda nə parlament, nə də deputat var. Onun qənaətincə, belə bir şəraitdə formal olan parlament rəhbərliyinin deputatlara olan münasibətini də təbii qarşılamaq lazımdır: «Çünki onlar düşünürlər ki, biz sizi siyahı əsasında təyin eləmişik, sizin də borcunuz susmaqdır. Lazım gələndə də kiməsə sözlə güllə atmaq, kimisə söymək, kimisə tərifləməkdir. Kimsə nəzərdə tutulmamış addım atırsa, onu təhqir edirlər. Bu səbəbdən də "deputat” adlandırılan şəxslər bu münasibəti haqq edirlər”.

Başqan müavininin sözlərinə görə, parlament "təyinatla” deyil, xalqın iradəsi ilə seçilməli, xalqın sözünü deməlidir: "Bir halda ki, Azərbaycanda seçki institutu ləğv olunub, onun imitasiyası da ortada yoxdur, o zaman hansı parlamentdən, hansı deputatdan danışmaq olar? Ona görə də düşünürəm ki, deputatlar heç nədən inciməməli, ünvanlarına deyilənləri şəkər-bal kimi qəbul etməlidirlər. Əgər "bazarlıqla” razılaşıblarsa, hər şeyi həzm etməlidirlər.

Nə qədər ki, Azərbaycanın saxta parlamenti, saxta deputatları var, həm Azərbaycan xalqının günü pis olacaq, həm də həmin deputatlar vaxtaşırı aşağılanacaqlar».

T.Yaqublu parlamentdə nə zamansa mərkəzdənqaçma meyllərinin olacağını da istisna eləmir. Onun fikrincə, cəmiyyətdə vəziyyət dəyişəndə, hakimiyyətin mövqeyi zəifləyəndə bu cür meyllərin olması qaçılmazdır: «Ağıllı insanlar görəcəklər ki, boş yerə özlərini yandırmağa dəyməz. Vəziyyət bir az dəyişən kimi, Milli Məclisdə indiki müxalifətçilərdən də çox müxalifətçilik eləyənlər tapılacaq, həqiqəti deməyə başlayacaqlar. Ancaq Siyavuş Novruzov kimi adamlar dəyişməyə bilərlər. Onların da geriyə yolları olmadıqları üçün bu hakimiyyətlə birgə məhvə gedəcəklər».

"Milli Məclisdə özü qərar verə biləcək şəxslər çox azdır"

ADP sədrinin müavini Həsrət Rüstəmov isə "Reytinq”in əməkdaşına deyib ki, Milli Məclisin hazırki tərkibi məlum dairədə çox diqqətlə araşdırılıb, seçildikdən sonra formal olaraq ümummilli seçkilər manipulyasiyası ilə formalaşdırılıb: «Başqa cür desək, orada hökumətə söz deyə biləcək, özü düşünüb qərar verə biləcək şəxslər çox azdır. Ümumi olaraq, bu hakimiyyətin idareətmə fəlsəfəsi parlamentarizmi və azad məhkəməni rədd edir. Təsadüfi deyil ki, bu iki hakimiyyət qolu digər hakimiyyət qolundan tamamilə asılıdır. Əslində isə demokratik idarəetmədən danışılan yerdə ilk gözəgörünən parlament və məhkəmə olmalıdır. Bir sözlə, hazırki Milli Məclis və məhkəmələrin fəaliyyəti, həmkarlar təşkilatının SSRİ-nin idarəetməsindəki roluna bənzəyir. Xatırladım ki, o vaxtkı həmkarlar ittifaqını zarafatla, idarəetmə maşınının 5-ci, yəni lazımsız təkəri adlandırırdılar”.

Nə zamansa parlamentdə mərkəzdənqaçma meyllərinin olmasına gəlincə, H.Rüstəmov bildirib ki, Milli Məclisdə (bu tərkibdə) az da olsa, ümumi xordan fərqlənən, həqiqətən də xalqı təmsil etməyə mənəvi cəhətdən layiq insanların olmasına inanmaq istəyir.


"Çoxu Milli Məclisə yalvararaq girib…”

Tərcüməçi-yazar Nadir Qocabəyli isə bu tendensiyanın seçkilərdən qaynaqlandığını düşünür. Onun sözlərinə görə, Azərbaycanda heç bir seçki praktikası özünü doğrultmur: «Bunda nə hakimiyyət, nə müxalifət, nə də xalq maraqlıdır. Bizim cəmiyyət seçkinin fəlsəfəsini anlamır, bunun üçün yetişməyib. Odur ki, ixtiyar və iqtidar sahibləri ondan şüar, şirma, qalxan, nə bilim, imitasiya vasitəsi kimi istifadə edirlər.

Son illər hakimiyyətin Qərb qarşısında demokratik imic sərgiləmək tələbatı da azalıb. Bunun səbəbləri çoxdur, ancaq əsas səbəb, mənə elə gəlir ki, bizimkilərin qərbdəkilərin "ağzını yummağa” müəyyən qədər müvəffəq olmasıdır.

Bunu iki yolla edə bilərlər: Qərbin özündə də demokratiyanın xeyli qüsurlarının olduğunu dəlillər vasitəsilə göstərməklə, bir də onların əsl maraqlarının təmin edilməsiylə. Zənnimcə, bunun hər ikisi var. Bu konktekstdə Məclisdəki təyinatlı, eyni zamanda, əksəriyyəti asılı, gözükölgəli, kasad intellektli olan deputatların sayılmaması təbiidir. Onlara deputat mandatı Prezident Administrasiyasından gələn qanunları tərifləyib, təsdiq etmək üçün verilib. Tənqidlər ola bilər, amma deklarativ xarakterli, yəni dişsiz. Bu çərçivədən kənara çıxanlar müvafiq qaydada yerinə oturdulur. Dediyiniz layihə də, bu məsələni tam qanuni məcraya salmaq məqsədi daşıyır».

Müsahibimiz onu da nəzərə çatdırıb ki, deputatların hörmətsiz olmasının səbəbi təkcə onların xalq tərəfindən seçilməməsi, yuxarıdan siyahı ilə təyin olunmasıyla bağlı deyil:

«Məsələ burasındadır ki, o insanların çoxu Milli Məclisə yalvararaq, öz vəzifələrini, məqamlarını, bizneslərini müdafiə, himayə etmək üçün giriblər. Hökümət onların əksəriyyətini bir göz qırpımında ifşa, hətta həbs edə bilər. Onların hörmətsizliyinin əsas səbəbini bir şəxsiyyət, ictimai-siyasi xadim, ziyalı kimi qüsurlu olmalarında axtarmaq lazımdır. Amma içərilərində az sayda hörmətli şəxslər də var. Yuxarıda göstərdyim səbəblərdən dolayı onların sərt, prinsipial mövqe nümayiş etdirməsi istisna olunur. Bu, əvvəlcədən nəzərə alınıb. Mütləq azlığın isə buna gücü yetməz».