Bunun qarşısı mütləq alınmalıdır

"Azərbaycan təcili şəkildə ermənilərin Dağlıq Qarabağ və ətraf rayonlarda məskunlaşdırmasının qarşısını almalıdır. Bunun üçün konkret addımlar atmaq lazımdır".

Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və lideri Etibar Məmmədov bildirib.

E.Məmmədov deyib ki, Ermənistanı nəzarətsiz buraxmaq olmaz:

"Bu gün Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yaşayış məskənləri salır, infrastruktur qurur, qanunsuz məskunlaşma siyasəti həyata keçirir. Bunun qarşısı mütləq alınmalıdır. Azərbaycan istənilən yolla bunun qarşısı almalıdır. Ən vacib şərtlərdən birir isə Dağlıq Qarabağ və ətraf 7 rayon üzərində uçuşlara qadağan zona elan edilməlidir. Çünki bu ərazilər Azərbaycana məxsusdur. Azərbaycanın tam ixtiyarı var ki, öz ərazislərinin hava məkanında uşuşa qadağan zona elan etsin. Bu, hüquqi baxımdan da Azərbaycana tam imkanlar yaradır. Dünyada da bu cür təcrübələr çoxdur. Misal üçün İraq müharibəsi zamanı bu ölkə öz hava məkanında uçuşa qadağan zona elan etmişdi. Yəni, bu dünya təcrübəsində mövcuddur. Elə ölkələr var ki, öz ərazisinə nəzarət edə bilmədiyi üçün həmin ərazilərin hava məkanını qadağan olunan zona elan edir. Bundan sonra isə həmin ölkə istənilən halda uçan obyekti vurmaq səlahiyyəti qazanır. Əgər Azərbaycan bunu etsə, o zaman Paşinyan da həyasızcasına Qarabağa vertolyotla gələ bilməz. Mən bir daha qeyd edirəm ki, Nikol Paşinyanın atdığı sərsəm addımlara qarşı adekvat tədbirlər görülməlidir. Gözləməkdən bir nəticə çıxmaz, hərəkət lazımdır. Gözləmək lazım deyil ki, ay Rusiya və digər dövlətlər Paşinyanı cəzalandıracaq və sairə".

Noyabrın 24-nə Qarabağ mitinqinə də toxunan E.Məmmədov sözügedən mitinqə dəstək verdiyini söyləyib:

"Mən hakimiyyətin də icazə verdiyi Qarabağ mitinqinin keçirilməsini dəstəkləyirəm. Bu cür mitinqlər olmalıdır. Qarabağ hər birimizin ümummilli məsələsidir. Ona görə də bu məsələ təkcə bir adamın, bir təşkilatın, bir partiyanın inhisarında ola bilməz. Baxmayaraq ki, AXCP-Müsavat Qarabağ mitinqinə dəstək vermir, ancaq mən hesab edirəm ki, bu cür tədbirləri dəstəkləmək vacibdir".