Çox az mətbuatda siyasi partiyaların fikirləri gündəmə gətirilir

Mətbuat katibləri hər bir qurumun görünən üzü olur. Amma bəzən belə hallar da müşahidə edilir ki, qurumun mətbuat xidməti – mətbuat katibi var, amma fəaliyyəti diqqət çəkmir. Elə siyasi partiyalarda olduğu kimi...

Mətbuat katiblərilə bağlı budəfəki yazımızda siyasi partiyalara toxunacağıq. Xatırlayırsınızsa, əvvəllər siyasi partiyaların sanballı, media ilə sıx təmasda olan, tanınmış mətbuat katibləri vardı... Müsavatda Mehman Cavadoğlu, AXCP-də İsaq Əvəzoğlu, ADP-də Şahin Nəcəfli, AMİP-də Əli Orucov, VHP-də Elçin Mirzəbəyli, İslam Partiyasında Qurban Cəbrayıl... İndi onların heç biri yoxdur...

Adları çəkilən bu partiyalarda indi də mətbuat xidmətləri fəaliyyət göstərir, amma diqqətçəkən işlər ortaya qoya bilmirlər..

Hər halda bunu əksər jurnalistlər belə deyir... Səbəblər nədir?..

Məsələ ilə bağlı Modern.az-a danışan Müsavat Partiyası Mərkəzi icra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, hazırda bu siyasi təşkilatda informasiya şöbəsi var.

"Şöbənin müdiri Mustafa Hacıbəyli, kifayət qədər tanınmış, təcrübəli jurnalistdir, siyasətçidir. Ona görə də Müsavat Partiyasında belə bir problem yoxdur. Partiya ilə bağlı bütün məsələlərə Mustafa Hacıbəyli operativ olaraq cavab verir. Müsavat Partiyasında mətbuat xidməti hər zaman fəal çalışır”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, mətbuat xidməti informasiyanın hazırlanıb ərsəyə gəlməsinə məsuldur.

"Əgər partiyanın fəaliyyətində cəmiyyət üçün maraqlı olan bilgi vermək imkanı yoxdursa, mətbuat xidməti nə edə bilər ki?... Əvvəllər Azərbaycanda mətbuatda müstəqillik çox idi, ona görə də informasiya çox yayılırdı. İndi biz informasiyanı yaysaq belə, çox az mətbu orqanı müxalif partiyanın mətbuat xidmətlərinin məlumatlarına maraq göstərir. Bizim partiyamızın mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılovdu. Mütəmadi olaraq partiyanın gördüyü işlər barədə məlumatlar hazırlayır, mətbuat orqanlarına göndərilir”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi şurasının üzvü Əli Orucov deyib ki, bu məsələdə məsuliyyətin bölüşdürülməsi həm də mətbuat işçiləri ilə bağlıdır.

"Çünki jurnalistlər də həmin mətbuat katibləri ilə mütəmadi olaraq işləmirlər, çalışırlar ki, birinci şəxslərlə əlaqə qursunlar. Partiyaların mətbuat katiblərinin gözə çarpmamasının səbəblərindən biri də budur. İkinci bir səbəbi mən onda görürəm ki, bir vaxtlar dövrü mətbuat siyasi partiyalarla bağlı daha geniş, mütəmadi məlumatlar verərdi. Amma son illər bu, bir qədər məhdudlaşdırılıb. Çox az saytda siyasi partiyaların fikirləri gündəmə gəlir. Bütün bunlardan başqa, partiyaların özündə də sünilik var, bunu etiraf etmək lazımdır. Mətbuat xidmətlərinin işi partiyanın gördüyü işləri çatdırmaq, mətbuat vasitəsilə partiyanın əlaqələrini genişləndirmək və özünü cəmiyyətə təqdim etməkdən ibarətdir. Partiyanın fəaliyyəti zəif olanda, mətbuat katibləri vitrinə nə çıxarmalıdır?”.

Ə.Orucov deyib ki, AMİP-də 2011-ci ildən mətbuat katibi vəzifəsi boş qalıb.

"2011-ci ilə qədər partiyanın mətbuat katibi mən idim, mən istefa verəndən sonra partiyaya mətbuat katibi təyin olunmayıb. Baş katibin həmin dövrdə mətbuata verdiyi açıqlamaya görə, həmin funksiyanı öz üzərinə götürüb”.