“Təxminlərə görə dünyada yaşayan azərbaycanıların sayı 50 milyon nəfərdən çoxdur. Bu rəqəm kifayət qədər böyükdür”.
Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyası liderinin köməkçisi Əli Orucov deyib.
Onun sözlərinə görə, azərbaycanlıların kompakt yaşadıqları coğrafi məkanlar da genişdir:
“Təəssüflər olsun ki, bu böyük gücdən Azərbaycan dövləti lazımınca faydalana bilmir. İndiyədək diasporun yaradılmasına və soydaşlarımızın təşkilatlanmasına milyonlarla vəsait ayrılsa da, bu vəsait təyinatı üzrə xərclənmədiyindən və ayrı-seçkilik ucbatından istənilən nəticə hasil olunmayıb. Çünki birbaşa məsul olan qurumlar və cavabdeh vəzifəli şəxslər dövlətin yürütdüyü diaspora siyasətini sabotaj etməklə məşğuldurlar. Diasporun ayrı-ayrı şəxslərin maraqlarına qurban vermək və yaxud da şəxsi münasibətlər zəminində iş qurmaq olmaz. Bu gün Azərbaycan erməni yalanının, məkrli təbliğat maşınının hədəfinə çevrilib. Hər şeyi dövlətdən, prezidentdən gözləmək kökündən yanlışdır. Faktiki olaraq, Azərbaycan dövlət başçısı erməni diasporu, lobbisi və onların havadarları ilə meydanda təkbaşına mübarizə aparır. Halbuki, indiki məsuliyyətli və həssas dönəmdə əsas Azərbaycanın maraqlarının müdafiəsi, haqq işi sinxron şəkildə həyata keçirilməli, diaspor lokomotiv rolunu oynamalıdır”.
Ə.Orucov bildirib ki, Ermənistan dövlət büdcəsinin formalaşmasında erməni diasporunun 20-25 faiz payı var:
“Yəni, büdcənin dörddə birini erməni diasporu maliyyələşdirir. Bundan başqa, Ermənistanın xarici ölkədəki diplomatik nümayəndəlikləri və yaxud erməni milli mərkəzlərinin bütün xərcləri də diasporun üzərindədir. Xaricdə yaşayan azərbaycanlı iş adamları, eləcə də digər sahələrdə çalışan yüzlərlə soydaşlarımızın potensialından Diasporla İş üzrə Dövlət Komitəsi faydalana bilmir. Həm də ona görə ki, səriştəsizdilər, məsuliyyətlərini dərk etmirlər”.
Partiya funksioneri vurğulayıb ki, diasporun gücləndirilməsinə və fəaliyyətinin yenidən qurulmasına ciddi zərurət var:
“Təbii ki, köhnə səhvlər və yanaşmalar da dəyişməlidir. Ola bilər ki, xaricdə yaşayan hansısa soydaşımızın indiki hakimiyyətə baxışları fərqlidir, amma bu heç də həmin şəxslərin diaspor fəaliyyətindən kənarlaşdırılması üçün əsas olmamalıdır. Diaspor Azərbaycanın daxili siyasətinə deyil, beynəlxalq münasibətlər sistemində maraq və mənafelərinin qorunmasına cəlb edilməlidir. Xarici dövlətlərin həyatında mühüm təsir göstərə biləcək şəxslər müəyyənləşdirilib, onların həm diaspora işlərinə cəlb edilməsi, həm də həmin dövlətlərdə, cəmiyyətlərdə mühüm yer tutmasına dəstək verilməsi məqsədəmüvafiq olar”.
Ə.Orucov Azərbaycandan kənarda, xüsusən də, Rusiyada, Türkiyədə, İranda, Gürcüstanda böyük nüfuz sahibi olan soydaşlarımızın olduğunu vurğulayıb:
“Eləcə də müxtəlif sahələrdə uğur qazanmış insanlarımız da kifayət qədərdir. Onların zəngin təcrübəsindən, geniş əlaqələrindən və potensialından səmərəli istifadə etmək lazımdır. Dünya Azərbaycanlılarının Qurultayları keçirilir, qarşıya konkret məqsəd və vəzifələr qoyulur. Lakin qurultaydan sonra hər şey unudulur. Bəzən xaricdə yaşayan həmyerlilərimiz arasında təfriqələrin və intriqaların baş verməsi haqqında məlumatlara da rast gəlirik. Belə məqamlarda Diasporla İş üzrə Dövlət Komitəsi tərəf tutmamalı, barışdırıcı mövqedə olmalı və tənzimləyici kimi çıxış etməlidir. Mühacirətdə yaşayan soydaşlarımızın problemlərinə, istək və təkliflərinə diqqət yetirilməlidir ki, onlar Azərbaycan dövlətinin qüdrətini və qayğısını hiss etsinlər. Diasporla İş üzrə Dövlət Komitəsi isə fəaliyyətini ancaq gözə kül üfürməklə bitmiş hesab edir. Tutaq ki, xaricdə Azərbaycanla bağlı hansısa tədbir keçirilir, amma ordakı həmyerlilərimizin bundan xəbəri olmur. Komitədə çalışanların, yaxud da rəhbər şəxslərin bir qrup yaxın ətrafı Bakıdan təyyarəyə minib, tədbirdə şəkil çəkdirib qayıdırlar. Belə olmamalıdır. Hesab edirəm ki, hökumət mütləq diaspor məsələsinə əl gəzdirməli, nizam-intizam yaratmalı, dövrün tələblərinə uyğunlaşdırmalıdır”. /Millet.az/