Dövlət büdcəsi yenə neftin ümidinə qaldı

Milli Məclisdə büdcə müzakirələri başa çatdı və 2020-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində təsdiq olundu.

Bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. Büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri (10 milyard 536 milyon 500 min manat) 43 faiz, neft gəlirləri (13 milyard 947 milyon 500 min manat, o cümlədən Dövlət Neft Fondundan transfer 11 milyard 767 milyon 500 min manat) isə 57 faiz təşkil edəcək.

Qeyd edək ki, 2020-ci il üzrə dövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft gəlirləri cari ilə nisbətən 1 milyard 68 milyon 800 min manat və ya 11,3 faiz çoxdur. 2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1 milyard 133 milyon 700 min manat olması planlaşdırılır ki, bu da cari ilin göstəricisindən 888 milyon 300 min manat və ya 43,9 faiz azdır. Büdcə xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 9,9 faiz-bəndi və ya 2 milyard 664 milyon 200 min manat çoxdur.

Göründüyü kimi, dövlət büdcəsinin neft gəlirlərindən asılılığı ciddi şəkildə qalmaqdadır. Ümumilikdə illər üzrə statistik məlumatları təhlil etdikdə, transfertlərdə artım tempi müşahidə olunur. Məsələn, 10 il öncə Neft Fondundan Dövlət büdcəsinə transfertlər 40 faiz civarında idisə, indi bu 48 faizdir. Halbuki hökumətin hədəfi büdcədə qeyri-neft sektorunun payını artırmaq, büdcənin neftdən asılılığını azaltmaq idi.

2015-ci il devalvasiyalarında sonra hökumət qeyri-neft sektorunun inkişafında daha inamlı mövqe sərgilədi. Lakin son illər neftin qiyməti qalxandan sonra, hökumət yenidən arxayınlaşdı. Dövlət büdcəsinə əsasən, vergilər və gömrük daxilolmaları hesabına vəsait yığılır ki, bu vəsaiti də qeyri-neft sektoru kimi göstərmək istəyirlər. Nəticədə qeyri-neft sektoru inkişaf etdirilə bilmədi.

Maraqlıdır, Azərbaycanın yaxın illərdə neft asılılığı nə qədər azala bilər?

İqtisadçı-alim Vüqar Bayramov "Cümhuriyət” qəzetinə bildirib ki, 2020-ci ilin dövlət büdcəsində büdcə gəlirlərinin formalaşmasında neft sektoru yenə aparıcı olaraq qalacaq: "Büdcə gəlirlərinin 56 faizdən çoxu neft gəlirlərinin, təxminən 43 faizdən yuxarısı isə qeyri-neft sektorunun payına düşəcək. Praktik olaraq neft sektoru yenə də növbəti ilin dövlət büdcəsində dominant sahə olaraq qalmaqdadır. Baxmayaraq ki, 2019-cu illə müqayisədə büdcə gəlirlərində neft sektorunun payı faiz etibarilə azalıb, amma yenə də neft iqtisadiyyatda üstün rol oynayır. Ümumiyyətlə, öncədən proqnozlaşdırmışdıq ki, qısa zamanda neft sektorunun ümumi fiskal gəlirlərinin payını kəskin azaltmaq mümkündür. Çünki Azərbaycan enerji ölkəsi olduğu üçün neft satışından əldə olunan gəlirlər növbəti dövrlərdə də aparıcı olacaq. Digər tərəfdən büdcə gəlirlərində neft sektorunun payı, həm də Dövlət Neft Fondunun transfertləri hesabına formalaşır.

Transfertlər həm də Azərbaycan üçün valyutaya olan tələbin ödənilməsi baxımından vacibdir. Əgər Dövlət Neft Fondundan nisbətən az vəsait transfert olunarsa, bu, valyutaya olan tələbin ödənilməsində çətinlik yarada bilər. Bu baxımdan balansın qorunub saxlanması, həm də valyutaya olan tələbin ödənilməsi baxımdan vacibdir. Əsas hədəf ondan ibarətdir ki, fiskal gəlirlərdə qeyri-neft sektorunun payının artmasına nail olmaq mümkün olsun. Bunun üçün Azərbaycan ixracatında da qeyri-neft sektorunun payının paralel olaraq artırılmasına ehtiyac var. Əgər ixracatda qeyri-neft sektorunun payında kəskin artımlar olmazsa, fiskal artımlar valyutaya olan tələbin ödənilməsində çətinlik yarada bilər”.

Analitik onu da qeyd edib ki, hazırda Azərbaycanın ümumi ixracatında qeyri-neft sektorunun payı təxminən 11 faizdir: "Təbii ki, indiki halda, ümumi ixracatda qeyri-neft sektorunun payının 30 faizə qədər çatdırılmasına ehtiyac var. Bu halda, fiskal gəlirlərin formalaşmasında qeyri-neft sektorunun payının artmasını müşahidə edə bilərik. Büdcə gəlirləri üçün 2025-ci ilə qədər olan dövrdə qeyri-neft sektorunun payının artırılması hədəfdir. Xüsusən yaxın 3 ildə hökumət qeyri-neft sektorunda büdcə gəlirlərinin payının 60 faizə çatdırılmasına nail olmağa çalışmalıdır. Qeyri-neft ixracatının ümumi ixracatda payının sözügedən müddətdə 30 faizə çatırılmasına ehtiyac var ki, bu həm valyutaya olan tələbin ödənilməsində çətinlik yaratmasın, həm gəlirlərin formalaşmasında, həm də ümumi ixracatda qeyri-neft sektorunun payının artmasına və neftdən asılılığın aradan qaldırılmasına gətirib çıxarsın”.

"Strateji Yol Xəritəsində 2020-ci ildə qeyri-neft sektorunun payının kəskin artırılması proqnozlaşdırılmır”

Vüqar Bayramovun sözlərinə görə, Strateji Yol Xəritəsində 2020-ci ildə qeyri-neft sektorunun ümumi makroiqtisadi göstəricilərdə payının kəskin artması, dəyişdirilməsi nəzərdə tutulmayıb: "Strateji Yol Xəritəsində qeyri-neft sektorunun payının dəyişdirilməsi 2020-ci ildən sonrakı dövrə hədəflənib. Güman edirəm ki, sözdə Strateji Yol Xəritəsindəki hədəflərə diqqət yetirsək, 2020-ci ilədək qeyri-neft sektorunun payının kəskin artırılması proqnozlaşdırılmır. Çünki enerjisi ölkəsi olan Azərbaycanda qısa zamanda qeyri-neft sektorunun makroiqtisadi göstəricilərinin payının kəskin artırılması praktik olaraq çətindir. Ona görə də hökumət üçün hədəf 2025-ci ilədək makroiqtisadi göstəricilərdə qeyri-neft sektorunun payının bəlli həddə qədər yüksəlməsinə nail olmaq olmalıdır”.
Yeganə Oqtayqızı

Cebhe.info