AMİP katibi: "Qarşıya qoyulan əsas vəzifələrdən biri də partiyanın itirilmiş bəzi mövqelərinin bərpası ilə bağlı olub”
"Son günlər siyasətə qayıdıb-qayıtmadığımı soruşurlar. Mən bununla bağlı heç bir söz demək istəmirəm”. Bu sözləri modern.az saytına açıqlamasında son vaxtlar siyasətə qayıdacağı ilə bağlı söz-söhbətlərlə gündəmə gələn Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucu lideri Etibar Məmmədov söyləyib. O bildirib ki, daha ciddi məsələlər var: "Kim nə danışır danışsın, mən bununla bağlı heç nə demirəm. Dünyada önəmli hadisələr baş verir, Azərbaycanın o qədər problemləri var. Bunlara vaxt ayırmaq daha faydalıdır”.
E.Məmmədov onu da əlavə edib ki, siyasətlə bağlı müxtəlif mövzularda jurnalistlər ona müraciət edə bilərlər. Və o, siyasətlə bağlı məsələləri şərh etməyə hazırdır.
Qeyd edək ki, AMİP-in qurucusu və ilk sədri olan E.Məmmədov 2005-ci il parlament seçkilərindən sonra aktiv siyasətdən uzaqlaşdığını elan edib. Son vaxtlar isə onun AMİP-in rəsmi rəhbəri statusu ilə aktiv siyasətə qayıdacağı ilə bağlı xəbərlər yayılır.
Oktyabrın 13-də "Ambassador” hoteldə AMİP Mərkəzi Şurasının iclası keçirilib. AMİP Mərkəzi Şurasının sədri Aydın Əliyevin sədrliyi ilə keçirilən iclasda AMİP-in növbəti Xİ Qurultayının çağırılması ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qurultayın çağırılması ilə bağlı qərar qəbul olunub, qurultayın keçiriləcəyi tarixi və yeri müəyyənləşdirmək AMİP Siyasi Şurasına həvalə edilib. Etibar Məmmədovla bağlı məsələnin məhz həmin qurultayda reallaşacağı istisna edilmir.
Etibar Məmmədovun yuxarıdakı açıqlamasında "aktiv siyasətə qayıtmaq fikrində deyiləm” cümləsi və fikrinin olmaması da bu ehtimalı ciddiləşdirir.
Bəs Etibar Məmmədov AMİP-in başına yenidən rəsmi lider və ya sədr statusu ilə keçsə, bu, partiyanın güclənməsinə gətirər?
AMİP katibi Əli Orucov "Yeni Müsavat”a bildirdi ki, 13 oktyabrda keçirilən partiyanın Mərkəzi Şurasının növbəti toplantısında bir sıra aktual məsələlər geniş və hərtərəfli müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. Qarşıya qoyulan əsas vəzifələrdən biri də partiyanın fəaliyyətinin daha da artırılması, cəmiyyətdəki nüfuzunun möhkəmləndirilməsi və itirilmiş bəzi mövqelərinin bərpası ilə bağlı olub: "Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıdışı öz qərarından və cəmiyyətin siyasi fəallığından, o cümlədən tələb və istəyindən asılıdır. Etibar bəyin hazırkı statusu kifayət qədər yüksək statusdur, partiyanın lideridir. Və bu status da partiya nizamnaməsinin 45, 52, 53.b və 61-ci maddələri ilə tənzimlənir. Partiyanın nizamnaməsinə uyğun olaraq Etibar Məmmədov AMİP-in 2005-ci ildə qurultayı tərəfindən Lider elan olunub. Ona görə də Etibar Məmmədovun yenidən AMİP-ə rəsmi lider gətirilməsi, yaxud da sədr vəzifəsinə qayıdacağı barədə deyilənlər əsassızdır. Cəmiyyətdə ictimai-siyasi fəallıq artmaqdadır, təbii ki, cəmiyyətin ayrılmaz tərkib hissəsi kimi AMİP də bu fəallığın artmasına, özünün də partiya kimi daha da güclənməsinə çalışacaq”."Yeni Müsavat”