Müxalifət daxilində qarşıdurmaların, narazılıqların hökm sürməsi diqqətdən yayınmır. Bu düşərgədə təmsil olunan siyasi partiyalar əsas hədəfləri olan hakimiyyətə gəlmək məqsədlərini bir kənara qoyaraq, "ana müxalifət” olmaq uğrunda uzun illərdir ciddi şəkildə mübarizə aparırlar. Bu da şübhəsiz ki, müxalif camiənin zəifləməsinin əsas səbəblərindən biri kimi göstərilir.
AMİP Siyasi Şura üzvü Əli Orucov fərqli mövqeyə sahibdir: "Yanlış olaraq elə təsəvvür yaradılır ki, guya ölkədə olan çoxsaylı problemlərin baiskarı müxalifət daxilindəki çaxnaşmalar və didişmələrdir, ölkəni də indiki çətin duruma məhz müxalifət daxili proseslər salıb. Müxalifət daxilində problemlərin və neqativ halların olmasını heç vaxt danmamışıq. Bununla bağlı da tənqidi fikirlərimizi, eləcə də çıxış yolları haqqında fikirlərimizi demişik. Müxalifət daxilində münasibətləri qızışdıran və gərginliyi yaradan da, katalizatorluq edənləri siyasi arenada saxlayan da məhz iqtidardır. Amma gec-tez bu proseslər və xoşagəlməz mənzərə aradan qalxacaq. Müxalifət daxilində sağlam rəqabətin olması vacibdir. Sivil cəmiyyətlərdə də hətta görürsən əlbəyaxa davaya da çıxılır, amma bu qədər şişirdilmir. AMİP həmişə müxalifətdaxili intriqalardan və çəkişmələrdən çalışıb ki, uzaq olsun. Təəssüflər olsun ki, üzərlərinə dağıdıcı və parçalayıcı vəzifələr qoyulmuş bəziləri bizi də təhrik etməyə çalışırlar ki, vəziyyəti daha da mürəkkəbləşdirsinlər.
Fikrimcə, müxalifətdə hadisələrə soyuqqanlı yanaşan, təhrikə uymamağı bacaran təcrübəli siyasətçilərin sayı az olduğundan hakimiyyətin "parçala və hökm sür” siyasəti uğur qazanmaqdadır. İqtidarın özündə də birlik və monolitlik yoxdur. Bir neçə qruplaşmanın olması barədə zaman-zaman dövrü mətbuatda fikirlər səsləndirilib. Müxalifət daxilində ziddiyyətlərin olması o qədər də təhlükəli deyil, çünki əlində hakimiyyət və hakimiyyətin verdiyi səlahiyyətlər yoxdur. Kimlərsə özünü ana müxalifət sayırsa, bu onların öz işidir, nə istəyirlər saysınlar. Amma hakimiyyət daxilində qrupdaxili maraqların toqquşması, qeyri-sağlam rəqabət, mübarizə, çəkişmə dövlətçiliyimiz üçün böyük risq yaradır, dövlətin etibarını və sütunlarını zədələyir. Odur ki, müxalifətdaxili problemlərdən narahat olmağa və bunu geniş müzakirələrə çıxarmağa dəyməz. Bizi yaxalayacaq, dövlət və millətin maraqlarına toxunan və toxuna biləcək problemlərin üzərinə getmək məncə, daha yaxşı olardı”.
"Yeni Müsavat”