"İranda başlayan etirazlar sözsüz ki, ölkənin siyasi və iqtisadi sabitliyini təhdid edən ciddi bir böhranı ifadə edir. Etirazların xüsusiyyətləri və miqyası göstərir ki, bu proses təkcə sosial hadisə deyil, eyni zamanda siyasi sistemin etibarlılığını və dövlətin idarəetmə qabiliyyətini sarsıdan genişmiqyaslı problemə çevrilib. Bu hadisələrin İranın siyasi sistemi və gələcəyi baxımından dərindən təhlil edilməsi olduqca vacibdir. Məlumdur ki, İranda mövcud olan sosial və iqtisadi böhranın əsasları çoxsaylı struktur problemlərindən qaynaqlanır. Son illərdə inflyasiyanın artması və iqtisadi çətinliklər, xüsusilə milli valyutanın dollar qarşısında kəskin dəyər itirməsi əhalinin alıcılıq qabiliyyətini ciddi şəkildə zəiflədib. Hakimiyyətin etirazlara verdiyi cavablar isə əsasən təhlükəsizlik qüvvələri vasitəsilə güc tətbiqi ilə müşayiət olunub".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
Qeyd edək ki, İranda dekabrın 28-dən milli valyutanın dollara qarşı kəskin ucuzlaşması ilə başlayan etirazlar artıq 11 gündür davam edir. Məlumatlara görə, aksiyalar zamanı 36 nəfər ölüb, onlarla insan yaralanıb, 2 076 nəfər saxlanılıb, lakin rəsmi açıqlama verilməyib. Hökumətin etirazçılara təklif etdiyi 7 dollarlıq yardım ciddi narazılıq doğurub. Gərginlik fonunda Rza Pəhləvi hakimiyyətin legitimliyini itirdiyini bəyan edib, ABŞ və İsrail isə İranın nüvə proqramı ilə bağlı sərt mövqelərini açıqlayıblar.
Siyasi şərhçi qeyd edib ki, bu cür repressiv yanaşmaların uzun müddət davam etməsi çətin görünür, çünki cəmiyyətin müxtəlif təbəqələrinin tələbləri və narazılıqları getdikcə dərinləşir.
"Bu şəraitdə İranın qarşısında iki əsas seçim dayanır: birincisi, mövcud sosial gərginliyi azaltmaq məqsədilə müəyyən islahatların həyata keçirilməsi, ikincisi isə güc tətbiqinin artırılması və potensial olaraq daha sərt avtoritar idarəetmə modelinə keçid. Hər iki ssenarinin özünəməxsus üstün və zəif cəhətləri mövcuddur. İlk növbədə islahatların həyata keçirilməsi ehtimalına nəzər salmaq lazımdır. Sosial və iqtisadi vəziyyətin yaxşılaşdırılması etirazların əsas səbəblərini qismən də olsa aradan qaldıra bilər. Bu, eyni zamanda hakimiyyətin cəmiyyətin geniş təbəqələri qarşısında legitimliyini gücləndirə bilər. Lakin belə islahatlar ciddi siyasi dəyişikliklər və idarəetmənin daha az mərkəzləşdirilmiş formaya keçməsini tələb edir ki, bu da İranın mövcud siyasi sistemi ilə uyğunluq təşkil etmir. İranın idarəetmə modeli kifayət qədər sərt və ierarxikdir, bu isə dərin islahatların həyata keçirilməsini xeyli çətinləşdirir. Üstəlik, ölkədəki təbəqələşmiş sosial struktur və siyasi qarşıdurmalar bu prosesin reallaşmasını daha da mürəkkəbləşdirir. Digər tərəfdən, güc tətbiqinin artırılması rejimin mövcud siyasi strukturlarını qorumağa yönəlmiş bir yanaşma kimi qiymətləndirilə bilər. Bu, hakimiyyətin sərt müqavimət göstərməsi və etirazçıların fəaliyyətinə qarşı daha aqressiv reaksiyalarla nəticələnə bilər. Lakin bu yanaşmanın uzunmüddətli nəticələri ciddi suallar doğurur. Çünki əksər hallarda güc tətbiqinin genişlənməsi radikallaşmanı sürətləndirir və sosial gərginliyi daha da artırır. Bu baxımdan, İran hakimiyyəti faktiki olaraq bir dilemma ilə üz-üzədir. Hakimiyyət də anlayır ki, güc yolu ilə etirazların müvəqqəti yatırılması mümkün olsa belə, bu, davamlı həll yolu deyil və ölkənin sosial sabitliyini, eləcə də siyasi legitimliyini ciddi şəkildə zədələyir. Nəticə etibarilə, İranın qarşısında dayanan əsas məsələ təkcə “idarəolunan böhran” deyil, eyni zamanda sistemli siyasi dəyişikliklərin zəruriliyidir. İqtisadi və sosial təzyiqlərin artması, ictimai narazılığın dərinləşməsi və vətəndaşların həyat şəraitinin pisləşməsi sonda siyasi dəyişikliklərə zəmin yarada bilər. Lakin bu dəyişikliklərin nə dərəcədə sürətli və dərin olacağı əsasən rejimin hansı yolu seçəcəyindən asılıdır. Hakimiyyət sərt güc tətbiqini üstün tutarsa, etirazların genişlənməsi və mövcud sistemin zəifləməsi qaçılmaz görünür. Əgər sosial və iqtisadi islahatlar yolunu seçərsə, bu, uzunmüddətli sabitlik baxımından müsbət addım ola bilər, lakin bu istiqamət həm vaxt, həm də güclü siyasi iradə tələb edir. İran hakimiyyətinin hansı strategiyanı seçəcəyi təkcə daxili amillərlə deyil, eyni zamanda beynəlxalq təzyiqlər və regionda baş verən geosiyasi dəyişikliklərlə də sıx bağlıdır. Bu səbəbdən yaxın perspektivdə hansı yolun üstünlük təşkil edəcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Bununla belə, demək olar ki, İran əhəmiyyətli bir tarixi dönüm nöqtəsinə yaxınlaşmaqdadır".