AMEA prezidenti Ramiz Mehdiyevin akademiyadakı idarəetmə üsuluna, akademiyada yaratmış olduğu qeyri-sağlam mühitə qarşı çıxan institut direktorlarının haqlı etirazına cavab olaraq fevralın 10-da AMEA Mətbuat xidmətinin akademiyanın rəsmi saytında yaymış olduğu qeyri-etik “Məlumat” hər kəsin səbr kasasını daşırmışdır. Bu “məlumatı” Ramiz Mehdiyevin və onun “komandasının” 44 günlük Vətən Müharibəsində düşmən üzərində qazanılmış möhtəşəm qələbəyə görə Azərbaycan cameəsindən qisası da adlandırmaq olar. Çünki bu “məlumatda” 44 gün ərzində hər saat, hər dəqiqə dövlətinin və xalqının yanında olan insanlar, strukturlar hədəf olaraq seçilmişdir. Bu müharibədə birmənalı şəkildə Ali Baş Komandana dəstək ifadə edən müxalifət partiyalarını nifrətlə “avtobus, yaxud cib müxalifəti”, gecə-gündüz efirdə, mətbuatda, xalqın içində olan deputatları “Milli Məclisin trolları” adlandıran Ramiz Mehdiyev bununla özünün əsl mövqeyini ortaya qoyub.
Alimlərin, deputatların iradlarını “diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmağa hesablanmış tamaşa” adlandıran Ramiz Mehdiyev açıq-aşkar təxribat püskürür. Açıq-aşkar görünür ki, Ramiz Mehdiyev torpaqlarımızın 30 illik işğaldan azad olunmasını, işğaldan azad olunmuş ərazilərdə sürətli quruculuq işlərini, Ermənistanın günbəgün küncə sıxışdırılmağını həzm edə bilmir. Ona tuşlanan iradların “sifariş mahiyyəti daşıdığı” barədə hökm verir, bununla növbəti dəfə hakimiyyətə meydan oxuyur.
Əslində Ramiz Mehdiyev bütün bunlarla özünün siyasi kimliyini büruzə verdiyinin fərqində deyil, biz bu leksikonla artıq radikal müxalifətin hadisələrə qərəzli yanaşmasından tanışıq, yalnız bir məsələni aydınlaşdırmaq qalır: Ramiz Mehdiyev radikal müxalifətin leksikonu ilə danışır, yoxsa radikal müxalifət Ramiz Mehdiyevin leksikonu ilə. Görəsən, “ilana zəhər verən kərtənkələ” misalına görə bunların hansı ilan, hansı kərtənkələdir?
Məlumatda diqqət birdən-birə tamam başqa müstəviyə keçirilir, “öz övladlarını rus məktəblərinə qoyan azərbaycanlılar da xainlər, milli satqınlardır?” – deyə mövzu dəyişdirilir, halbuki bütün etirazlar akademiyada Ramiz Mehdiyevin yaratmış olduğu eybəcər idarəetmə sistemi barədədir. Hamı bilir ki, Azərbaycanda rus məktəbləri ilə bağlı heç bir problem yoxdur və Ramiz Mehdiyev haralarasa ötürdüyü bu mesajı ilə özünün beşinci kalon sifətini də büruzə verir. Bu hərəkəti sübut edir ki, bu insan öz şəxsi ambisiyasına görə Azərbaycanın milli və dövlət maraqlarını istənilən vaxt zərbə altında qoya bilər.
“Məlumat”da Samuel Consonun “Millətçilik yaramazların sonuncu sığınacağıdır” sözləri ciddi arqument kimi xatırladılır. Azərbaycanda milli ruhu öldürmək, milli özünüdərki zədələmək, milli kadrları sıradan çıxarmaq üçün bu cür tezisləri əlində bayraq edən şəxsin Azərbaycan milli-mənəvi dəyərlərinə illər boyu hansı zərəri vura biləcəyini və vurduğunu düşünəndə adamı dəhşət bürüyür. Və bu gün Azərbaycan elminin başına açdığı oyunların hansı düşüncədən qaynaqlandığı məlum olur.
Ramiz Mehdiyevin elmi-intellektual səviyyəsinin güzgüsü olan “Məlumat”ın ikinci hissəsində “AMEA-nın özünə alim deyən, ancaq Azərbaycan elminə zərrə qədər də xeyri dəyməyən bəzi obrazlar” deyə akademiyanın görkəmli alimlərinə hücum çəkilir, Vaqif Abbasov, Misir Mərdanov, Musa Qasımlı, Nəcəf Müseyibli kimi Azərbaycan elmi mühitində kifayət qədər tanınmış alimlərin elmi səviyyəsi şübhə altına alınır. Deyəsən, Ramiz Mehdiyev öz dediyinə özü də inanmır, dediklərini sübut eləməyə arqumenti olmadığından onları şantaja keçir, kimisini “dövlət vəsaitini dağıtmaqda” günahlandırır, kimisini işini hüquq-mühafizə orqanlarına verməklə təhdid edir, kimisini yalanda suçlayır. Neynəsin, Ramiz Mehdiyevin ömrü boyu iş metodu bu olub, 84 yaşından sonra təzədən dəyişən deyil ki!
Amma Ramiz Mehdiyev çox böyük səhv elədi. İttiham etdiyi deputatlar, alimlər açdı sandığı, tökdü pambığı. O pambığı ki, Ramiz Mehdiyev uzun illər onunla çox başları kəsib. Çıxış edənlər akademikin zaman-zaman törətdiyi cinayətləri bir-bir üzünə oxudular. Bəlkə də indiyə qədər Ramiz Mehdiyev istefa ilə canını qurtara bilərdi, lakin səsləndirilən bu qədər cinayət faktlarından sonra çətin ki, məsələ istefa ilə tamamlana, artıq bu cinayət ittihamları müvafiq hüquq-mühafizə orqanları tərəfindən mütləq nəzarətə götürülməlidir. İttihamlar Ramiz Mehdiyevi həbsə sürükləyir.
Hətta məsələ tək Ramiz Mehdiyevlə də bitməyəcək. İki il ərzində Ramiz Mehdiyev akademiya strukturlarında müəyyən sayda özü kimilərini də yerləşdirib, dirəniş göstərməkdə davam etməsinin səbəbi də budur. Lakin unudur ki, vaxtilə akademik və müxbir üzv etdikləri ilə yanaşı, onlar arasında həqiqətə göz yummayacaq vicdanlı alimlər də kifayət qədərdir. Bu gün akademiyada Ramiz Mehdiyevin iki il ərzində əməllərindən təngə gəlməyən yoxdur. Artıq vaxtdır, akademik və müxbir üzvlər bir araya gəlməli, ümumi yığıncaq keçirib Ramiz Mehdiyevi yola salmalıdırlar. Ən azı, Azərbaycan elminin gələcəyi naminə bunu etməlidirlər, etməyənlər akademikin günahlarına və cəzasına şərik olacaqlar. Akademiklər və müxbir üzvlər bunu etməyəcəkləri təqdirdə akademiyanın bütün elmi heyəti ayağa qalxmalı və “boz kardinala” yox deməlidir!
Əziz Ələkbərli
Millət vəkili