Kadr islahatlarını müsbət addım kimi dəyərləndirirəm

"Baş nazirin iki müavininin istefaya göndərilməsi gözlənilməz deyildi. Prezident İlham Əliyev hələ bu ilin əvvəllərində kadr və struktur islahatlarına gedəcəyi barədə anons vermişdi. Bu anonsdan sonra hakimiyyətdəki köhnə təfəkkürlü məmurların istirahətə göndərilməsi ictimaiyyətin də əsas gözləntisinə çevrilmişdi”.

AMİP-ın sədr əvəzi Arzuxan Əlizadə Ovqat.com-a açıqlamasında belə deyib.

Son kadr islahatlarını müsbət addım kimi dəyərləndirən partiya rəhbəri bunun hansı zərurətdən qaynaqlandığına prezidentin özü tərəfindən aydınlıq gətirildiyini bildirib: "Əli Həsənov və Hacıbala Abutalıbovun istefa ərizəsi yazdığı barədə xəbər yayıldıqdan sonra prezident İlham Əliyevin onları qəbul etdiyini bildirən məlumatlar verildi. Hacıbala Abutalıbovla görüşündə İlham Əliyev onun 75 yaşını keçdiyini, bundan sonra evdə nəvələriylə vaxt keçirmək zamanının gəldiyini Baş nazirin sabiq müavininin üzünə dedi. Hakimiyyətdəki digər yaşlı məmurlara da onu nümunə göstərərək, faktiki hamısını istefaya çağırdı. Prezidentin fikrincə, indi zaman dəyişilib, dövrün tələbləri yeni idarəetmə texnologiyaları tələb edir. Hakimiyyətdən dörd əlli yapışan qocalar isə kreslosunu heç kimə ötürmək istəmirlər. Beləcə, ölkədə nəsil dəyişikliyi prosesi ləngiyir, iqtisadiyyatımız və sosial strukturlarımız inkişafdan dayanır, ölkə istər-istəməz böhran yaşayır, inqilabi situasiya yetişir. Son zamanlar kütləvi narazılığın və bu narazılığın küçəyə inikası da bu durğunluqla bağlıdır. Prezident də yaranmaqda olan problemlərin qarşısını zamanında almaq üçün kadr dəyişikliyinə getməyə çalışır”.

Arzuxan Əlizadənin fikrincə, hakimiyyət orqanlarında kadrların dəyişilmədən saxlanılması istənilən cəmiyyətdə durğunluq yaradır və bəzən dünyanın ən qüdrətli dövlətləri belə buna dözə bilməyib yox olurlar: "Heç uzağa getməyək, indi yaşayan insanlarımızın mühüm qisminin vətəndaşı olduğu SSRİ-nin dağılmasının başlıca səbəblərindən biri də məhz idarəetmə orqanlarında yaşanan durğunluq idi. SSRİ-ni də qocalığından çənəsi əsən rəhbərlər idarə edir, bir çox hallarda günlərini xəstəxanalarda keçirir və ölkəyə nəzarət edə bilmirdilər. Gənc kadrlar da irəli çəkilmədiyindən ölkə yeni qaydalara və zamana uyğun idarə olunmurdu. Nəticədə bütün istehsal sahələrində inkişaf dayanır, ölkə böyük sürətlə tənəzzülə yuvarlanırdı. Nəhayət, SSRİ rəhbərliyi bu tənəzzülün qarşısını almaq üçün "Yenidənqurma” islahatlarına getməyə məcbur oldu. Amma arıq gec idi və zamanında aparılmayan islahatlar nəinki çöküşün qarşısını almadı, onu daha da sürətləndirdi”.

Hakimiyyəti SSRİ-nin acı təcrübəsindən nəticə çıxarmağa dəvət edən AMİP rəhbəri bəzən şokeffektli islahatların daha faydalı və təhlükəsiz başa gəldiyinə inanır: "Bütün islahatlar istər-istəməz onun əks düşərgəsini də doğurur. Dövlət rəhbərləri bu müqaviməti təsirsiz hala salmaq üçün bəzən sürətli hərəkətə keçir, qarşı tərəfin planlarını pozurlar. Buna da islahatlarda şok effekti deyilir. Təəssüf ki, bu gün Azərbaycan hakimiyyətində də islahatları istəməyən güclü qruplar var. Bunu ölkə başçısı çıxışlarının birində şəxsən etiraf etdi. Həmin əks-islahatçılar gənc kadrların effektiv işləməsinə mane olur, onlara qarşı qara piar kampaniyası aparırlar. Prezident bu tendensiyanın qarşısını kəsmək üçün şokeffektli taktikalardan istifadə etməlidir. Bəzən oxun yaydan çıxdığı anlar olur. Hesab edirəm ki, ölkə başçısı köhnə qvardiyaya qarşı mübarizə bayrağını qaldırmaqla faktiki o ana qədəm qoyub. Bundan sonra gözləmək qarşı tərəfin toparlanmasına rəvac verə bilər”.