Mitinq keçiriləcək

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqlə bağlı müraciətə müsbət cavab verib. Bunu azadliq.info-ya Mitinq Komitəsinin sədri Fuad Qəhrəmanlı bildirib.

BŞİH mitinqin 15 mart saat 15:00-17:00 arası Məhsul stadionunda keçirilməsinə razılıq verildiyinə dair təşkilatçılara rəsmi məktub göndərib.

Bu arada isə Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın martın 15-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribatın baş verməsinə imkan verilməyəcək: "Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət edəcəyik. Onlara bu barədə xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cavab verəcəklər”.