Peyvəndlənənlər də artır, yoluxanlar da  


Koronavirusla mübarizədə yeganə çıxış yolu olan vaksinasiya prosesinə cəlb edilənlərin sayı günü-gündən artır.

Azərbaycanda da əhalinin çox hissəsi peyvənd olunub. Lakin buna baxmayaraq, yoluxma sayı kəskin şəkildə artıb.

Qeyd edək ki, ötən gün keçirilən brifinqdə Baş nazir Əli Əsədov xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar imzalayıb.

Nazirlər Kabinetinin Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən:
dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur. Lakin bəzi hallarda bu sertifikatın alınması üçün vətəndaşlar müxtəlif yollara əl atırlar.

Bəzi məlumatlara görə, yoluxma sayının bu cür artmasına səbəb saxta peyvənd pasportudur. Əks halda peyvənd olunanların da virusa yoluxanların da sayının paralel şəkildə artması məntiqə uyğun deyil.

Ötən gün keçirilən brifinqdə də Baş nazir saxta peyvənd pasportlarının verilməsinə diqqət çəkib və məsələnin daha ciddi araşdırılacağını bildirib. Eyni zamanda müxtəlif qanunsuz yollarla alınan peyvənd pasportu insanların həm özlərini, həm də ətrafdakıları riskə atır.

Maraqlıdır, saxta peyvənd pasportlarının satılması və alınması ehtimalı nə qədərdir? Peyvənd olunanların və virusa yoluxanların sayı niyə paralel şəkildə artır?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyev bildirib ki, son zamanlar əhalinin sağlamlığının qorunması sahəsində görülən tədbirlər azalıb:

“Belə ki, son zamanlar yenə də toplanışlar, kütləvi məclislər keçirilir, qayda-qanunlar gözlənilmir, demək olar ki, spirtdən istifadə edilmir. Bu kimi tədbirlər görülməyəndə insanların sağlamlığını qorumaq mümkün deyil. Hər kəs özünün həkimi olaraq özünü qorumalıdır. Bu kimi qoruma tədbirləri azalıb. Bundan başqa, kütləvi tədbirlərdə qaydalar gözlənilmir. Nəticədə də bu kimi hallar çoxalır.

Hazırda Operativ Qərargah harada, hansı hüquq pozuntusu varsa bilir. Bu məsələləri həll etsinlər. Onlar bu məsələləri həll etməyəndə hər şey qalır həkimin üstündə, bu düzgün deyil. İnsanları xəstələndirən həkimlər deyil. Ayrı-ayrı sahələrdə olan boşluqların nəticəsində insanlar xəstələnir.

Keyfiyyətli qida, təbii sular, təbiətlə əlaqə və həkim məsləhəti ilə qəbul edilən dərmanlar insan sağlamlığına daha faydalıdır. Bugünkü dərmanımız peyvənddir. Kim ki, saxta peyvənd pasportu istifadə edir, qeyri-qanuni yollara əl atır cavabdeh özüdür, özünün və ətrafındakıların sağlamlığına mənfi təsir göstərir. Biz həkimlər deyirik ki, hamı mütləq peyvənd olmalıdır. Peyvənd insanları müəyyən dərəcədə xəstəliklərdən qoruyur”. Cebhe.info