Qafqaz Müsəlmanları İdarəsi İrana xidmət istiqamətində fəaliyyət göstərib

Milli İstiqlal Partiyasının lideri deyib ki, Qafqaz Müsəlmanları İdarəsi son 20-30 il ərzində İrana xidmət istiqamətində fəaliyyət göstərib

 “İranın Azərbaycandakı casus şəbəkəsinin sarsılmasından danışmaq hələ tezdir. Hələ tələsmək olmaz... Bu cənub qonşumuzun ölkəmizdəki agentura şəbəkəsi hələ də geniş və güclüdür. Bunun əsas səbəblərindən biri də odur ki, müvafiq qurumlar, dini işlərlə olan məşğul olan komitə və Qafqaz Müsəlmanları İdarəsi son 20-30 il ərzində İranın Azərbaycan xalqı, xüsusən də gənclər arasında öz siyasi maraqlarına xidmət edən dini təbliğatın aparılmasına, məscidlərimizdə öz adamlarının yerləşdirilməsinə qarşı ciddi bir iş görməyib. Hətta deyərdim ki, Qafqaz Müsəlmanları İdarəsi İrana xidmət istiqamətində fəaliyyət göstərib”. Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Moderator.az-a açıqlamasında belə deyib.

“İran kəşfiyyatının yatmış hücrələri, bu ölkənin maraqlarına xidmət istiqamətində əmrə tabelik həvəsində olan şəxslər çoxdur və onlar mərhələ-mərhələ müxtəlif şəkildə fəallaşdırılır. Odur ki, bu genişmiqyaslı düşmən fəaliyyətinin qarşısını yalnız təhlükəsizlik, hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə, həbslərlə, cəza tədbirləri ilə almaq olmaz. Dövlət və cəmiyyət tərəfindən düzgün təbliğat və maarifləndirmə işləri aparılmalıdır. İslam dinini olduğu kimi, hansısa dövlətin siyasətindən, maraqlarından uzaq şəkildə anlatmaqla yanaşı, Azərbaycandakı cəmiyyətin dünyəviliyinin İrandakı dini, teokratik sistemdən üstün olduğu təbliğ edilməlidir. Perspektivdə insanların, gənclərin, bütövlükdə ölkənin inkişafı üçün dünyəvi sistemin daha faydalı olması beyinlərə yeridilməlidir.  Daha çox daxili azadlıqlara imkan verilməlidir. Həmin azadlıqların olmamasının nəticəsidir ki, İranın və ya digər ölkələrin xəfiyyələri gənclərimizi ibadət adı altında məscidlərə cəlb edərək onların beyinlərini ya radikal irançı şiəliklə, yaxud vəhhabiliklə doldura bilirlər”, - deyə partiya lideri bildirib.