Qərbin nailiyyət əldə etməsi onun səmimiyyəti ilə bağlıdır

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verib.

İlham Əliyev Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçtərəfli görüş barədə verilən məlumata görə minnətdarlığını ifadə edib və bu görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib.

Azərbaycan və Türkiyə prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.

Dövlət başçıları söhbət zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Göründüyü kimi, Zəngəzür dəhlizinin açılması ilə bağlı konkret razılığa məhz Brüsselin vasitəçiliyi ilə gəlindi. Çox maraqlıdır, bu razılığa niyə Moskvanın deyil, məhz Brüsselin vasitəçiliyi ilə nail olundu?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qərbin nailiyyət əldə etməsi onun səmimiyyəti ilə bağlıdır: “Rusiya isə üzdə özünü güya proseslərin həllinə can atan kimi göstərir, ancaq arxada başqa iş görür. Hətta mane olur. Hər dəfə Brüsseldə görüş olandan sonra Lavrov mütləq bizim və ya Ermənistanın xarici işlər nazirlərinə zəng edir. Özünü bu işin içində görmək istədiyinə dair mesaj verir. Hazırda da görürük ki, Ermənistanın Xarici İşlər Nazirliyinin binası qarşısında gərginlik var. Hər dəfə irəli addım olduqca, Rusiya buna mane olmaqda davam edəcək. Rusiya həm Ermənistanın iqtisadiyyatının dirçəlməsində, həm də vasitəçinin başqasının olmasında maraqlı deyil. Düşünür ki, Ermənistanın iqtisadi vəziyyəti yaxşı olarsa, ondan asılılığı azalar. Qərbin bu məsələdə təşəbbüsü əlinə götürməsi Rusiyaya qətiyyən sərf eləmir. Hər iki ölkə, yəni biz və Ermənistan prosesi öz gücləri ilə olsa da irəli aparmaq istəyir. Azərbaycanın iradəsi konkret ortadadır. Ermənistan isə Rusiyadan çox çəkinir. Anlayır ki, onun gələcəyi sülh sazişini imzalamaqdan keçir. Ancaq Rusiyadan çox ehtiyat edirlər. Hiss edilir ki, tərəzinin Qərb gözünə ağırlıq qoymağa başlayıblar. Bu məsələlərdə bir az da cəsarətli davransalar nəticə olacaq. Rusiya nə bacardısa elədi. Bundan artığını edə bilməz. Artıq Ermənistanın ehtiyat kvotası da qurtarıb. Onun bu gün-sabah edib Qərblə oynaması, yəni iki stulda oturması çətindir. Qərbin ortaya qoyduğu mövqe ilə bağlı tərəddüdlər eləsə, oranı da itirmiş olacaq. Hesab edirəm ki, proseslər Rusiyanın zəifləməsi fövqündə irəliləyə doğru gedəcək”

Millət