Rəsul Quliyev Azərbaycana gəlmək və prezidentliyə namizəd olmaq istəyirsə, buyurub gəlsin

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri Etibar Məmmədov hazırda ABŞ-da yaşayan Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı məsələyə münasibət bildirib.

E.Məmmədov "Ölkə.Az”-a açıqlamasında deyib ki, Rəsul Quliyev tanınmış azərbaycanlıdır və Azərbaycan prezidentliyinə namizəd olmaq hüququ var.

"Əgər Rəsul Quliyev bu hüququndan istifadə etmək istəyirsə, buna normal yanaşmaq lazımdır. Rəsul Quliyev Azərbaycana gəlmək və prezidentliyə namizəd olmaq istəyirsə, buyurub gəlsin. Mənim istənilən namizədə münasibətim müsbətdir. Ancaq mən heç bir siyasətçinin dəstəyi barədə fikir bildirmək istəmirəm. Ölkə qanunlarının tələblərinin Rəsul Quliyevin Azərbaycanda prezident seçkilərinə namizəd olmasına imkan verməməsi məsələsinə gəldikdə isə, bu Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyətlərinə aid olan məsələdir. Hansı namizədin qanunun tələblərinə cavab verib-verməməsi məsələsini MSK müəyyənləşdirir”.

Rəsul Quliyevlə olan münasibətlərinə də toxunan E.Məmmədov onunla münasibətlərində heç bir problemin olmadığını söyləyib:

"Mənim heç kimlə, o cümlədən Rəsul Quliyevlə münasibətlərimdə problem yoxdur”.

Xatırladaq ki, 20 ildir ABŞ-da yaşayan Azərbaycan parlamentinin keçmiş sədri Rəsul Quliyev 2018-ci ilin prezident seçkilərində iştirak etmək niyyətindədir. Bu barədə R.Quliyev "azpolitika.info”-ya müsahibəsində bildirib. Onun sözlərinə görə, 2018-ci ildə ölkəyə qayıtmaq fikrindədir:

"Mən prezident seçkisinə qatılacağam”.