“Artıq separatçıların hər hansı bir hədəflərinə çatmağa qətiyyən izn vermək olmaz”.
Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Qarabağdakı separatçılarının Azərbaycana etdiyi görüş təklifini Poliqon-a şərh edərkən qeyd edib.
Qarabağdakı separatçı rejimin nümayəndələri Rusiya sülhməramlıları vasitəsilə Azərbaycana görüşün keçirilməsi barədə təklif göndərib. Bu barədə erməni mətbuatı separatçılara istinadən məlumat yayıb. Separatçılar Azərbaycan tərəfi ilə “təxirəsalınmaz humanitar məsələləri” müzakirə etmək istəyirlər. Görüşün Rusiya sülhməramlı kontingentinin dislokasiya yerində keçirməyi təklif ediblər.
Azərbaycana təklif göndərən separatçı rejimin nümayəndələrinin hansı hədəfləri var?
Mövzunu Poliqon-un əməkdaşı Ağ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.
Cavanşir Abbaslı: “3 şəhid verdiyimiz son erməni təxribatından sonra hansı danışıqlardan söhbət gedə bilər?”.
Azərbaycan tərəfi nümayəndəsi vasitəsilə bir dəfə Xocalıda onlarla rus sülhməramlılarının nəzarəti altında görüş keçirdiyini xatırladan siyasi-şərhçi vurğulayıb ki, indi növbə Bakıdır, bu barədə Azərbaycan tərəfin də təklifi var:
“Artıq belə görüş təklifləri tez-tez səslənməyə başlayıb. Düşünürəm ki, bununla qondarma rejim tərəf görünmək kimi hədəfinə çatmaq istəyir. Buna qətiyyən imkan vermək olmaz. Azərbaycan tərəfi də bunu bilməmiş deyil və bu baxımdan hesab edirəm ki, separatçılar niyyətlərinə çata bilməyəcəklər. Digər tərəfdən də 3 şəhid verdiyimiz son erməni təxribatından sonra hansı danışıqlardan söhbət gedə bilər?
Burada bir niyyət də duyulmaya bilməz. Rus sülhməramlılarını vazkeçilməz, Qarabağda təhlükəsizliyin qarantiyası olan bir qüvvə kimi gözə dürtmək istəyirlər. Çünki, müddətin getdikcə zərərlərinə işlədiyini yaxşı görürlər, rus sülhməramlılarının Qarabağda müddətlərinin bitməsinə doğru gedən hər gün ermənilər vəlvələ düşürlər. Bir də Azərbaycan tərəfi nümayəndəsi vasitəsilə bir dəfə Xocalıda onlarla rus sülhməramlılarının nəzarəti altında görüş keçirib. İndi növbə Bakıdır, bu barədə Azərbaycan tərəfin də təklifi var.
Məncə məsələ bununla bitib. Artıq separatçıların hər hansı bir hədəflərinə çatmağa qətiyyən izn vermək olmaz. Bir də nə “evcik-evcik” oyunudur? II Qarabağ savaşının qalibi Azərbaycan tərəfidir, diktə edən də Azərbaycan tərəfidir”.
Millət