“Xəcalət” tamaşası nümayiş olunub

Akademik Milli Dram Teatrında tariximizin qanlı səhifələrindən olan Xocalı soyqırımının 23-cü ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbir çərçivəsində 25, 26 fevral 2015-ci il tarixlərində saat 19.00-da Akademik Milli Dram Teatrında H.Mirələmovun eyniadlı pyesi əsasında hazırlanmış "Xəcalət” tamaşası nümayiş olunub. 2002-ci ildə "Xocalı” faciəsinin 10-cu ildönümü münasibətilə qələmə alınan pyes 2006-cı ildə Akademik Milli Dram Teatrında rejissor Bəhram Osmanov tərəfindən tamaşaya hazırlanıb.

Tamaşada Respublikanın Xalq Artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar Artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Xədicə Novruzlu çıxış edirlər.

Xalqımızın taleyüklü məsələlərinin beynəlxalq aləmə, çatdırılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirilən "Xəcalət” tamaşasında Qarabağla bağlı Azərbaycan həqiqətləri, erməni qəsbkarlarının əzəli yurd yerlərimizi işğal etməsi, soydaşlarımızı qırğınlara məruz qoyması bədii obrazlar vasitəsilə, yüksək bədii-estetik keyfiyyətlə canlandırılmışdır.

Bunun nəticəsidir ki, uzun müddət repertuarda qalan "Xəcalət” tamaşası həm teatr ictimaiyyəti, həm də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır və səhnə həyatını uğurla davam etdirir.