Hakimiyyətin parçalanması və vətəndaş qarşıdurmasının bir addımlığında

"İndiyədək Azərbaycan iqtidarına bu cür basqı olmamışdı”

Əli Orucov: "ABŞ və beynəlxalq ictimaiyyət Əliyevlər rejiminə güzəştli davranırdılar”

Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri Chris Smith Qanunun Aliliyi və İnsan Haqları naminə Azərbaycan Demokratiya aktını təqdim etməsi Azərbaycan hakimiyyətinə şok yaçatdı.

Xatırladaq ki, bununla əlaqədar verilmiş bəyanatda deyilir ki, Azərbaycan hökumətinin müstəqil jurnalistlərin, müxalifət siyasətçilərinin və vətəndaş cəmiyyəti qruplarının səslərinin susdurulmasına yönəldilmiş və illərlə davam edən sistematik səylərinin ardınca Helsinki Komissiyasının sədri, respublikaçı Chris Smith "Azərbaycanda Demokratiya 2015” (H.R.4264) adlı qanun layihəsini təqdim edib. Bu qanun Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmilərinə Birləşmiş Ştatlara səfər vizalarının verilməsindən imtina edilməsini nəzərdə tutur.

Bundan sonra Avropa Birliyinin də analoji addım atacağını ehtimal edənlər az deyil. Avropa Birliyi də analoji addım ata bilərmi?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov diqqətə çatdırdı ki, indiyədək Azərbaycan iqtidarına bu cür basqı olmamışdı: "Bəzi geopolitik məslələrə görə Azərbaycanın rolu artdığndan ABŞ və beynəlxalq ictimaiyyət Əliyevlər rejiminə güzəştli davranırdılar. Söhbət İranın nüvə proqramına görə, Qərblə qarşıdurması və enerji təhlükəsizliyi məsləsindən gedirdi. Lakin İranla Qərb müəyyən razılaşmalar əldə edilib, izolyasiya tədricən aradan qaldırılır, dünya enerji bazarında isə təklif tələbatı üstələdiyindən Azərbaycana daha o qədər ehtiyac qalmır. Digər tərəfdən Hakimiyyət Qərbə deyil, Rusiyaya meyyilənib və anti qərb kursu seçib. Həmçinin də neftin qiyməti kəskin ucuzlaşdığından milyardlar hesabına lobbiçiliklə dəstək qazanmaq daha mümkün deyil. Ona görə də bu və bu tipli baqsqılar artacaq. Hakimiyyətin özü də getdikcə dərinləşən sosil iqtisadi və siyasi problemlərindən çıxış yolunu sərt xətt yeritməklə, cəmiyyəti daha çox basqı və təzyiq altıda saxlamağa üstünlük verəcəyindən vəziyyət getdikcə kritik hal alacaq”.

O. əlavə etdi ki, Avropa birliyi isə başqa yöndən işləyəcək: "Düşünmürəm radikal tədbirlər görsün. Lakin hökümətə davalı təzyiqlərlə bəzi poitiv nəticələr qazanılmasına səy göstəriləcək. Əgər ABŞ Konqresi təklif olunan layihəni qəbul edərsə o zaman Qərb də analoji addımlar ata bilər. Bu isə hakimiyyətin parçalanması və daxildə vətəndaş qarşıdurmasının bir addımlığı demək olardı”.

Tural Abbaslı bildirdi ki, belə sanksiyalar adətən avtoritar mahiyyətli hakimiyyət nümayəndələrinə qarşı tətbiq olunur. Onun fikrincə, bu növ tədbirlər real təsirə malik tədbirlərdir: "Zaman zaman Azərbaycan hökumət nümayəndələrinə qarşı da belə sanksiyaların ola biləcəyi fikirləri səslənirdi və Azərbaycan müxalifəti tərəfindən belə çağıtışlar da edilirdi. Ancaq artıq bu tədbirlərin layihə halında hazır olduğu və müzakirəyə çıxarılması mərhələsində olması məsələlərin daha ciddi yön aldığının göstəricisidur. Özünü Avropa dövləti hesab edən bir dövlət üçün belə tədbirlərin tətbiqi utancveriricidir. Əgər bu layihə qəbul olunarsa bu hakimiyyət nümayəndələrinə ciddi zərbə olacaq. Belə ki, bizim məmurların əksəriyyətinin xalqdan oğurladığı milyonlar Amerika və Qərb banklarındadır.Yəni bizim məmurlar siyasətçi kimi xalqı, dövləti düşünmürlərsə buznesmen kimi oğurluq sərvətləri barədə düşünməyə məcbur olacaqlar”. O, əlavə edib ki, burada önəmli nüanslardan biri də sənəddə bu tədbirlərə Avropa dövlətlərinin də qoşulmasına çağırış var: "İndiki halda rejimin atmalı olduğu addım sənəddə də göstərildiyi kimi siyasi məhbusların azad edilməsi, müxalifətə, mətbuata və gənc aktivlərə qarşı təzyiqlərin dayandırılması və demokratik inkişafa yaradılan əngəllərin aradan qaldırılmasıdır .Əks təqdirdə hakimiyyətin beynəlxalq aləndə təklənməsi qaçılmaz olacaq və bu da təbii ki, Qarabağ ptobleminin həllində bizim mövqeləri zəiflədəcək”.

İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay dedi ki, ABŞ-ın Azərbaycana qarşı bu addımı nə zamana, nə də indiki geosiyasi şəraitə uyğun deyil və yersizdir: "Biz bilirik ki, bu addımın motivində siyasi məhbus, insan hüquqları məsələsindən daha çox Azərbaycanın Qərb-Rusiya arasındakı ziddiyyıtdı neytral mövqeyini saxlaması dururdu. Buna da Azərbaycanın əsası vardı. Birincisi bu bir müstəqil dövlətin illərlə müəyyən edilmiş balanslı neytral xarici siyasətidir. İkincisi bu illərdə Azərbaycan Qərbdən elə bir yaxın partnyor tərəfdaşlığı görməyib. Xüsuilə də Qarabağ münaqişəsi məsələsində. Ancaq bu son Türkiyə-Rusiya qarsşıdurmasında Azərbaycan birmənalı olaraq Türkiyənin yanında oldu. Prezident İlham Əliyev açıq söylədi ki, nə olur olsun Azərbaycan qardaş Türkiyənin yanında olacaq. Türkiyənin NATO üzvü olmasını və ABS-ın da Rusiya ilə hazırki şiddətli soyuq müharibəsini nəzərə alsaq bu faktiki olaraq Azərbaycanın Qərbin yanında olması deməkdir. Bundan başqa son dövrlər Azərbaycan tərəfdən ola bilsin Türkiyənin aradakı səyləri ilı Qərbə qarşı isti münasibətlər başlanmışdı. Hüquq müdafiəçilri Yunusların həbsdən azad edilməsi oldu. Digər siyasi məhbus hesab edilənlərin əfvinə hiss olunur ki hazırlıq gedirdi. Odur ki, ABŞ tərəfdən Azərbaycana gələn bu sanksiya addımı tamamilə gözlənilmez oldu. Ola bilsin ki, bu proqram ABŞ siyasi sistemində əvvəlcəden qurulmuşdu və prosesin qarşısını almaq mümkünsüz olub”.

O, həmçinin "güman etmirəm ki, Avropa bu səhvin arxasınca getsin”,- deyə əlavə etdi: "Əvvəla Avropa öz siyasətinə malikdir və hər dəfə ABŞ-ın siyasi addımlarını kopyalamır. İkincisi bir strateji partnyor kimi yəqin, ABŞ-in bu tələsik, lazımsız addımını davam etdirmıyib onu tarazlaylb neytrallaşdırmağa çalışar. Hesab edirəm ki, Azərbaycan rəhbərliyinin Türkiyə mövqeyində durması bu situasiyada ən doğru yoldur. Bunu postsovet məkanındakı bütün türkdilli dövlətlər də edirlər. Qazaxıstan, Özbəkistan və hətta ən sakit ölkə olan Türkmənistan da bu saat Rusiyadan çəkinmədən Türkiyənin, haqq-ədalətin yanında yer aliblar. Bizim üçün gələcək perspektiv də bu yoldadır.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirdi ki, bu məsələni məmurlar düşünməli idilər: "Ölkədə insan hüquqlarının boğulması, müxalif şəxslərin kütləvi həbsi, azad seçkinin olmaması, iqtisadiyyatın monopoliyada saxlanılması buna rəvac verir. Hökumət siyasi məhbusları azad etməli, seçkilər azad keçirilməli, iqtisadiyyat azad olmalıdır. Belə olarsa Avropa Birliyi analoji addım atmayacaq”.

cebhe.info