Xocalı soyqırımının tanınmasına mane olan faktorlardan biri də xristian təəssübkeşliyidir

Arzuxan Əlizadə: "Xocalı soyqırımını Avropa Parlamentində tanıtmaq üçün davamlı olaraq iş aparılmalıdır"
"Faciə ilə bağlı nəşrləri xarici dildə tərcümə etmək lazımdır"

İsveç-Azərbaycan Federasiyası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Avropa Parlamentinə, İsveç Parlamentinə və İsveçin xarici işlər naziri Marqot Valströmə müraciət göndərib. Müraciətdə 1992-ci ilin 26 fevralında ermənilərin Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdiyi soyqırım aktı barədə məlumat verilib.

Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olduğu diqqətə çatdırılıb. Bu qətliamın bəşəriyyət tarixində ən qorxulu kütləvi terror aktlarından biri olmasına baxmayaraq, hələ də Avropa Parlamenti tərəfindən soyqırım aktı kimi tanınmaması ilə bağlı narazılıq ifadə olunub.

Müraciətdə həmçinin ermənilərin 1988-ci ildən bəri Dağlıq Qarabağ bölgəsində törətdiyi cinayətlər sadalanıb, Xocalı soyqırımının XX əsrin Xatın, Naqasaki, Xirosima qətliamları ilə müqayisə olunduğu bildirilib: "Beynəlxalq konvensiyalar, qəbul edilmiş beynəlxalq sənədlər Xocalı soyqırımı və buna bənzər soyqırımları pisləyir və qəbuledilməz sayır. "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" BMT Konvensiyasına əsasən, Ermənistan hökuməti beynəlxalq hüquq qarşısında cavab verməyə vadar edilə bilər".

Son illər Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı bir sıra işlər görülüb. Belə ki, 2011-ci ildən başlayaraq Xocalıya ədalət kampaniyası çərçivəsində soyqırım həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb. Hazırda ABŞ-ın 20-dək ştatı Xocalı soyqırımını tanıyıb. Bununla yanaşı, vacib məsələlərdən biri də Avropa təsisatlarının Xocalı soyqırımını tanımasıdır. O baxımdan necə etmək lazımdır ki, Avropa Parlamenti kimi nüfuzlu bir qurum Xocalı soyqırımını tanısın?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Xocalı soyqırımını Avropa Parlamentində tanıtmaq üçün davamlı olaraq iş aparılmalıdır: "Xocalı soyqırımının 24 ili tamam oldu. Avropa təsisatlarında Xocalı həqiqətlərini tanıtmaq o qədər də asan deyil. Ona görə ki, bir sıra faktorlar bunun reallaşmasına əngəl törədir. Başlıca faktor onunla bağlıdır ki, illərdir Azərbaycana münasibətdə ikili standartlardan çıxış edirlər. İndiyə qədər Avropa qurumlarının heç biri Ermənistanı işğalçı dövlət kimi tanımayıb. Dağlıq Qarabağla bağlı qəbul olunan qətnamələrdə konkret olaraq Ermənistan tərəf kimi göstərilmir. Xocalı soyqırımının tanınmasına mane olan faktorlardan biri də xristian təəssübkeşliyidir. Eyni zamanda, erməni lobbisinin Avropa ölkələrində güclü imkanlara malik olması buna əngəl yaradır. Bir məqamı da unutmaq olmaz ki, Avropa Parlamenti bir neçə dövlətin iradəsini özündə ehtiva edir. Bunun üçün Avropa İttifaqına üzv olan dövlətlərin çoxu bunda maraqlı olmalıdır. Bütün bunlara rəğmən, davamlı olaraq AP ilə iş aparmaq lazımdır. Həmçinin, biz tarixi faktları bədii filmlərdə, sosial çarxlarda əks etdirməliyik ki, hər bir avropalı faciəni qəbul etsin. Xocalı ilə bağlı nəşrlərin çoxu yalnız Azərbaycan dilindədir. Bu isə, demək olar, xarici dövlətlər üçün maraq kəsb etmir. O üzdən, sözügedən nəşrlərin ingilis və digər dillərə mükəmməl tərcümə edilməsinə ehtiyac var. Həmçinin, ildə bir dəfə televiziya ekranlarında kədərli müharibə filmləri verməklə iş bitmir. Daha sistematik iş aparılmalıdır. Bütün bunlardan sonra AP Xocalı soyqırımını tanıya bilər".
Vidadi ORDAHALLI