AMİP bələdiyyə seçkiləri ilə bağlı bəyanat verdi

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının Bakı və Sumqayıt rayon təşkilatı sədrlərinin iştirakı ilə AMİP Siyasi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda 23 dekabr 2019-cu il tarixdə keçirilmiş bələdiyyə seçkiləri geniş müzakirə olunub. Seçkilərin ilkin nəticələri ilə bağlı Bəyanat qəbul olunub. Partiyanın Mətbuat Xidmətindən "millət"ə daxil olan həmin bəyanatda deyilir:

"23 dekabr 2019-cu il tarixdə keçirilən bələdiyyə seçkiləri cəmiyyətdə qarşlıqlı etimadın, barış mühitinin yaradılması, eləcə də xalqın seçkilərə və seçkili qurumlara olan inamının bərpası üçün bir fürsət idi. Bələdiyyə seçkiləri eyni zamanda hakimiyyətin dəyişikliklər və islahatlarla bağlı atdığı son addımların, verdiyi vədlərin geniş ictimaiyyət tərəfindən dəstək qazanmasında mühüm əhəmiyyət kəsb edirdi. Bu səbəbdən də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər vətəndaşlar arasında müəyyən qədər ümid yaratmış, onların prosesdə iştirakını bir qədər cəlbedici etmişdi.

Demokratik dəyişikliklərin və fundamental islahatların, eləcə də dinamik inkişafın demokratik seçkilərdən bilavasitə asılı olduğunu nəzərə alan Azərbaycan Milli İstiqlal Partiyası keçirilən bələdiyyə seçkilərdə fəal iştirakı məqsədəmüvafiq saymışdı. Partiya seçkilərədək ölkədə köklü dəyişikliklərin həyata keçirilməsi ilə bağlı hökümətə geniş təkliflər paketi ilə çıxış etmiş və problemlərin həlli yollarını göstərmişdi. Partiya hesab edir ki, siyasi islahatlar aparılmadan digər islahatlar uğur qazana bilməz. Təəssüf ki, hakimiyyət növbəti dəfə əlverişli fürsətdən istifadə etmək əvəzinə, ölkədə hətta minimal seçki mühiti yaratmayaraq, yenicə yaranmaqda olan inamı da məhv etmə yolunu tutdu. Ölkədə, ümumiyyətlə seçki mühiti hiss edilmədi. Bunun da nəticəsi olaraq seçici fəallığı rəsmi elan ediləndən də çox aşağı oldu. Seçkilərə marağın az olması və vətəndaşların səsverməyə gəlməməsi səsvermənin nəticələrinin total şəkildə saxtalaşdırmasına geniş imkan yaratdı. Hakimiyyət bir daha seçicilərin iradəsini nəzərə almayaraq, nəticələri istəyinə uyğun elan etdi və bələdiyyələr növbəti dəfə bütün ölkə boyu qabaqcadan hazırlanmış siyahılar əsasında formalaşdırıldı.

Azərbaycan Milli İstiqlal Partiyası 23 dekabrda keçirilən bələdiyyə seçkilərinin qeyri-demokratik və total saxtakarlıqla keçirildiyini, bu seçkilərin Azərbaycan xalqının maraq və istəklərini ifadə edə bilmədiyini bəyan edir. AMİP bir daha hakimiyyəti Parlament seçkiləri öncəsi ölkədə qarşılıqlı etimad mühiti yaratmağa, seçki saxtakarlıqlarından əl çəkməyə, Azərbaycanın beynəlxalq imicinin pisləşməsinə və ölkımizə kənar təzyiqlərin artmasına imkan verən fəaliyyətdən çəkinməyə çağırır".