Bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda ilk olaraq ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Sonra AMİP Mərkəzi Şurasının 13 oktyabr 2019-cu il tarixli qərarına müvafiq olaraq qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı məsələ müzakirə edilib.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 54-cü maddəsinin tələblərinə müvafiq olaraq siyasi partiyaların seçkilərdə iştirakı üçün tələb olunan prosedurun mürəkkəbliyi, eləcə də Məcəllənin 54.5.1 və 54.5.2-ci maddələrinin siyasi partiyalara əlavə maliyyə yükü yaratmasını nəzərə alaraq partiya üzvlərinin seçkilərdə fərdi qaydada iştirakı məqsədəuyğun sayılmış və partiya üzvlərinə namizəd olaraq seçkilərdə iştirakla bağlı sərbəstlik verilməsi qərara alınmışdır.
Siyasi Şuranın iclasında ABŞ Nümayəndələr Palatası tərəfindən "erməni soyqırımı”nın tanınması və Türkiyəyə yönəlik sanksiyaların tətbqi ilə bağlı qəbul edilən qətnamələr, eləcə də Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma qurumun "nümayəndəsi”nin müşahidəçi qismində həmin toplantıda iştirakı müzakirə olunmuşdur. AMİP Siyasi Şurası bununla bağlı xüsusi bəyanat qəbul etmişdir.
Bəyanatda deyilir: "Qətnamələrin ABŞ Nümayəndələr Palatası tərəfindən məhz indi, Türkiyənin "Barış pınarı” əməliyyatını həyata keçirdiyi bir vaxtda qəbul olunmasını ABŞ-ın adı çəkilən əməliyyata verdiyi təpki kimi qiymətləndirir və qətnamələrin heç bir siyasi, hüquqi və tarixi əsası olmadığını qeyd edirik. Bu baxımdan da qəbul olunmuş Qətnamələri pisləyir, qərəzli və ədalətsiz hesab edirik”.
Siyasi Şura iclasında həmçinin Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Rusiyanın keçmiş baş naziri olmuş Yevgeni Primakovun anadan olmasının90 illiyinə həsr olunmuş sərginin keçirilməsi və Bakı Slavyan Universiteti tələbələrinin Yevgeni Primakova həsr olunmuş inşa müsabiqəsində iştirak etməsi müzakirə edilmişdir. 20 yanvar soyqırımının 30 illiyi ərəfəsində 1990-cı ildə sovet qoşunlarının Bakıya yeridilməsinin birbaşa təşəbbüskarı olan adamın xatirəsinə belə bir sərginin keçirilməsi və Slavyan Universiteti tələbələrinin bu mövzu ilə bağlı inşa müsabiqəsində iştirakı kəskin şəkildə pislənilmiş və bu hal Milli Azadlıq Hərəkatında olan şəhidlərimizin, qazilərimizin, ümumilikdə bütün millətin xatirəsinə təhqir kimi qiymətləndirilmişdir. AMİP Siyasi Şurası baş verən hadisəni şiddətlə pisləməklə yanaşı Bakı Slavyan Universiteti tələbələrinin bu mövzu ilə bağlı inşa müsabiqəsində iştirakına göstəriş vermiş şəxslərin dərhal cəzalandırılmasını tələb edir.