Son bir neçə gündür ki, ölkə gündəmini zəbt edən hadisə, Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi və bundan sonra baş verən hadisələrlə əlaqədar AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramovla söhbət etdik.
Rəşad Bayramovun Ovqat.com-a müsahibəsini təqdim edirik.
-Rəşad bəy son bir neçə gündür ki, ölkə gündəmi Ramiz Mehdiyevin nəvəsinin toyu və bu toyun ətrafında cərəyan edən hadisələrlə zəngindir. Sizin baş verənlərə münasibətinizi bilmək maraqlı olardı.
-İlk olaraq qeyd etmək lazımdır ki, Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı gündəm daha vacib bir məsələni faktiki olaraq arxa plana keçirdi. Daim erməniləri silahlandıran, son bir neçə ayda isə tonlarla hərbi sürsatı Ermənistana peşkəş edən Rusiya hərbi donanmasının Bakıya gəlişi və onların qarşılanma məsələsi. Düşmən ölkə ilə faktiki olaraq hərbi əməkdaşlıq edən bir ölkənin, Rusiya hərbçilərinin Bakıda bu şəkildə təmtəraqla, rəqqasələrlə qarşılanaraq ayaqları altına qırmızı xalı salınması Azərbaycan adına, millət və vətəndaş olaraq hər birimizin adına çox böyük bir utanc idi və bu məsələdə xidmətləri olan hər kəsin cəzalandırılması lazım idi. Lakin təəssüf ki, bu biabırçı hadisənin üzərindən sükutla keçildi. İlk olaraq AMİP, daha sonra isə tək-tük siyasi partiya bu məsələyə etirazını bildirdi. Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi isə baş verənləri faktiki olaraq gündəmdən çıxardı.
-Demək istəyirsiniz ki, Ramiz Mehdiyevlə bağlı məsələnin gündəmə gətirilməsi həmin hadisəni unutdurmaq məqsədi daşıyır?
-Xeyr. Əsla bunu demək istəmirəm. Demək istədiyim həmin məsələnin də gündəmdən çıxmasına imkan verməməklə bağlıdır. Ramiz Mehdiyevə gəldikdə isə çox şey demək olar. Pandemiya şəraitində qanunlara və qərarlara tüpürərək toy keçirmək, qaydalara əməl etməmək Ramiz Mehdiyev fiquru fonunda olduqca kiçik məsələlərdir. AMİP olaraq 20 ildən artıqdır ki, Ramiz Mehdiyevin qanunsuz əməlləri ilə bağlı yüzlərlə müsahibələr, bəyanatlar vermişik. Biz Ramiz Mehdiyevi hakimiyyət olimpində olduğu vaxtlardan etibarən tənqid etmişik. İcra başçılarının, nazirlərin, komitə rəhbərlərinin təyinatında söz sahibi olmasını da, millət vəkillərinin "seçilməsindəki” fəaliyyətini də, ölkədəki siyasi instituların, mətbuatın məhv edilməsindəki rolunu da, korrupsiya şəbəkənin formalaşmasındakı xidmətlərini və ən nəhayət, Azərbaycandakı demokratik prosesslərin tormozlanmasındakı danılmaz "əməyini” də dəfələrlə qeyd etmişik. Baxın, ölkədə keçirilən seçkilərdəki saxtakarlıqlar kimlərin vasitəsilə həyata keçirilir? Əsasən icra hakimiyyətlərinin. Yəni icra başçısı Mənzil istismar sahələrinə, ərazi nümayəndəliklərinə, rayon, şəhər ərazisində olan məktəblərə və s. göstəriş verərək seçki saxtakarlığını həyata keçirir. İcra başçılarına, ayrı-ayrı dövlət qurumlarına göstərişlər isə daim Ramiz Mehdiyev tərəfindən verilib. Tam məsuliyyəti ilə deyə bilərəm ki, bu zaman hakimiyyətin maraqlarından daha çox şəxsi maraqlar xüsusi rol oynayıb, başqa sözlə Ramiz Mehdiyev özünə yaxın olan bu və ya digər şəxsləri istər parlamentə, istər icra strukturlarına yerləşdirməklə məşğul olub. Elə 2005-ci il parlament seçkilərində Etibar Məmmədovun qələbəsini tanımayıb Abel Məhərrəmovu parlamentə soxanda da, korrupsiya sisteminə rəhbərlik edən şəxsi korrupsiya əleyhinə mübarizə komissiyasına rəhbər qoyanda da, Təhlükəsizlik Şurasına üzv olaraq təyin edəndə də bütün bu faktları tam çılpaqlığı ilə cəmiyyətə çatdırmışıq. Lakin təəssüf ki, onun bu şəkildə fəaliyyəti ilə bağlı faktları sadalayarkən daim hakimiyyətdə təmsil olunan ayrı-ayrı şəxslərin təzyiqləri və tənqidləri ilə qarşılaşmışıq. O şəxslərin ki, bu gün Ramiz Mehdiyevi tənqid etmək üçün sıraya düzülüblər. Vaxtilə Ramiz Mehdiyevin ayrı-ayrı siyasi liderləri, ziyalıları hədəf olaraq göstərdiyi və söydürdüyü şəxslər bu gün eyni qaydada onun özünü hədəfə alıblar.
-Başqa sözlə, nə əkərsən, onu da biçərsən.
-Bəli, tamamilə doğrudur. Baş verənlər Ramiz Mehdiyevin indiyə qədər etdiklərinin bumeranq kimi özünə qayıtmasıdır. Onun başqalarına etdiklərinin geri dönüşüdür. Çünki ölkədə bu qədər məddahlar və ləyaqətsizlər ordusunun yaranmasının baş memarlarından biri də Ramiz Mehdiyevdir. Ramiz Mehdiyev bütün bu illər ərzində ağıllı, vətənini, millətini, dövlətini sevən, mənəviyyatı olan çoxlu sayda insanı ləkələyib sıradan çıxardıqda, məddahları tərəfindən onlara təhqirlər və söyüşlər yağdırdıqda bir gün yetişdirdiyi həmin o insanların öz üzünə dayanclarını da bilməli idi.
-Sizcə, Ramiz Mehdiyevin kürəkəni, keçmiş millət vəkili İlham Əliyevə və qudasına verilən cəza toy mərasimi təşkilinə görə verilən cəzaya adekvat idimi?
-Cəza təkcə toy mərasiminin təşkilinə görə deyil, Ramiz Mehdiyevin hərkətlərinə görə verilən cəzadır və ən yüngül cəzadır. Prezident Adminstrasiyasının rəhbəri postundan faktiki olaraq uzaqlaşdırıldıqdan sonra da dinc dayana bilməyən, nazirləri, ayrı-ayrı komitə rəhbərlərini Akademiyanın Rəyasət Heyətinin yığıncaqlarına çağıraraq hesabat tələb edən baş akademik heç bir halda əlində olan rıçaqlardan vaz keçmək niyyətində deyildi. Odur ki, verilən cəza ilk olaraq onun özünə həddini bildirmək, ikincisi isə hələ də Mehdiyevə xidmət edən məmur namenklaturasına "ağlınızı başınıza yığın” müsajını vermək üçün idi. Görünən odur ki, mesaj ünvanlara çatıb amma həddini bildirmək baxımından hələ bir sıra işlər görülməlidir.
-Yəni demək istəyirsiniz ki, Ramiz Mehdiyev hələ də baş verənlərdən nəticə çıxarmayıb?
-Nəticə çıxarmasına çıxarıb, amma görünür ki, təslim olmaq istəmir. Onun baş verənlərlə bağlı açıqlaması bu fikrə gəlməyə əsas verir. Hədələyici tonla onu tənqid edənlərə "unutmayın ki, hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək” mesajı verməsi, daha sonra kürəkəninin əli qandallı məhkəmə qarşısına çıxarılmasını ikili standart kimi təqdim etməsi onun baş verənlərə sakit qalmayacağını söyləməyə əsas verir. Lakin bir şeyi unudur. Unudur ki, çevrəsində onu aşkar şəkildə müdafiə edəcək bircə nəfər belə qalmayıb.
-Sizcə, bundan sonra nələr gözlənilir? Ramiz Mehdiyevin də Siyavuş Novruzov kimi tutduğu vəzifədən istefa verməsini gözləmək olarmı?
-Əvvəla, onu qeyd edim ki, Siyavuş Novruzova partiya tərəfindən töhmət elan olunduqdan sonra o istefa verdi və ya istefa verməyə məcbur edildi. YAP-ın niyə təkcə Siyavuş Novruzova töhmət elan etməsi də başa düşülən deyil. Əgər töhmət pandemiya dövründə qərarları pozaraq toyda iştirakla bağlı verilirsə, niyə təkcə Siyavuş Novruzov cəzalanmalıdır? Məgər elə haqqında danışdığımız Ramiz Mehdiyev, Abel Məhərrəmov və toyda iştirak edən digər şəxslər YAP üzvü deyillər? Ramiz Mehdiyevin istefa verəcəynə gəldikdə isə könüllü ya da könülsüz son nəticədə onun Akademiya rəhbərliyindən uzaqlaşdırılacağı gün kimi aydındır. O da aydındır ki, bundan sonra YAP rəhbərliyində də xeyli dəyişikliklər olacaq. Hətta Qurultayın keçirilməsi və köhnə komandanın - hansılar ki əsasən Ramiz Mehdiyevin kadrlarından ibarətdir, tamamilə rəhbər qurumlardan uzaqlaşdırılmasının da şahidi ola bilərik. Təbii ki, bütün bu baş verənlər fonunda Milli Məclisin tərkibində də dəyişikliklərin olması mümkündür. Proporsional seçki sisteminin tətbiqi ilə bağlı referendum keçirib yeni seçkilərə gedilə də bilər, parlamentdə olan Mehdiyev kadrlarına Milli Məclis üzvlüyündən "könüllü” istefa ərizəsi yazdırıb parlamentin tərkibində dəyişikliklərə də gedilə də bilər