Ötən
gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza ölkə
gündəmini dəyişdi. "Fort” markalı mikroavtobusun yol kənarında dayanan yüklü
"Zil” yük avtomobilinə çırpılması nəticəsində 5 nəfərin ölməsi və 20 nəfərin
yaralanması faciəsi geniş müzakirələrə səbəb oldu. Rəsmi məlumatlara görə, hadisə
zamanı avtobusda ümumilikdə 28 nəfər olub və qəzanı törədən 2 sürücü polislər
tərəfindən saxlanılıb.
Baş vermiş bu ağır qəzada həlak olanların ailələrinə dərin hüzünlə başsağlı verən, yaralananlara Allahdan şəfa diləyən AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib: "Bu sıradan bir yol nəqliyyat hadisəsi deyil və buna da adı qəza kimi baxmaq olmaz. Hakimiyyət bir sıra suallara aydınlıq gətirib cəmiyyətə izahat verməlidir ki, necə olur 16 nəfər üçün nəzərdə tutulmuş "Ford Transit” markalı mikroavtobusda Səhiyyə Nazirliyinin açıqlamasına görə, hadisə zamanı 28 sərnişin çıxır? Yaxud nasaz, təyinatına və konstruksiyasına uyğun olmayan nəqliyyat vasitəsi ilə rahat şəkildə illərlədir ki, qanunsuz sərnişin daşınır? Ümumiyyətlə, sərnişin daşımalarını həyata keçirən və buna nəzarət edənlər bütün bu rəzaləti nədən gözrməzdən gəliblər? İndi adət etdikləri kimi hamı yaxasını kənara çəkməyə çalışır. Əlaqədar qurumların hamısı güya xəbərsiz-ətərsiz olublar. Bu qəzda Dövlət Yol Polisinin də məsuliyyət payı var. Onlar yollarda hərəkəti nizamlaya, nəqliyyatın hərəkətinə nəzarət edə bilmirlər. Avtomobillərin texniki baxışdan keçirilməsində ciddi qüsurlar və rüşvət halları var. İndi iki sürücünü həbs etməklə vəzifələrini bitmiş hesab edirlər. Bu özbaşınalıqlar ölkə boyu yayılıb. Hesab edirik ki, baş vermiş bu ağır qəzanın məsuliyyəti təkcə hadisəyə səbəb olan sürücülərin deyil, eyni zamanda buna məsul olan əlaqdar dövlət qurumalrının, xüsusən də, Yüksək Texnalogiyalar, Rabitə və Nəqliyyat Nazirliyinin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) və Dövlət Yol Polisinin də üzərinə düşür.
AMİP yetkilisi onu da vurğulayıb ki, "Nə qədər ki, təqsirkarlar qanun qarşısında sərt cəzalandırılmayıblar və məsuliyyətə cəlb olunmayıblar, cavabdeh qurumlarda səhlənkarlıq və tamahkarlıq baş alıb gedəcək, bu cür ağır qəzalardan qurtulmaq mümkün olmayacaq. Qəzada həlak olanlar və ağır yaralananlar təkcə sürücünün güdazına getməyiblər, eyni zamanda korrupsiyanın, özbaşınalıqların və bu kimi neqtiv halların qurbanlarıdır Bu qəza yox, terrordur.”