Bütün siyasi qüvvələrə tövsiyə edərdim ki...

“Mənim də Ukraynada qohumlarım  var... - Bütün siyasi qüvvələrə tövsiyə edərdim ki...”
“...Bununla da bizi ikinci Qarabağ savaşında da müdafiə edən Ukrayna xalqı Azərbaycan xalqının dəstəyini daha açıq və aydın  şəkildə hiss edə bilsin...”
 
“Hazırda Ukraynada, paytaxt Kiyevdə mənim də qohumlarım  var. Hamı kimi onlar da təhlükə qarşısındadırlar... Onu deyim ki, AMİP fəallarının da Ukraynadakı aparıcı siyasi partiyaların fəalları ilə əlaqələri var. Mütəmadi olaraq durum haqqında informasiya ala bilirlər”. 
 
Bunu Azərbaycanın milli azadlıq hərəkatının parlaq simalarından  biri, AMİP lideri  Etibar Məmmədov Moderator.az əməkdaşının “Şəxsən bir siyasi lider olaraq özünüzün və ya AMİP fəallarının Ukraynadakı ictimai-siyasi fəallarla əlaqəniz varmı?” sualını cavablandırarkən söyləyib.
 
Həmsöhbətimiz banisi və lideri olduğu partiyanın Rusiya-Ukrayna savaşı ilə bağlı mövqeyinə də toxunub.
 
“Bildiyiniz kimi, fevralın 25-də Azərbaycandakı siyasi partiyalardan ilk olaraq Milli İstiqlal Partiyası Moderator.az saytında da təqdim olunmuş bəyanatında Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı  öz mövqeyini bildirib.  Və həmin bəyanatda AMİP Rusiya işğalını qınayıb. 
Azərbaycandakı digər siyasi qüvvələrə də tövsiyə edərdim ki, dost Ukrayna ölkəsinə təcavüzlə bağlı öz mövqelərini bildirsinlər. Və bununla da bizi ikinci Qarabağ savaşında da müdafiə edən Ukrayna xalqı Azərbaycan xalqının dəstəyini daha açıq və aydın  şəkildə hiss edə bilsin”- deyə istiqlalçı deputat vurğulayıb. /moderator.az/

 

Millət