Azərbaycanda koronavirusa yoluxma sürətlə artır və bu gün ölkə üzrə daha 105 yeni yoluxma faktının təsdiqləndiyi açıqlanıb. Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə bildirilib ki, tətbiq edilmiş karantin tədbirlərinə əməl edilməsə virusun daha sürətlə yayılması qaçılmaz olacaq, ona görə də əhali karantin rejiminə riayət etməlidir.
Lakin əvvəlki günlərdə olduğu kimi bu gün də yeni yoluxma hallarının hansı rayon və şəhərlərdə qeydə alındığı açıqlanmayıb. İndiyədək Operativ Qərargah cəmi bir dəfə-bir neçə gün əvvəl virusun yayılma coğrafiyasını ictimailəşdirib və məlum olub ki, ölkənin əksər şəhər və rayonlarında yoluxma halları var.
Qeyd edək ki, əksər ölkələr virusun yayılma coğrafiyasını, yoluxma hallarının sayını bölgələr üzrə açıqlayır, interaktiv xəritələr təqdim edilir. Azərbaycanda isə bu məlumatın qapalı saxlanılması müşahidələrə görə, insanların karantin rejiminə əməl etməməsinin başlıca səbəblərindən biri ola bilər. Belə ki, hələ də virusun haradasa ondan çox uzaqlarda dolaşdığını düşünüb sosial məsafə və karantin rejimi tələbələrinə laqyed yanaşanlar var. Hərçənd ola bilsin ki, virus bu cür məsuliyyətsiz adamların elə lap həndəvərindədir. Yoluxanlar onunla bir binada, məhəllədə yaşayır.
TƏBİB-in ("Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) İdarə Heyətinin sədri Ramin Bayramlı bu günkü brifinqdə virtualaz.org-un bu nüansla bağlı sualını cavablandırıb. R.Bayramlı bildirib ki, hazırda Naxçıvan da daxil olmaqla Azərbaycanın bütün şəhər və rayonlarında koronavirusa yoluxma faktı qeydə alınıb. Amma rayonlar və kəndlər üzrə ayrıca statistikanın açıqlanmasına ehtiyac yoxdur.
Bayramlının sözlərinə görə, İtaliya təcrübəsi də göstərib ki, virusun hansı bölgədə olduğunu açıqlamaq yanlışdır. Əhali karantin rejiminə baxmayaraq virusun qeydə alınmadığı kəndlərə axın edə bilər. Yəni miqrasiya məsələsinə görə buna ehtiyac duyulmur. (Əgər ölkədə sərt karantin rejimi tətbiq edilibsə əhali necə kütləvi bir rayondan digərinə axın edə bilər, TƏBİB rəhbəri bunu əsaslandırmayıb,-red.)
"Bakı da daxil olmaqla ucqar kəndə qədər virus qeydə alınıb. Virusun yayılma coğrafiyasının açıqlanmamasının başqa səbəbi yoxdur. Hazırki vəziyyətdə əhalinin ən böyük məsuliyyəti evdə qalmaqdır. Bu gün Bakı şəhəri ən çox yoluxan yerdir. Bunu açıqlayırıq, amma yenə də məsuliyyətsiz davrananlar var”,- Bayramlı deyib.
Onun sözlərinə görə, 751 aktiv xəstə var. Martın 27-dən "Yeni klinika”ya yeni tip koronavirusa yoluxan ağır xəstələrin yerləşdirilməsinə başlanılıb. Hazırda ölkə üzrə koronavirusa yoluxan aktiv xəstələrdən 37-nin durumu ağırdır. Həmin xəstələrin 20-dən çoxu "Yeni klinika”da müalicə alır.
Qeyd edək ki, aprelin 3-də açıqlanan məlumata görə, infeksiya daşıyıcılarının 40,2 faizi Bakıda qeydə alınıb. Cəmi 5 gün ərzində virus bütün bölgələrə yayılıb.Virtualaz.org