Düşünürəm ki, müşahidə etmək daha yaxşıdır

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov son vaxtlar görünmür.

Modern.az saytı Etibar Məmmədovla əlaqə saxlayaraq, yeni ildəki planları barədə soruşub. O, AMİP barədə danışmaq istəməyib.

"Əvvəla, partiyanın işlərinə baxan vəzifəli şəxslər var. Onlar partiyadakı yeniliklərdən danışsa, daha yaxşı olar”.

2018-ci ilin seçki ili olduğunu nəzərə alan əməkdaşımız Etibar Məmmədovdan növbəti prezident seçkilərində hansı mövqedə olacağını xəbər alıb.


"2018-ci ildə keçiriləcək prezident seçkilərinə qatılmaq fikrim yoxdur. Düşünürəm ki, müşahidə etmək daha yaxşıdır”.

Etibar Məmmədov şəxsi tikinti biznesinin olması barədə deyilənlərə münasibət bildirib və beynəlxalq təşkilatdakı işi barədə sualı da cavablandırıb.

"Biznes sözünün tərcüməsi iş deməkdir. Deməli, insanların hamısı bir işlə məşğul olmalıdır. Rəsmi işim, vəzifəm yoxdur. Amma özümü işsiz də qoymuram.

 Beynəlxalq fəaliyyətə gəlincə, Beynəlxalq Demokratlar İttifaqının sədr müaviniyəm. Ara-sıra tədbirlərə qatılıb iştirak edirəm. Güman ki, yeni ildə ittifaqın toplantısı keçiriləcək. Hələ ki, yeri və vaxtı bəlli deyil”.