Etibar Məmmədov tanınmış şair-publisist Bilman Qüdrəti təbrik etdi

Tanınmış şair-publisist Bilman Qüdrətin bu gün 65 illik yubileyidir. Yubiley münasibəti ilə AMİP Lideri Etibar Məmmədov Bilman bəyi təbrik edib.  "Millət"ə daxil olan həm təbrikdə deyilir:

"Hörmətli, Bilman bəy!

Sizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayıram.

Siz, cağdaş Azərbaycan ədəbiyyatına və publisistikasına yeni çalarlar gətirərək böyük bir yaradıcılıq yolu keçmisiniz. Sizin əsərlərinizdə həm doğma Vətənmizin tərənnümü, mübarizliyə səsləniş, ülvi və saf hisslər, həm də incə bir nisgil, torpaq həsrəti var. Bu vəhdət, yurd-yuvaya, el-obaya bağlılıq, millət və xalq sevgisi, işıqlı gələcəyə inam Sizin çoxşaxəli bədii və publisistik yaradıcılığınızın ana xəttini təşkil edir. Gərgin zəhmətinizin və parlaq istedadınızın bəhrəsi olaraq müəllifi olduğunuz kitablarsevilə-sevilə oxunmaqdadır. Şerləriniz dillərdə əzbər olub, əsərlərinizə mahnılar bəstələnib. Siz ümumi Türk toplumu üçün yazan-yaradan, Turan yolculuğu edən ədiblərmizdənsiniz.

"Ağrıdağ ağrısı", "Sinəmin çarpaz dağı", " Qızlar eşqə düşəndə", "Ömürdən düşən illər" , "Ömrün əlli birinci baharı” adlı nəşr olunan kitablarınızdakı odlu vətənpərvərlik duyğusu və ilahi sevgi ilə tamamlanmış silsilə şeirləriniz, "İtirilmiş yurd yeri Şidli kəndi” adlı ensklopedik əsəriniz Sizə böyük şöhrət qazandırıb.

Sizin ictimai-siyasi fəaliyyətiniz və tutduğunuz fəal vətəndaş mövqeyiniz təqdirəlayiqdir. Hələ ötən əsrin səksəninci illərinin sonlarında vüsət alan Milli Azadlıq Hərəkatında ön sıralarda olmusunuz. Uzun illər Azərbaycan Milli İstiqlal Partiyasının sıralarında dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində, sivil dəyərlərin intişar tapmasında, milli maraqların müdafiəsində on minlərlə silahdaşlarımızla hər zaman bir yerdə, çiyin-çiyinə olmusunuz. Sizə partiyada etimad göstərilərək yüksək seçkili qrumlarında təmsil olunmusunuz.

Bu gün də Vətəninə, Xalqına və Dövlətinə yorulmadan, şərəflə xidmət göstərirsiniz. Arzu edirəm ki, tezliklə həsrətində olduğunuz itirilmiş doğma torpaqlarımıza qayıtmaq, Bütöv və Çiçəklənən Azərbaycanımızı görmək Sizə də qismət olsun.

Vedibasarın və digər Qədim Oğuz Yurdunun qisasının alındığı günün şahidi olasınız. Sizi bir daha təbrik edir, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Hörmətlə,
 

Etibar Məmmədov

AMİP Lideri

15 fevral 2022-ci il, Bakı şəhəri

Millət