Güclü Azərbaycan İran üçün də  faydalıdır

"Bu yay Bakı ilə İrəvan arasında sülh müqaviləsi layihəsinin imzalanmasından sonra ABŞ-ın Cənubi Qafqazda ciddi iştirakı İran üçün ciddi nəticələrə səbəb olur və bu günə qədər buna kifayət qədər diqqət yetirilməyib”.

Bu fikirlər iranlı ekspert Ehsan Movahdianın “Mehr” Agentliyində dərc etdiyi məqaləsindəndir.
Bu təlxək ekspert qeyd edib ki, ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsi və 907 saylı qətnamənin tamamilə ləğvi xüsusilə də İran üçün təkcə regionda ikitərəfli inkişaf deyil, əksinə Cənubi Qafqazda və İranın şimal bölgələrində geosiyasi yenidənqurmanın əlamətidir.

Movahdian daha sonra bildirib ki, 907 saylı qətnamənin icrasının dayandırılması təlimlərin genişləndirilməsinə, müxtəlif hərbi və casusluq avadanlıqlarının göndərilməsinə və ABŞ-Azərbaycan kəşfiyyat əməkdaşlığına və üçtərəfli ABŞ-Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsinə səbəb olub.

Görəsən bədnam aktın dayandırılması, gələcəkdə isə ləğvi İranı niyə vəlvələyə salır?

Politoloq Əli Orucov Musavat.com-a söylədi ki, İran rejimi regionda sülhün və təhlükəsizliyin əldə olunmasına, kommunikasiya-nəqliyyat xətlərinin açılmasına, inteqrasiyanın yaranmasına narahatlığının səbəbi onun yanlış siyasətinin təzahüridir: "Rejim düşünür ki, əgər Cənubi Qafqazda normal mühit olsa, əlaqələr bərpa edilsə oyundankənar qalacaq və təsiri sıfıra enəcək. Çünki Moskva kimi Tehranda regional münaqişələrdən yararlanaraq mövcudluğunu saxlaya bilib. 44 günlük müharibədən sonra yeni reallıqlar yaranıb, dünya sürətlə dəyişir və bu çeviklik, rassionallıq tələb edir. İran isə hələ də ənənəvi siyasətini dəyişməz davam etdirməyə çalışır ki, belə yanaşma da özü-özlüyündə təcridə gətirib çıxarıb. Qəribədir ki, İran analitikləri, siyasi çevrələri Qərbin və Birləşmiş Ştatların Ermənistanla iş birliyinə susurlar, ancaq Azərbaycanın suveren dövlət olaraq maraqlarını müdafiəsinə hesablanan addımlarından təşvişə düşürlər. Ermənistanla ABŞ strateji müttəfiqlik haqqında sənəd imzalayıb. Avropa İttifaqı ilə Ermənistan arasında buna oxşar razılaşmalar var. İrəvan rəsmi olaraq Avroatlantika kursu götürüb. İranla sərhəddə Avropa İttifaqının casus şəbəkəsi müşahidəçi pərdəsi altında leqal fəaliyyət göstərməkdədir. Tehran bunlara qarşı ortaya mövqe qoymayıb. 907-ci düzəliş tam ədalətsizdir və ümumiyyətlə belə bir akt qəbul edilməməliydi. O vaxt xarici diplomatiyanın səriştəsizliyi və erməni lobbisinin fəal iştirakı ilə təəssüf ki belə bir yanlışa yol verilib. İndi Vaşinqton səhvini düzəltməlidir. Düzəldəcək də. Əvvəlki prezidentlərdən fərqli olaraq prezident Donald Tramp daha praqmatik siyasətçidir və Azərbaycanın regional və beynəlxalq nüfuzunu düzgün qiymətləndirir. İranın buna qarşı çıxması düşmənçilik və qərəzdən irəli gəlir. İkincisi də Tehran ABŞ-Azərbaycan əlaqələrinin inkişaf tempini əngəlləmək qüdrətində deyil. Düşünürəm ki, İran Cənubi Qafqazdakı pozitiv dəyişikliklərdən öz maraqlarını uzlaşdırmağı bacarmalıdır. İranın dərdi Azərbaycanın böyüməsi, güclənməsi, siyasi iqtisadi mərkəzə çevrilməsi və qlobal faktora çevrilməsi istiqamətindəki ardıcıl uğurlarıdır. Tehran rejimi dərk etməlidir ki, güclü Azərbaycan İran üçün də gərəkdir, faydalıdır".