"Azərbaycanın nəzarəti olmayan ərazilərimizdə xarici dövlətlərin layihələr həyata keçirməsinə imkan vermək olmaz".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu Etibar Məmmədov bildirib.
Etibar Məmmədov deyib ki, İranın işğalçı Ermənistana dəstək verməsi indinin məsələsi deyil:
"Bu günlərdə İranın Dağlıq Qarabağa yardım göndərməsi məsələsi ortaya çıxanda skandal yaratdı. İnsanlar düşünürlər ki, İran maşınları Qarabağa hansı yolla gedir və onlara kim icazə verir. Əslində, bu proses ötən əsrin 90-cı illərindən başlayıb. Yadınıza gəlirsə, həmin dövrdə dövlət başçısı olan Heydər Əliyev İrandan gələn nümayəndə heyətini bu məsələyə görə qovmuşdu. Həmin nümayəndə İrandan Azərbaycana o təkliflə gəlmişdilər ki, işğal altında olan ərazilərimizdə su elektrik stansiyası tiksinlər. Ancaq İran nümayəndə heyətinə sərt şəkildə bildirildi ki, həmin ərazilər Azərbaycanın nəzarətində olmadığı üçün buna imkan verilə bilməz. Hətta, Heydər Əliyev həmin nümayəndə heyətini qovmuşdu. Ancaq sonradan İran yenə bu məsələni ortalığa atdı və belə əsaslandırdı ki, sözügedən stansiyanı Azərbaycanın razılığı ilə tikir və sairə. Əgər İranın belə gücü var idisə, o zaman həmin ərazilərin Azərbaycanın nəzarətinə keçməsinə saxlayardı və Azərbaycanla birgə bu işləri görə bilərdi".
E.Məmmədov qeyd edib ki, ümumiyyətlə, bu cür layihələr hələ Sovet İttifaqı dövründən mövcud olub:
"Hətta, o dövrdə bu layihələrə görə "Xudafərin" adlanan ictimai hərəkat yaranmışdı. Bu layihələr on illərdir ki, var. Ancaq bu layihələrin ictimailəşməsinə ehtiyac var. Əgər bu gün ermənilərin nəzarətində olan tarixi ərazilərimizdə İran hansısa iş görürsə, bu, Ermənistanın işğal siyasətinin legitimləşdirilməsi deməkdir. Bu, çox ciddi məsələdir və Azərbaycanın dövlət mənafeylərinə ziddir. Azərbaycan imkan verməməlidir ki, özünün nəzarət edə bilmədiyi ərazilərdə kənar dövlətlər hansısa layihələri həyata keçirsinlər"