Lukaşenko Trampın xüsusi nümayəndəsi ilə görüşəcək

ABŞ nümayəndə heyəti Minskə gəlib, Lukaşenko ilə danışıqlar keçiriləcək

 

Millet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi nümayəndəsi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti Minskə səfər edib.

Bu barədə Belarus Prezidentinin fəaliyyəti ilə bağlı məlumatların yayıldığı “Pul Pervogo” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, Con Kol Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq. Görüşün Müstəqillik Sarayında keçirilməsi planlaşdırılır.

Danışıqlarda Belarusun Baş naziri Aleksandr Turçinin də iştirak edəcəyi bildirilir.

Qeyd edək ki, ABŞ 2025-ci ildən etibarən Belarusla bağlı bəzi sanksiyaları yumşaltmağa başlayıb. Bunun fonunda Belarus hakimiyyəti məhbusların azad edilməsi istiqamətində addımlar atıb.

Daha əvvəl də ABŞ nümayəndə heyəti Minskə səfər edərək Aleksandr Lukaşenko ilə görüşlər keçirib. Belarus lideri ABŞ ilə münasibətlərin gələcək inkişafı üçün perspektivlərin olduğunu bildirib.